ADNSU-da “Layihələrin idarə olunması” üzrə təlim proqramı yekunlaşıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın və universitetin Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə əməkdaşlar üçün keçirilən “Layihələrin idarə olunması” üzrə təlim proqramı uğurla yekunlaşıb.
ADNSU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, 2 həftə davam edən və 8 təlim sessiyasından ibarət proqram çərçivəsində iştirakçılara layihə idarəçiliyinin əsas istiqamətləri, işlər həcminin və qrafikin idarə edilməsi, layihə xərcləri, resurslar və müqavilələrlə iş, risk və keyfiyyətin idarə olunması, eləcə də layihə rəhbərinin və komandanın rolu barədə ətraflı biliklər təqdim olunub. Təlimlər zamanı müasir idarəetmə yanaşmaları da müzakirə edilib.
Təlimi layihə idarəçiliyi sahəsində 10 ildən artıq təcrübəyə malik, "SOCAR Downstream Management" strukturu çərçivəsində Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və modernizasiya layihəsində Baş layihə mühəndisi Teymur Rəhimov aparıb.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, sessiyalar zamanı fəal müzakirələr və praktiki yanaşmalar ön plana çıxıb. Proqramı uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.


