ADPU və Təhsil Şurası İctimai Birliyi əməkdaşlıq edəcək
İyulun 10-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Təhsil Şurası İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
"Azərbaycan müəllim" xəbər verir ki, imzalanma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin müdiri dosent Sənan Əliyev, eləcə də Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə, universitet rəhbərliyi və birliyin digər üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor professor Cəfər Cəfərov ADPU-da həyata keçirilən təhsil islahatları, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, universitetin beynəlxalq əməkdaşlıq əlaqələri və ölkənin təhsil sisteminin inkişafına verdiyi töhfələr barədə məlumat verib. Rektor universitetdə müasir təhsil mühitinin formalaşdırılması, innovativ tədris metodlarının tətbiqi və yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasının ADPU-nun əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.
Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, qurum ölkədə təhsil sahəsinin inkişafına dəstək göstərmək, bu sahədə fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığı genişləndirmək və ictimai təşəbbüsləri təşviq etmək məqsədilə fəaliyyət göstərir. O, ADPU kimi ölkənin aparıcı pedaqoji ali təhsil müəssisəsi ilə əməkdaşlığın Təhsil Şurası üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil sahəsində ictimai iştirakçılığın təşviqi, təhsil siyasəti və islahatları ilə bağlı müzakirə platformalarının təşkili, müəllimlərin peşəkar inkişafına dəstək göstərən təşəbbüslərin həyata keçirilməsi, təhsil ictimaiyyəti ilə universitet arasında əməkdaşlığın gücləndirilməsi, birgə maarifləndirici tədbirlərin təşkili, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın inkişafını nəzərdə tutur.




