Qarışıq tədris modeli gündəmdədir, bəzi dərslər onlayn keçirilə bilər - Prorektor
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) növbəti illərdə qarışıq tədris modellərinin tətbiqi müzakirə olunur.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında ADPU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib. O bildirib ki, ixtisas fənlərinin spesifikliyi nəzərə alınmaqla əyani və məsafədən olmaqla qarışıq tədris modelinin tətbiqi nəzərdən keçirilir:
“Tələbələr hər gün dərsə gəlməsi, bütün dərslərin və ya mövzuların əyani tədrisi indiki şəraitdə artıq şərt olmamalıdır. Elə fənlər var ki, ixtisasın xüsusiyyətinə görə mühazirə dərsi məsafədən həyata keçirilə bilər”.
Eldar Aslanov bildirib ki, burada bir çox məqsədlər var:
“Hesab edirik ki, tələbələri auditoriyada müəllim qarşısında otuzdurub mühazirə dinlətmək heç də bütün hallarda ümumi işin xeyrinə deyil. Məqsədimiz tələbələrin öyrənməsidirsə, məzmunu məsafədən təhsilə imkan verən fənlərin və ya bəzi mövzuların tədrisini onlayn həyata keçirə bilərik”.
Prorektor əlavə edib ki, məsafədən təhsil bir sıra əlavə imkanlar da verəcək: “5 regionda filiallarımız, 1 kollecimiz fəaliyyət göstərir. Universitet müəllimlərinin mühazirələrinə filiallarda təhsil alan tələbələrmizin də qoşulmaq imkanı olacaq. Təbii ki, kim hansı dərsə istəsə, qoşula bilməyəcək. Tədris prosesi daxili qaydada tənzimlənəcək”.
Onun fikrincə, bu modellərin tətbiqinin kənar sosial effekti də ola bilər: “Bu, tələbələrin vaxtlarını səmərəli idarə etməsinə, müstəqil öyrənməyə və araşdırmaya vaxtın ayrılmasına, tələbələrin xərclərinin azalmasına imkan verə bilər. Üstəlik, şəhərdə pik saatlara nəqliyyat vasitələrində sərnişin yükünün azalmasına da töhfə verə bilərik”.



