Ağdam Şəhəri Günündə Kəngərli kənd məktəbində - Reportaj

20 Noyabr, 2025 - 10:29
Ağdam Şəhəri Günündə Kəngərli kənd məktəbində

Böyük Zəfərdən ötən 5 il ərzində azad olunmuş ərazilərimizdə yaradılan şərait, həyata keçirilən layihələr sadəcə kağız üzərində deyil, reallıqdır. Quruculuq, iqtisadi inkişaf və Böyük Qayıdışın bir arada həyata keçirildiyi reallıq.

Azad olunmuş ərazilərimizdə “həyat canlanır”, “yenidən həyat qayıdır” ifadələri də illərlə arzuladığımız bu gerçəklikləri ifadə edir. Doğma torpağa hər qayıdış bir canlanmanın ifadəsi oldu.

Qayıdışı yaşayan Ağdam “xarabalıqlar şəhəri” adını almışdı. Bu ad ona heç yaraşmırdı. Amma, dağıdılan binalar, viran edilmiş şəhər qarşısında bu ada susduq.

“... Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələr verəcək” - ölkə başçısının bu fikirləri yaxın tarixdə dövlətimizin nələrə qadir olduğunu bir daha təsdiq etdi.

Xarabalıqdan cənnətə çevrilmə yolunda irəlilədi Ağdam. İstər binalar, istər iaşə obyektlərinin, təhsil, mədəniyyət ocaqlarının tikintisi bərabər, planlı şəkildə həyata keçirildi. Ümumilikdə isə Ağdamda 17 məktəb, 21 uşaq bağçası və 1 peşə məktəbinin yaradılması nəzərdə tutulub.

Ağdamın sayca yenidən qurulan ikinci kəndi olan Kəngərli də canlanırdı. Kənd ilkin mərhələdə 292 sakinini, məktəbi isə öz şagirdlərini qarşıladı.

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il  iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunur.

“Azərbaycan müəllimi” Ağdamın azadlığının növbəti ilində - 20 noyabr şəhər günündə Kəngərli kənd məktəbindən hazırladığı reportajı oxucularına təqdim edir.

Kəngərli kənd tam orta məktəbi 484 şagird yerlikdir. Hazırda məktəbdə 130 şagird təhsil alır, 16 nəfər təhsilverən fəaliyyət göstərir. Həyət hələ yenicə şirin yuxusundan oyanıb gələn, çantasını ya valideynin, ya da özündən böyük qardaşının gətirdiyi şagirdlərlə qaynayır. Qarışıq səslər içərisində biri bu gün keçəcəkləri dərslərini, digəri ev tapşırıqlarını sadalayır. Məktəbin geniş foyesi gülüş səsləri ilə doludur. 30 il hər qarışına viranlıq hopan bu yerlər indi bu gülüşlərlə dirçəlir. Binaya iki nəfər müəllim daxil olur. Hər ikisi uşaqlardan dərsə hazır olub- olmadıqlarını soruşur. Cavablar isə müxtəlifdir.  

Səhərlər məktəbə gələn uşaqların səsi indi dirçəlşin səsidir

Sual ünvanlayan müəllimlərdən biri ilə söhbətə başlayırıq. Azər Ağayev məktəbin hərbi hazırlıq rəhbəridir. Uşaqlara müəyyən qeydlər etdirdiyini və ümumi isə hər fəndən dərslərə hazırlıqları ilə maraqlandığını deyir. Bu uşaqların hər birinin doğmalığını, onlara böyük ümid bəslədiyini, gələcəkdə peşəkar kadr olacaqlarından böyük həvəslə danışır.

