ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib

7 Aprel, 2026 - 16:11
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib

Aprelin 7-də Azərbaycan Dillər Universitetində tanınmış alim, Azərbaycanın ictimai-mədəni həyatında özünəməxsus yeri olan, zəngin mənəvi irsi və çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli ziyalı Revekka Yuliyevna Barsukun 110 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru filologiya elmləri doktoru, professor Həmidə Əliyeva çıxışında Revekka Yuliyevna Barsukun cəmiyyətin inkişafına verdiyi töhfələrindən, təhsil və mədəniyyət sahəsində səmərəli fəaliyyətindən danışıb. 

Daha sonra alim, tərcüməçi, o zaman Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuş Revekka Yuliyevna Barsukun həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.

ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, Revekka Barsukun elmi və pedaqoji fəaliyyəti Azərbaycan elm və təhsil tarixində xüsusi yer tutur. Rektor onun zəngin yaradıcılıq irsinin bu gün də öz aktuallığını qoruduğunu qeyd edib. Akademik Kamal Abdulla xanım Barsukun tərcümə sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək, onun müxtəlif dillər və mədəniyyətlər arasında körpü rolunu oynadığını diqqətə çatdırıb.


Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tanınmış ziyalı Revekka Barsukun həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Nazir müavini qeyd edib ki, Revekka Barsukun zəngin elmi və pedaqoji irsi bu gün də tədqiqatçılar, müəllimlər və gənc nəsil üçün mühüm və etibarlı mənbə kimi aktuallığını qoruyur, eyni zamanda milli-mənəvi dəyərlərin təbliğinə əhəmiyyətli töhfələr verir.

Bildirilib ki, Revekka Barsuk həyatı boyu elm və təhsil sahəsində mühüm nailiyyətlər əldə edib. O, 26 yaşında dekan, 33 yaşında isə prorektor vəzifəsinə yüksələrək yüksək idarəçilik bacarığı və peşəkarlıq nümayiş etdirib. Nazir müavini vurğulayıb ki, onun elmi-pedaqoji fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də orta ümumtəhsil məktəblərində ingilis dilinin tədrisinin inkişafı olub. Bu sahədə göstərdiyi təşəbbüslər və gördüyü işlər nəticəsində o, Azərbaycan məktəbləri üçün 15 adda ingilis dili dərsliyinin hazırlanmasına rəhbərlik edib və bu dərsliklər uzun illər ərzində tədris prosesində geniş istifadə olunaraq minlərlə şagirdin bilik və bacarıqlarının formalaşmasına xidmət edib.

Qeyd olunub ki, Revekka Barsukun fəaliyyəti yalnız pedaqoji sahə ilə məhdudlaşmayıb, o, eyni zamanda elm və təhsilin inkişafına yönəlmiş çoxsaylı təşəbbüslərlə çıxış edərək ölkədə müasir təhsil mühitinin formalaşmasına mühüm təsir göstərib.

ADU-nun məzunu olmuş Əbülfəs Qarayev Revekka Barsukun həyat və elmi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O, Barsukun zəngin elmi irsindən, pedaqoji fəaliyyətindən və tələbələrinə göstərdiyi xüsusi qayğıdan bəhs edərək, onun Azərbaycan elmi və təhsil mühitində silinməz iz qoyduğunu vurğulayıb. Əbülfəs Qarayev öz müəlliminə olan dərin sevgi və hörmətini ifadə edərək bildirib ki, Revekka Barsukun xatirəsi onun üçün hər zaman əzizdir və daim ehtiramla yad olunur.

Daha sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rafiq Salahov, pedaqogika elmləri doktorları, professorlar Akif Abbasov, Dilarə İsmayılova, professorlar Adil Babayev, Lalə Alahverdiyeva, Fərman Zeynalov, dosent Misgər Məmmədov, professor Məsmə Qazıyeva Revekka Yuliyevna Barsukla bağlı xatirələrini bölüşüblər. Çıxışçılar xanım Barsukun yüksək insani keyfiyyətlərindən, zəngin elmi irsindən və pedaqoji fəaliyyətindən bəhs edərək, onun tələbələrinə və həmkarlarına daim qayğı ilə yanaşdığını, elmi mühitdə xüsusi hörmət qazandığını vurğulayıblar. Qeyd olunub ki, xanım Barsukun elmi fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmır, bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün örnəkdir.

Tanınmış beynəlxalq jurnalist, tərcüməçi, Revekka Yuliyevna Barsukun oğlu Mixail Qusman anasının xatirəsinə göstərilən diqqət və ehtiramın ailəsi üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. O bildirib ki, Revekka Barsukun həyat və fəaliyyəti yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin yaddaşında dərin iz buraxıb. Onun elmi və mənəvi irsi bu gün də yaşayır, yetişdirdiyi tələbələr və davamçıları tərəfindən yaşadılır və inkişaf etdirilir. Mixail Qusman anasının Azərbaycanla bağlı xatirələrinin hər zaman xüsusi yer tutduğunu vurğulayaraq, onun bu ölkəyə olan sevgi və bağlılığının ailə dəyərlərində də yaşadığını diqqətə çatdırıb. O, belə tədbirlərin xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.
Tədbir müzakirələrlə davam edib.

ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib