ADNSU-nun 46 tələbəsi Qazaxıstan və Özbəkistanda təhsil alacaq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlmiləlləşmə strategiyası çərçivəsində 2025/2026-cı tədris ilinin yaz semestrində universitetin 46 tələbəsi akademik mübadilə proqramları çərçivəsində Qazaxıstan və Özbəkistanın nüfuzlu universitetlərində bir semestr təhsil almaq imkanı qazanıblar.
"Azərbaycan müəllimi" xəbər verir ki, mübadilə proqramı çərçivəsində hazırda 29 tələbə Qazaxıstanın Satbayev Universitetində, 14 tələbə Yessenov Universitetində, 3 tələbə isə Daşkənd Dövlət Texniki Universitetində təhsillərini davam etdirir.
Qazaxıstana səfər çərçivəsində Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva tərəfdaş universitetlərdə bir sıra görüşlər keçirib. Qazaxıstanın Satbayev Universitetinin rəhbərliyi ilə baş tutan görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri, tələbə və professor-müəllim heyəti mübadiləsinin genişləndirilməsi, elmi tədqiqatların birgə icrası və ikili diplom imkanları müzakirə olunub.
Satbayev Universiteti tərəfindən ADNSU tələbələr üçün xüsusi qarşılanma mərasimi təşkil edilib, tələbələr universitetin akademik və sosial infrastrukturu ilə yaxından tanış olublar.
Səfər çərçivəsində S.Əliyeva Almatı Menecment Universitetində (AlmaU) də olub və mümkün əməkdaşlıq istiqamətləri üzrə ilkin müzakirələr aparılıb. Görüş zamanı gələcəkdə birgə layihələrin və akademik əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
Bunlarla yanaşı, ADNSU və Satbayev Universitetinin professor-müəllim heyətinin birgə əməkdaşlığı nəticəsində “Metrologiya” adlı elmi kitab nəşr olunub. Sözügedən nəşr iki universitet arasında elmi əlaqələrin dərinləşməsinin və akademik tərəfdaşlığın praktik nəticəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, bu göstəricilər ADNSU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndiyini və tələbələr üçün yaradılan real akademik mobillik imkanlarının artdığını göstərir.



