ADNSU-da “Nitq mədəniyyəti və diksiya” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində növbəti təlim baş tutub.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu dəfə layihənin qonaq təlimçisi teleaparıcı Vüsalə Səid olub.
Təlim “Nitq mədəniyyəti və diksiya” mövzusuna həsr olunub. Vüsalə Səid çıxışı zamanı düzgün nitqin formalaşdırılması, səslərin aydın tələffüzü, vurğu və intonasiya, eləcə də diksiya üzərində işləməyin televiziyada və ümumilikdə kütlə qarşısında çıxış edən şəxslər üçün əhəmiyyəti barədə ətraflı məlumat verib.
Teleaparıcı efir təcrübəsinə əsaslanaraq kamera qarşısında danışıq mədəniyyəti, səsin idarə olunması, sözlərin düzgün artikulyasiyası və tamaşaçı ilə səmimi ünsiyyətin qurulması yolları barədə praktiki tövsiyələr təqdim edib. Təlim zamanı düzgün və səhv tələffüz nümunələri üzərində müqayisələr aparılıb, nitqin təsir gücünü artıran texnikalar izah olunub.
Sessiya interaktiv şəkildə keçib. Tələbələr diksiya və artikulyasiya üzrə məşqlər yerinə yetiriblər, qısa mətnləri yüksək səslə oxuyaraq səs tonu, vurğu və ritm üzərində çalışmalar aparıblar. Vüsalə Səid hər bir iştirakçıya fərdi rəy verərək nitqin aydınlığı və ifadəliliyi ilə bağlı tövsiyələrini bölüşüb.
Qeyd edək ki, “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində ADNSU tələbələrinin media və kommunikasiya sahəsində tanınmış mütəxəssislərlə görüşləri ardıcıl şəkildə davam edir. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq, ən yüksək nəticə göstərən üç tələbə isə ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq.



