ADPU “THE Impact Rankings 2026”da dünya üzrə 1001-1500 aralığındadır
Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri (SDGs) əsasında qiymətləndirilən və dünyanın ən nüfuzlu beynəlxalq reytinqlərindən biri hesab olunan "Times Higher Education" nəticələrinə əsasən ADPU qlobal miqyasda 1001-1500-cü sırada yer tutub.
Bu barədə "Azərbaycan müəllimi"nə ADPU-dan məlumat verilib.
Bildirilib ki, bununla yanaşı, ADPU aşağıdakı istiqamətlər üzrə müvafiq mövqelər əldə edib:
SDG 4 – Keyfiyyətli Təhsil (Quality Education) üzrə - 601–800
Bu nəticə universitetin keyfiyyətli təhsilin təmin edilməsi, müəllim hazırlığı, inklüziv və əlçatan təhsil imkanlarının genişləndirilməsi, eləcə də təhsil sahəsində elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq səviyyədə tanındığını göstərir.
SDG 8 – Layiqli Əmək və İqtisadi Artım (Decent Work and Economic Growth) üzrə - 801–1000
Bu göstərici universitetin əmək bazarına uyğun kadr hazırlığı, məzunların məşğulluğu, işçi hüquqları, davamlı iqtisadi inkişaf və peşəkar bacarıqların formalaşdırılması istiqamətində fəaliyyətlərini əks etdirir.
SDG 16 – Sülh, Ədalət və Güclü İnstitutlar (Peace, Justice and Strong Institutions) üzrə - 801+
Bu nəticə universitetdə şəffaf idarəetmə, etik prinsiplərin tətbiqi, akademik dürüstlük, inklüzivlik və sosial məsuliyyət istiqamətində görülən işlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
SDG 17 – Məqsədlər naminə Tərəfdaşlıqlar (Partnerships for the Goals) üzrə - 1001–1500
Universitetin yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı, birgə layihələr, akademik mübadilə proqramları və davamlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüsləri bu nəticənin formalaşmasında mühüm rol oynamışdır.
"THE Impact Rankings" universitetlərin yalnız akademik göstəricilərini deyil, eyni zamanda cəmiyyətə, ətraf mühitə və davamlı inkişafa verdiyi töhfələri də qiymətləndirir.
Bu nəticələr ADPU-nun davamlı inkişaf məqsədlərinə sadiqliyinin və beynəlxalq görünürlüğünün artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərin növbəti göstəricisidir.




