Abşeronda regional təhsil konfransı keçirilib
Fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib.
“Şəhərsalma və Memarlıq İli”nə həsr edilən konfrans “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzularını əhatə edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə reallaşıb.
300 nəfər təhsil işçisinin toplaşdığı konfransda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri, müəllimlər və psixoloqlar iştirak ediblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva konfans iştirakçılarını salamlayaraq regionda təhsil sahəsində əldə olunan uğurlu nəticələr haqqında məlumat verib. O qeyd edib ki, təhsil sadəcə bilik ötürmək deyil, şəxsiyyət formalaşdırmaq, vətəndaş yetişdirmək və rəqabətqabiliyyətli insan kapitalı yaratmaq missiyasını daşıyır. İdarə müdiri tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi yetişməsi, idarəetmədə şəffaflıq və obyektivliyin təmin edilməsinin əsas prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov milli inkişafda təhsilin müstəsna rolunu dilə gətirərək belə mötəbər tədbirin ölkənin ikinci böyük sənaye şəhəri, eyni zamanda elm, təhsil və mədəniyyət mərkəzlərindən olan Sumqayıtda keçirilməsindən məmnun olduğunu söyləyib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Prezident İlham Əliyevin birbaşa dəstəyi, diqqət və qayğısı, həyata keçirilən dövlət strategiyaları, o cümlədən dövlət proqramları nəticəsində ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsindən və bu islahat tədbirlərinin təhsil sahəsini də əhatə etməsindən bəhs edib.
Nazir müavini qeyd edib ki, son 20 il ərzində 3600-dən çox məktəb Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə, eləcə də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun səyləri nəticəsində ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
"Bu, bizim bütün məktəb bazamızın təxminən 90 faizini təşkil edir. Görülən bu işlərin nəticəsində 1,3 milyon şagirdimizin təlim və təhsil şəraiti yaxşılaşdırılıb. Lakin problemlərimiz qalıb. 2020-ci ildə bizim 900-ə yaxın şəraitsiz məktəbimiz var idisə, bu gün bu say təxminən 400-dür. Mən düşünürəm ki, növbəti illərdə bu təməl problemlərimizi həll edə biləcəyik", - Kənan Kərimzadə deyib.
Elm və təhsil nazirinin müavini bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 20-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 4000-ə yaxın şagird təhsil alır: "Düşünürəm ki, bu, çox böyük imkandır. Gələcək illərdə də biz məhz dayanıqlı məskunlaşma məsələsini inkişaf etdirmək üçün yeni təhsil müəssisələrinin istifadəyə verilməsini təmin edəcəyik. Son illərdə ölkədə təhsilinin əlçatanlığın artırılması istiqamətində xeyli işlər görülüb. Bizim 80 faizə yaxın şagirdimiz artıq yüksək sürətli fiber-optik internetlə təmin olunub. 2020-ci ildə ölkə məktəblərində 36 şagirdə bir kompüter düşürdüsə, bu gün 7 şagirdə bir kompüter düşür. Məhz süni intellektin, yeni texnologiyaların tətbiqi rəqəmsal infrastruktur quruculuğu tələb edir. Müəllimlərin peşəkar inkişafı, təlimi istiqamətində müasir metodik xidmət artıq ölkədə 400-dən çox məktəbi əhatə edir. Yeni məzmunun tətbiqi sahəsində ölkədə 500 mindən çox STEAM layihəsi 300 minə yaxın şagirdi, "Rəqəmsal bacarıqlar" platforması təxminən 500 mindən çox şagirdi əhatə edir".
Kənan Kərimzadə qeyd edib ki, Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub: "Hesab edirəm ki, bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur. Mənə görə, müəllimlər ən böyük memarlar, mühəndislər, qurucular, insan formalaşdıran, ənənələri özündən sonrakı müəllimlərə və nəsillərə ötürən şəxslərdir".
Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxerin konfrans iştirakçılarına videomüraciəti səsləndirilib. O deyib: "Davamlı inkişaf məqsədlərinin nə dərəcədə reallaşacağı bu gün sizin sinif otaqlarında baş verənlərdən asılıdır. Gələcəyin açarı hər zaman müəllimlərin əlindədir. Sizin bugünkü sinif otaqlarınız Azərbaycan iqtisadiyyatının, cəmiyyətinin gələcəyidir".
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına diqqət çəkib, milli-mənəvi dəyərlərə və qlobal çağırışlara cavab verən müasir mədəniyyət modelinin formalaşması məsələsinə toxunub. Millət vəkili yeni çağırışlar dövründə yeni istiqamətlərin açılmasının maraq doğurduğunu, Azərbaycan dilinin inkişafı istiqamətində, ünsiyyət, davranış mədəniyyətinin formalaşdırılmasında əsas vəzifələrin təhsil sisteminin üzərinə düşdüyünü vurğulayıb.
Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva və Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsil siyasəti və təhlili üzrə magistr təhsili alan Lalə Əliyevanın çıxışları ilə davam edib.
Konfrans çərçivəsində T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri, təhsilin idarə olunması üzrə doktorant Cəfər Mənsiminin moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Nazir müavini Kənan Kərimzadə iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, konfrans “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsi”nə və “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasına əsaslanıb.
Konfransın keçirilməsində əsas məqsəd qabaqcıl müəllimlərin və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək və təşviq etmək, səmərəli əməkdaşlığa təkan vermək və regional diskussiya platforması yaratmaqdır.



