ADPU tələbələri üçün narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə və tələbələrin maarifləndirilməsi məqsədilə “Bir dəfəlik deyil!” adlı tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirdə tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin baş mütəxəssisi İsmayıl Nəsirov və tələbələr iştirak ediblər.
Tədbir ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayevin açılış nitqi ilə başlayıb. Prorektor çıxışında narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, xüsusilə gənclərin bu zərərli vərdişlərdən qorunmasının vacibliyindən bəhs edib. F.Rzayev sağlam həyat tərzinin təşviqində maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq tələbələri zərərli vərdişlərdən uzaq olmağa və sağlam gələcək naminə düzgün seçim etməyə çağırıb.
Görüşün qonağı Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri dosent Elxan Bəylərov olub. O, tələbələr üçün narkomaniyanın psixoloji, sosial və fizioloji fəsadlarına həsr olunmuş maarifləndirici təqdimatla çıxış edib. O, narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, ailə münasibətlərinə və bütövlükdə cəmiyyətə mənfi təsirləri barədə ətraflı məlumat verib, asılılığın yaranma səbəbləri və onun qarşısının alınması yolları haqqında fikirlərini bölüşüb.
İnteraktiv müzakirə formatında davam edən görüşdə tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb, Elxan Bəylərovun izah və tövsiyələrini dinləyiblər.




