ADNSU-da Zəfər Gününə həsr olunmuş silsilə görüş və seminarlar keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə fakültələrdə silsilə görüşlər və seminarlar keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirlərdə fakültə dekanları, aidiyyəti fakültələrin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Görüşlərdə əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra əsgər və zabitlərimizin, o cümlədən şəhid və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan, onların torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə əzmindən söz açıblar. Bildirilib ki, rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi.
Seminarlar zamanı Zəfər Gününün milli həmrəylik, birlik və qürur günü olduğu xüsusi vurğulanıb. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi yüksək peşəkarlıq və şücaətin dünya hərb tarixinə yazıldığı qeyd edilib. Eyni zamanda 44 günlük Vətən müharibəsinin gənclərimiz üçün vətənpərvərlik nümunəsi olduğu, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.
ADNSU-da keçirilən silsilə tədbirlərin məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin geniş şəkildə təbliği, gənclərin milli ruhda tərbiyəsi, dövlətçilik ideallarına sədaqət və Vətənə sevgi hissinin gücləndirilməsidir. Tədbirlər çərçivəsində fakültələrdə müzakirələr, təqdimatlar və vətənpərvərlik mövzulu çıxışlar da həyata keçirilib.



