ADA-da mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya mövzusunda sessiya keçirilib
Oktyabrın 28-də ADA Universitetində Mədəniyyətlərarası Dialoq üzrə 7-ci Ümumdünya Forumu çərçivəsində UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunun “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı sessiyası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, sessiyada qarşılıqlı anlaşmanın və sosial etimadın gücləndirilməsində təhsilin rolu, rəqəmsal texnologiyaların mədəniyyətlərarası ünsiyyətə təsiri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ksenofobiya, münaqişə və müharibələrin qarşısının alınmasında mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. O, təhsilin insanların fərqli mövqeləri anlamasına, qarşılıqlı razılığa gəlməsinə və yanlış məlumatların təsirindən qorunmasına kömək etdiyini vurğulayıb. Gələcək nəsillərdə qarşılıqlı anlaşma və sülh mədəniyyətinin formalaşdırılması üçün uşaqların təhsil və tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Avstraliyanın Dikin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansouri ekstremizm, irqçilik və ayrı-seçkilik kimi çağırışların həllində təhsilin rolundan danışıb. O, tədrisin məzmununun, pedaqoji yanaşmaların və müəllim hazırlığının mədəni müxtəlifliyin artdığı dünyanın tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Süni intellekt və rəqəmsal transformasiyanın imkanları nəzərə alınmaqla təhsillə cəmiyyətin ehtiyacları arasında əlaqənin gücləndirilməsinin, gənclərin qarşılıqlı anlaşmaya əsaslanan mühitə hazırlanmasının vacibliyini bildirib.
Sessiyanın birinci hissəsində təhsil, elm və mədəniyyətin dialoqun inkişafında roluna dair məruzələr dinlənilib.
“Mədəniyyətlərarası ünsiyyət təhsilin inkişaf faktorlarından biri kimi” mövzusunda çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla multikulturalizmin xalqımızın tarixində, mədəniyyətində və ədəbiyyatında dərin köklərə malik olduğunu bildirib. O, fərqli mədəniyyətlərə hörmət və onların qəbul edilməsi ənənəsinin multikulturalizmin mahiyyətini təşkil etdiyini vurğulayıb. Azərbaycanın multikulturalizm modelinin müxtəlif xalqlar, gənclər və elm adamları arasında əlaqələrin inkişafına xidmət etdiyini qeyd edib.
Fransanın Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roje Kude “Yaddaş, mədəniyyətlər və mədəniyyətlərarası əlaqələr” mövzusunda məruzəsində mədəni müxtəlifliyə hörmətin beynəlxalq sülh və təhlükəsizliyin mühüm təminatlarından olduğunu bildirib. O, mədəniyyətlərarası dialoqun insan hüquqlarının təşviqinə, xalqların və cəmiyyətlərin yaxınlaşmasına xidmət etdiyini vurğulayıb. Dialoqun sülhə və sabitliyə real töhfə verməsi üçün praktik imkanların müəyyənləşdirilməsinin, bütün mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə “Milli mədəniyyətdən qlobal sinerjiyə: mədəniyyətlərarası dialoqun yeni paradiqmaları” mövzusunda çıxış edib. O, rəqəmsal arxivlərin musiqi irsinin sənədləşdirilməsi, tədqiqi və beynəlxalq səviyyədə tanıdılması üçün yeni imkanlar yaratdığını bildirib. Bu prosesin elmi araşdırmalarla müşayiət olunmasının və milli musiqi ənənələrinin özünəməxsusluğunun qorunmasının vacibliyini vurğulayıb. Beynəlxalq elmi əməkdaşlığın və birgə yaradıcılıq layihələrinin ali musiqi təhsilinin ayrılmaz hissəsinə çevrilməsinin əhəmiyyətini qeyd edib.
Sessiyanın ikinci hissəsində təhsil standartları, rəqəmsal vətəndaşlıq, süni intellekt və incəsənət təhsili ilə bağlı məsələlər müzakirə olunub.
Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev ümumi təhsilin dövlət standartlarının yenilənməsi, dialoq və rəqəmsal vətəndaşlıq kompetensiyaları mövzusunda çıxış edib. O, hazırlanması başa çatmaq üzrə olan yeni standartlarda müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin nəzərdə tutulduğunu bildirib. Mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq səriştələrinin tədrisdə tətbiqi, eləcə də qiymətləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. İnstitutun bu istiqamətdə beynəlxalq əməkdaşlığa və birgə tədqiqatlara hazır olduğunu qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli “Süni intellekt dövründə mədəni suverenlik: Gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?” mövzusunda çıxışında süni intellektin gələcək nəsillərin düşüncə tərzinə və mədəni dəyərlərinə təsirindən danışıb. O, modellərin müxtəlif dillərdə təqdim etdiyi cavabların milli-mədəni dəyərlərə uyğunluğunun müqayisəli təhlili üçün mütəxəssislərin iştirakı ilə qiymətləndirmə mexanizminin yaradıla biləcəyini bildirib. Əsas məqsədin gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək və məlumatları qiymətləndirmək bacarıqlarını qorumasına şərait yaratmaq olduğunu vurğulayıb.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov “İncəsənət təhsili rəqəmsal dövrdə: Yaradıcılığın inkişafı və mədəniyyətlərin yaxınlaşdırılması” mövzusunda çıxış edib. O, incəsənət təhsilinin uşaqların özünüifadə, ünsiyyət və sosial-mədəni həyata inteqrasiya imkanlarının genişləndirilməsində rolunu qeyd edib. Rəqəmsal texnologiyaların müxtəlif bölgələrdə yaşayan şagirdlərin ustad dərslərinə və beynəlxalq yaradıcılıq layihələrinə qoşulmasına imkan yaratdığını bildirib. Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin müxtəlif təhsil modellərinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Müzakirələrdə təhsildə mədəni müxtəlifliyin nəzərə alınmasının, rəqəmsal bacarıqların inkişaf etdirilməsinin və milli-mədəni irsin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bu istiqamətlər üzrə beynəlxalq təcrübə mübadiləsinin və birgə tədqiqatların genişləndirilməsinə dair fikirlər səsləndirilib.




