ABŞ-də universitet kampusunda atışma səsləri eşidildi: minlərlə tələbə təxliyə olundu

12 Sentyabr, 2025 - 10:29
12 Sentyabr, 2025 - 10:29
 0  32
ABŞ-də universitet kampusunda atışma səsləri eşidildi: minlərlə tələbə təxliyə olundu
ABŞ-də universitet kampusunda atışma səsləri eşidildi: minlərlə tələbə təxliyə olundu

ABŞ-nin Massaçusets ştatında yerləşən Boston Massaçusets Universitetinin (UMass Boston) Dorşester bölgəsindəki kampusunda yataqxana binası yaxınlığında atəş səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb. 

“Azərbaycan müəllimi” xarici mediaya istinadən xəbər verir ki, hadisə səbəbindən tələbələr təxliyə edilib, ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Boston polisi açıqlamasında bildirib ki, yataqxana binasının yaxınlığında atəş səslərinin eşidildiyi barədə siqnal aldıqdan sonra universitet ərazisinə çoxsaylı polis əməkdaşları cəlb olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşlarının tələbələri əlləri havada binadan uzaqlaşdırdığı əks olunub.

Universitet rəhbərliyi açıqlama yayaraq Dorşester kampusunda polis əməliyyatının davam etdiyini, əlavə məlumatın isə sonradan veriləcəyini bildirib. Təxminən 15 min tələbəsi olan universitetdə baş verən insident zamanı hər hansı xəsarət alanın olub-olmadığı barədə məlumat yoxdur.

Hadisədən təxminən bir saat sonra universitet rəhbərliyi və Massaçusets polisi təhlükənin olmadığı barədə rəsmi açıqlama yayıb. Nəticədə kampusda dərslər və tədbirlər həmin gün üçün ləğv edilib.

Bununla yanaşı, ABŞ-nin müxtəlif ştatlarında yerləşən bir sıra tarixi universitetlərdə – Virciniya Dövlət, Hampton, Cənub, Bethune-Cookman, Klark Atlanta və Alabama Dövlət universitetlərində eyni gün potensial təhlükə siqnalları səbəbindən dərslər dayandırılıb. Bəzi kampuslarda təhlükəsizlik tədbirləri ertəsi gün də davam edəcək.

UMass Boston universiteti Harvard, Boston universitetləri və MIT-ə yaxın ərazidə yerləşir. Bu ali təhsil müəssisələrində isə hər hansı təhlükə barədə xəbərdarlıq edilməyib.