ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi keçirilib
Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib.
ADPU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, elm adamları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqində qeyd edib ki, Mahirə Hüseynova həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardandır. O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr vermişdir. Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olmuşdur. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri bu gün də ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirmişdir. Cəfər Cəfərov çıxışında həmçinin Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə xüsusi diqqət çəkib. Qeyd edilib ki, M.Hüseynovanın rəhbərliyi ilə ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənmiş, universitetin beynəlxalq nüfuzu artmışdır. Rektor qeyd edib ki, professorun təşəbbüsü ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu gün təkcə elmi tədqiqat deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm missiya yerinə yetirir.
Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və digər çıxışçılar prof. Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun həm alim, həm pedaqoq, həm də ictimai xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Qeyd edilib ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir. Çıxış edənlər vurğulayıblar ki, prof. Mahirə Hüseynovanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmır, onun elmi və poetik yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön planda olub.
ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Cavadov yubliyarın zəngin yaradıcılıq yolu haqqında geniş elmi məruzə edib. Məruzədə vurğulanıb ki, M. Hüseynovanın rəhbərliyi ilə aparılan tədqiqatlar müasir filoloji fikrin formalaşmasına, ədəbiyyatın və dilin tədrisində yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Onun elmi məktəbi bu gün də gənc alimlər üçün örnək sayılır.
Tədbirin bədii hissəsində, əvvəlcə, “Azərbaycan Televiziyası”nın Mahirə Nağıqızı yaradıcılığına həsr olunan sənədli filmi nümayiş olunub, “Ana”, “Sənsiz”, “Qərbi Azərbaycan” kimi musiqi və ədəbi nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Respublikaının tanınmış incəsənət xadimlərindən Nurəddin Mehdixanlı, Leyla Rəhimova, Tural Əhməd, Gülzar Fərəcova, Elnur Zeynalov, Güllü Muradova, Leyla Quliyeva, Samir Cəfərov, Gülnaz Məmmədova, Aşıq Samirə və digər incəsənət nümayəndələrinin ifasında Mahirə Nağıqızının müəllifi olduğu şeirlər və musiqi nömrələri səsləndirilib.
Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib. O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da yubiley tədbirləri keçirilib.



