ADPU-da yeni ixtisas AÇILIB
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalvriat səviyyəsinə tələbə qəbulu üzrə qəbul planı təsdiqlənib.
ADPU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, müəllim hazırlığının məzmununun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində növbəti addım olaraq cari ildən etibarən ADPU-da "Riyaziyyat və fizika müəllimliyi" adlı yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Yeni ixtisasın yaradılması təbiət və dəqiq elmlər istiqamətində inteqrativ bilik və səriştələrə malik müəllim kadrlarının hazırlanmasına xidmət edir. Tədris proqramı gələcək müəllimlərin həm fizika, həm də riyaziyyat fənləri üzrə müasir pedaqoji yanaşmaları mənimsəməsinə, eləcə də ümumi təhsil müəssisələrinin ehtiyac duyduğu mütəxəssislərin hazırlanmasına imkan yaradacaq.
Müasir əmək bazarının və ümumi təhsil sisteminin dəyişən tələbləri ali təhsil müəssisələrində ixtisasların mütəmadi olaraq yenilənməsini və təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan, yeni ixtisasların yaradılması və mövcud təhsil proqramlarının müasir çağırışlara uyğun inkişaf etdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə qəbul planına əsasən ADPU-da ümumilikdə 26 ixtisas üzrə 2570 plan yeri ayrılıb. Bunlardan 2075-i Azərbaycan, 280-i rus, 215-i isə ingilis bölməsi üzrə nəzərdə tutulub.




