ADNSU tələbələri beynəlxalq yarışda uğur qazanıblar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət komanda “World Robot Caspian Cup 2026” beynəlxalq robototexnika yarışında uğurla iştirak edərək “Bots Combat – 30 kq” kateqoriyasında II yerə layiq görülüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, “World Robot Caspian Cup” robototexnika, avtomatlaşdırma, süni intellekt və innovativ mühəndislik sahələrini əhatə edən beynəlxalq yarışdır. Müxtəlif ölkələrdən olan komandaların iştirak etdiyi müsabiqədə iştirakçıların texniki bilikləri, mühəndislik bacarıqları və komanda şəklində işləmək qabiliyyəti real şəraitdə qiymətləndirilir. Xüsusilə “Bots Combat” kateqoriyasında komandaların hazırladığı döyüş robotlarının mexaniki konstruksiyası, elektron idarəetmə sistemləri, proqram təminatı və taktiki yanaşmaları xüsusi arenada sınaqdan keçirilir.
ADNSU-nu yarışda tələbələr- Qafarlı Ruslan, Mürşüdlü Vüqar və Əli Əsədov təmsil ediblər. Komanda yüksək nəticə göstərərək universitetə beynəlxalq uğur qazandırıb.




