ADNSU-da Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli şair, Xalq yazıçısı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Hər misrada bir ömür” adlı tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək görkəmli şairin 100 illiyi ilə bağlı universitetdə artıq ikinci dəfə belə bir tədbirin keçirildiyini deyib. O, Bəxtiyar Vahabzadənin yaradıcılığının Azərbaycan ədəbiyyatında əvəzsiz yerindən söz açaraq şairin irsinin anılmasının onun xalqımıza verdiyi dəyərlərin bir daha xatırlanması baxımından önəmli olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Elbrus Kəlbiyev və “Kitabçılar” Birliyinin rəhbəri Esmira Abdullayeva çıxışlarında şairin zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərin təbliğində rolu və ədəbi irsinin bu günün gəncləri üçün əhəmiyyəti barədə fikirlərini səsləndiriblər.
Tədbir universitet tələbələrinin ədəbi-bədii çıxışları ilə davam edib və Bəxtiyar Vahabzadənin zəngin irsinə bir daha işıq salınıb.



