ADNSU nümayəndə heyəti Vyetnam universitetləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti - ADNSU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Həbibə Nəzirova, Reytinq Şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev və mütəxəssis Səbinə Rüstəmova Vyetnamda səfərdə olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində nümayəndələr iki şəhərdə – Ho Şi Min və Hanoyda yerləşən bir sıra nüfuzlu ali təhsil müəssisələrində olublar, işgüzar görüşlər keçiriblər.
Görüşlər zamanı elmi-tədqiqat sahəsində əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, tədqiqat, qitələrarası innovasiya, sənaye və təhsil üzrə birgə proqramların icrası, həmçinin universitetlər arasında akademik əlaqələrin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
Görüşlərdə həmçinin ADNSU-nu bitirən 2420 vyetnamlı tələbə, yeni açılan Ho Şi Min memorial otağı və universitetin infrastrukturu ilə bağlı məlumat verilib.
Eyni zamanda bildirilib ki, Vyetnamda ADNSU-nu bitirən vyetnam məzunları adlı cəmiyyət fəaliyyət göstərir və cəmiyyətin nümayəndələri bir sıra yüksək vəzifələrdə çalışırlar.
Qeyd edək ki, səfərin əsas məqsədi ADNSU-nun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, Asiya regionunda strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və gələcək təhsil-informasiya əməkdaşlığı üçün yeni imkanların araşdırılması eyni zamanda beynəlmilələşmə və tədqiqat siyasətlərinə müvafiq Vyetnam universitetləri ilə tələbə və müəllim mübadiləsini reallaşdırmaq, birgə konfrans və seminarlar təşkil etmək, ikili diplom rəhbərliyi məsələlərini müzakirə etmək olub.



