ADPU-da süni intellektlə bağlı yeni fənn tədris olunacaq
"Yaxın vaxtlarda Elm və Təhsil Nazirliyinin müvafiq qərarları ilə bakalavriat proqramlarının yenilənməsinə başlamağı planlaşdırırıq və bu istiqamətdə artıq konkret hədəflərimiz mövcuddur. Belə ki, 2026/2027-ci tədris ilindən müəyyən edilmiş bakalavriat və magistratura ixtisaslarında “Süni intellektin əsasları” fənninin tədrisinə başlanılacaq".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov söyləyib.
Onun sözlərinə görə, gələcək müəllimlərin rəqəmsal bacarıqlarını artırmaq üçün mövcud “Təhsildə İKT” fənni tamamilə yenilənərək “Təhsildə rəqəmsal bacarıqlar” fənninə transformasiya olunacaq, qarışıq təlim (Blended learning) üzrə universitetdaxili metodiki standartlar hazırlanacaq:
"Yeni nəsil tədris proqramlarında rəqəmsal səriştələrin, STEAM yanaşmasının və Sİ texnologiyalarının konseptual əsaslarının fənlərin təlim nəticələrinə inteqrasiyası tam təmin ediləcək".
Prorektor bildirib ki, ADPU-nun müəllim hazırlığı proqramlarına rəqəmsal savadlılıq, proqramlaşdırma əsasları, təhsildə Sİ tətbiqləri, rəqəmsal pedaqogika, interaktiv təlim texnologiyaları, kibertəhlükəsizlik və məlumat etikası kimi müasir məzmunlar əlavə olunub: "Universitetin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə “Proqramlaşdırma dilləri I” və “Rəqəmsal bacarıqlar” kimi fənlərin tədris dairəsi genişləndirilib".




