Rektor: Mövcud universitet modeli tamamilə köhnəlib

2 Noyabr, 2026 - 15:49
Rektor: Mövcud universitet modeli tamamilə köhnəlib

“Süni İntellekt (Sİ) tələbələrin öyrənmə və problemləri həll etmə üsullarını dəyişir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sosial şəbəkə hesabında paylaşım edib.

Rektor qeyd edib ki, maşın saniyələr ərzində cavab təqdim edə bildiyi bir dövrdə mövcud univetsitet modelinin "tamamilə köhnəldiyi" aydın görünür və bununla yanaşı universitetin rolu həm də daha da əhəmiyyətli olur:

“Artıq universitetin məsuliyyəti yalnız tələbələrə bilik qazandırmaqdan ibarət deyil. Tələbələrə informasiyanı sorğulamağı, onun doğruluğunu qiymətləndirməyi və Sİ-dən məsuliyyətlə istifadə etməyi öyrətmək zərurətə çevrilir. İndi düzgün suallar verməyi bacarmaq, cavabları tapmaq qədər vacibdir”.

Ə.Muradov bildirib ki, etibarlı informasiyanı yanlış və çaşdırıcı məzmundan fərqləndirmək üçün tələbələrdə mühakimə yürütmək qabiliyyətini inkişaf etdirmək də zəruridir:
“Bəli, Sİ informasiyanı sürətlə emal edə bilər, lakin etik məsuliyyəti və müstəqil mühakimə qabiliyyətini əvəz edə bilməz. Bunlar savadlı və yetkin şəxsiyyətin formalaşması üçün əvəzolunmaz keyfiyyətlər olaraq qalır və inanıram ki, gələcəkdə də qalacaq!”.