ADPU-da ixtisas portfelinin genişləndirilməsi nəzərdə tutulur
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda universitetin 2027-2028-ci tədris ili üçün tələbə qəbulu planı, 2025-2026-cı tədris ilində həyata keçirilmiş fəaliyyətlərin nəticələri və cari məsələlər müzakirə olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclası giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışına Vətən müharibəsinin ildönümü ilə bağlı fikirlərlə başlayıb.Vətən müharibəsinin xalqımızın birliyini, milli həmrəyliyini və vətənpərvərlik ruhunu nümayiş etdirən tarixi hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı və fədakarlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Rektor gənc nəslin milli-mənəvi dəyərlərə, Vətənə sədaqət və dövlətçilik prinsiplərinə bağlı ruhda yetişdirilməsinin, şəhidlərin xatirəsinin daim yaşadılmasının təhsil müəssisələrinin mühüm vəzifələrindən biri olduğunu diqqətə çatdırıb.
Bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqənin nəticələrinə dair təhlillə çıxış edən rektor bildirilib ki, ölkə üzrə ödənişli əsaslarla qəbul olunmuş 1870 nəfər tələbə əlavə müsabiqədə iştirak edərək dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb. Həmin tələbələrin 270-i ADPU-da, 164-ü isə universitetin filiallarında təhsil alır. Rektor bu prosesi tələbələr üçün yaradılmış əlavə imkan kimi dəyərləndirərək, nəticələrin universitetin müvafiq struktur bölmələri tərəfindən təhlil edilməsinin əhəmiyyətini vurğulayıb.
İclasda ADPU-nun 2027-2028-ci tədris ili üçün tələbə qəbulu planına dair tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun təqdimatı dinlənilib. Təqdimatda əvvəlki illərin qəbul dinamikası, plan yerlərinin dolma səviyyəsi, ixtisaslar və ixtisas qrupları üzrə nəticələr təhlil edilib, növbəti tədris ili üçün qəbul proqnozunun əsas istiqamətləri təqdim olunub. Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə ADPU üzrə nəzərdə tutulan 2570 qəbul yerindən 2439-u dolub. İxtisas qrupları üzrə təhlilə əsasən II, III və V qruplarda qəbul planı tam dolub, I qrup üzrə dolma göstəricisi 97,96 faiz, IV qrup üzrə isə 82,97 faiz olub. Prorektor xüsusilə, kimya müəllimliyi və biologiya müəllimliyi ixtisasları üzrə yerlərin əmək bazarının tələbləri, məktəblərin kadr ehtiyacı və abituriyentlərin seçim meyilləri əsasında müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Təqdimatda ADPU-nun ölkədə pedaqoji kadr hazırlığındakı payına da diqqət çəkilib. Qeyd olunub ki, 2026-2027-ci tədris ilində universitet şəbəkəsinin pedaqoji ixtisaslar üzrə qəbul planı ölkə üzrə müvafiq göstəricinin 35,84 faizini təşkil edib. Bu baxımdan növbəti tədris ili üçün planlaşdırmada müəllim kadrlarına real ehtiyacın, regionların tələbatının və təhsilin keyfiyyətinin əsas meyarlar kimi nəzərə alınması vacib hesab olunur. Son beş ilin nəticələri ADPU-da qəbul həcminin nisbətən sabit qaldığını, filiallarda isə fərqli dinamikanın müşahidə olunduğunu göstərir. Vurğulanıb ki, növbəti dövr üçün əsas vəzifə ümumi qəbul həcminin artırılmasından daha çox, ayrı-ayrı ixtisaslar üzrə plan yerləri ilə real tələbat arasındakı uyğunluğun gücləndirilməsidir.