Azər müəllim Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 3 qardaş hər biri Vətən torpağının müdafiəsinə qalxıb: “Ağdam bağ-bağatlı gözəl bir şəhər idi. Kəndləri də ondan gözəl. Axşamüstü uşaqlar evə qayıdanda səs səsə verib, mahnı oxuyardıq. Ən məşhuru isə “Qarabağ şikəstəsi” idi. Aramızda kim daha yaxşı oxuyacaq, kim daha gözəl təqdim edəcək yarışları da olurdu. Uşaqlığım və gəncliyimin bir hissəsi yurdun gözəlliklərinə tamaşa etməklə keçib. Təəssüflər olsun ki, 1989-1990-cı illərdə qarışıq dövr başladı. Bilirsiniz, baş verən hadisələrə canlı şahid olmaq ən çətinidir”.

Həmsöhbətim Ağdamın hər üç dövrünün şahididir. Həm gözəllik, həm döyüş, həm də dirçəliş dövrü: “Enerjili, gənc yaşlarımız idi. Döyüşlərə qatıldıq. Döyüşün qaynar nöqtələrində olduq, mən olduğum batalyonda 500-dən çox insan var idi. Ağdamdan çıxanda isə cəmi 70-ə yaxın adam qalmışdı. Gözəlliyi ilə heyran edən Ağdamın evlərinin tüstüsü, viranlığı insanı məhv edirdi. İllərdir yaşadığım hadisələri “bir gün torpağımızı qaytaracağıq” sevgisi ilə basdırmaq nə deməkdir?”.

2001-ci ildə ordudan tərxis olan Azər müəllim dəfələrlə yaralanıb. Ancaq silah yoldaşlarını itirməyin onu daha çox incitdiyini, rahatlığının olmadığını bildirir. Ta ki, 2020-ci il bütün yaralara məlhəm olana qədər: “44 gün bilirsiz nə idi? 30 illik xəcalətin bitməyi, Ağdamın ağ günlərinin geri gəlməsi. Mənim gəncliyim səngərdən səngərə keçib. İndi isə bərpa dövrünün şahidiyəm. Sizə bunlarla necə fəxr etdiyimi sözlərlə çətin ki, ifadə edim. Səhərlər məktəbə gələn, Ağdamı bürüyən uşaqların səsi indi dirçəlşin səsidir. Gözəl, evlər, məktəb, tibb məntəqəsi, uşaq bağçası sakinlər üçün hər şeyi əlçatan ediblər”.

Bayaq içəri birgə girdiyi xanım isə onun həyat yoldaşıdır. Hər gün eyni həvəslə, istəklə məktəbə gəlirlər: “Həyat yoldaşım da müəllimdir. Hər gün səhər birgə məktəbə yol alırıq. Bir vaxtlar əlimdə silahla döyüşdüyümüz bu torpaqda bu gün qürurla addım atırıq. Sizə bir söz deyim: İşimi çox sevirəm. Çalışıram ki, uşaqlara hər şeyi diqqətlə, məsuliyyətlə öyrədim, bunu özümə borc bilirəm. Biz müvəqqətiyik, daimi olan Vətəndir.  Burada hər birimizin yaxınının, dostunun, qardaşının, ailəsinin qanı var, nəfəsi var. Bax uşaqlara, gənclərə bunun mahiyyətini başa salmalı, onları layiqli yetişdirməliyik”

Səmimi, bir o qədər də sözlü-söhbətli Azər müəllimlə sağollaşıram. 

“Biz qayıdacağıq”la doğulduq, böyüdük, yaşadıq

Növbəti müsahibim Ofeliya müəllimlə söhbətə davam edirəm. Ofeliya Misirxanova Azərbaycan dili və ədəbiyyat müəllimidir. Kəngərlidə doğulub böyüyüb. Ali təhsil alandan sonra qısa müddət olsa da Kəngərlidə müəllim kimi fəaliyyət göstərib. 
“Baş verən işğal məni, həmkəndlilərimi yurdumuzdan ayrı saldı. Məcburi köçkünlük dövründə Quzanlı qəsəbəsində yerləşən “Çadır şəhərciyi” deyilən yerdə fəaliyyətimi davam etdirdim. Gün keçirdi, amma, həsrətimiz də böyüyürdü. Həyəcanla gözləmək, hər Ağdam adı çəkiləndə ötən günlər insanın boğazında düyünlənirdi. “Biz qayıdacağıq”la doğulduq, böyüdük, yaşadıq. Növbəti səhərləri açdıq...", -deyə Ofeliya müəllim bildirir.

Ofeliya müəllim deyir ki, 5 il ola bilsin ki, tarixin özündə balaca yer tutsun. Amma, xalqımız üçün bu 5 il bütövləşmə dövrünün nümunəsidir. Bu gün azad olunmuş torpaqlarda gedən quruculuğa baxsaq görərik ki, qısa müddət ərzində nələrə nail olmuşuq: “Qayıtdıq. Özümüzlə bərabər gedən hər şeyi gətirməliyik. Kəngərliyə, məktəbə daxil olanda düz 34 il əvvələ qayıtdım. Dərs aldığım, birgə çalışdığım müəllimləri xatırladım. İndi Kəngərli məktəbi öz şagirdlərinə qucaq açıb. Onların sədaları, uğurları, şagird həyatı çöküb məktəbin divarlarına. Əvvəlkindən də böyük, hər cür avadanlıqla təchiz edilmiş, müasir standartlara cavab verən məktəbimiz var. Nəsil dəyişib, mühit dəyişib, ancaq dəyişməyən Vətən sevgisidir, torpaq sevgisidir”.

Məktəbdən, dərslərindən danışırlar

Məktəbin incisi onun şagirdləridir. Kəngərlinin də şagirdləri bizi görüb müzakirələrini yarıda saxlayırlar. Məktəbdən, dərslərindən danışırlar. Əvvəlcə 8-ci sinif şagirdi Asiman Ağazadə ilə başlayırıq.

Asiman da məcburi köçkünlüyü yaşayan uşaqlardandır. Deyir ki, müəyyən çətinliklər olsa da, öhdəsindən gəlməyə çalışırdıq. Axı doğma yurdumuz, torpağımıza dönəcəkdik. “Qayıtdığımız günü düşünəndə istənilən çətinliyi dəf etmək də asan olurdu. Bilmirəm, bəlkə də elə olduğunu düşünürdük”.

Asiman ailəsi ilə birgə 2025-ci ilin may ayında Kəngərliyə köçürülüb. Təhsilini burada davam etdirir. 
Ailənin 3-cü övladı olan bu gözəl qızın, özündən böyük bacı və qardaşının hər ikisi ali təhsil alır. O da nümunəni onlardan götürdüyünü bildirir: “Anam müəllimdir, ana və atamın hər zaman dəstəyini hiss etmişik. Anamın isə həm müəllim, həm də bir ana kimi iki missiyası olub. Düzdü, əvvəlki mühit, yoldaşlıqlar, müəllimlərimin hər biri üçün darıxıram, ancaq burada da qısa müddətdə özümə yeni tanışlar tapmışam”.  

Digər şagird Xalidə Bayramova isə məktəbin 10-cu sinfində təhsil alır. Xalidə Ağdamın yenidən qurulmasına şahidlik edir. Birinci Qarabağ müharibəsində ən çox şəhid vermiş torpağın dirçəlişini izləməyin və bunu unutmamağın vacibliyini qeyd edir. Bu dirçəlişdə yer alan məktəbin şagirdi olmaqdan qürurlu olduğunu bildirir:

 “Kəngərli məktəbi müasir quruluşdadır. Qısa zamandır buradayıq, mən əvvəllər Kəngərli haqqında sadəcə söz-söhbətdən eşitmişdim. Torpaq çəkir ifadəsi, deyəsən, doğrudur. Çünki çox doğmadır, əzizdir. Məktəbin görünüşü, dizaynı göz qarşısındadır. Təhsili, müəllimlərin yanaşması da səmimidir. Bacardıqları qədər bizi motivasiya edir, dərslərin mənimsənilməsində köməklərini əsirgəmirlər”.

Azadlığını, quruculuğunu addım-addım reallaşdıran, Qafqazın Xirosimasından Qarabağın cənnətinə çevrilən Ağdam, nəfəs aldığın 5-ci ilin mübarək!