2027-2028-ci tədris ili üçün təqdim olunan proqnoza əsasən, ixtisas portfelinin genişləndirilərək 35 ixtisas üzrə 3345 qəbul yerinin ayrılması nəzərdə tutulur. Bunun 2820-si pedaqoji, 525-i isə qeyri-pedaqoji ixtisasların payına düşür. Bu göstərici əvvəlki tədris ilinin qəbul planı ilə müqayisədə 775 yer və ya 30,2 faiz artım deməkdir. Qəbul planının hazırlanmasında tələbəsaslı planlaşdırma, əmək bazarının ehtiyaclarının nəzərə alınması, yüksək nəticə göstərən proqramların dəstəklənməsi, qəbul risklərinin idarə olunması və filialların regional missiyasının qorunması əsas prinsiplər kimi müəyyənləşdirilir. Təqdimatın yekununda 3345 yerlik proqnozun baza göstəricisi kimi götürülməsi, pedaqoji və qeyri-pedaqoji ixtisaslar üzrə bölgünün əsaslandırılması, yeni istiqamətlər üzrə qəbul dinamikasının izlənilməsi və qəbul planına uyğun marketinq tədbirlərinin hazırlanması təklif olunub.
Çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 2027-2028-ci tədris ili üzrə magistratura səviyyəsinə tələbə qəbulu planı barədə məlumat verib. Qeyd olunub ki, növbəti tədris ili üçün qəbul planının artırılması nəzərdə tutulur. Təklifin təsdiqlənəcəyi təqdirdə, magistratura səviyyəsi üzrə qəbul planı indiyədək qeydə alınmış ən yüksək göstəriciyə çatacaq. Həmçinin bildirilib ki, ilk dəfə olaraq ADPU-nun filiallarında da magistratura səviyyəsi üzrə qəbul planının müəyyənləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunması nəzərdə tutulur. Bu təşəbbüslə universitetin Quba və Şəki filialları çıxış edib. Prorektor həmçinin “Təhsil menecmenti kafedrasının Əsasnaməsi”nin təsdiqi barədə təkliflə çıxış edib.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli şöbənin 2025-2026-cı tədris ili üzrə illik fəaliyyət hesabatını təqdim edib. Hesabatda il ərzində həyata keçirilən tədbirlər, tələbələrlə işin təşkili, tələbə müraciətlərinin araşdırılması, sorğular, könüllülük fəaliyyəti və dövlət və ictimai qurumlarla əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə universitetin müxtəlif struktur bölmələri tərəfindən keçirilən tədbirlər də daxil olmaqla, ümumilikdə 830 tədbir təşkil olunub ki, bu tədbirlərə ümumilikdə 15 min nəfərdən çox iştirakçı qatılıb. Tələbələrdən daxil olan 198 müraciət qeydiyyata alınıb, onların 188-i tam və ya qismən həll edilib. İllik fəaliyyət planında nəzərdə tutulan 33 iş istiqamətinin tam icra olunduğu, əlavə olaraq 46 plandankənar iş və təşəbbüsün həyata keçirildiyi bildirilib.
Hesabatda tələbə təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, tələbələrin sosial fəallığının və könüllülük təşəbbüslərinin dəstəklənməsi, maarifləndirmə və profilaktik tədbirlərin təşkili, tələbə müraciətlərinin aidiyyəti üzrə yönləndirilməsi və universitet həyatında tələbə iştirakçılığının artırılması əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb.
Turan Kərimli təqdimatında hesabatlılığın təkmilləşdirilməsi, tədbirlərin və iştirakçıların vahid elektron qeydiyyat sisteminin yaradılması, sorğu nəticələrinin idarəetmə qərarlarında istifadəsinin gücləndirilməsi və tələbə müraciətlərinin nəticələrinin izlənilməsi ilə bağlı təklifləri də təqdim edib. Növbəti tədris ili üçün prioritetlər sırasında tələbə klublarının fəaliyyətinin və könüllülük fəaliyyətinin genişləndirilməsi, fakültə və filiallar üzrə müqayisəli təhlillərin aparılması, elmi və intellektual təşəbbüslərin dəstəklənməsi məsələləri yer alır.
Daha sonra növbəti tədris ili üzrə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qəbul planının formalaşdırılması və tələbələrlə işin səmərəliliyinin artırılması baxımından əhəmiyyətli məsələlər barədə təkliflər dinlənilib.
Sonda təklif olunan məsələlər səsə qoyularaq qəbul olunub.




