Universitetlərimiz WUF13-də: Beynəlxalq auditoriyaya hansı layihələr təqdim edilir? – REPORTAJ
Mayın 17-dən 22-dək Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, urbanistləri, memarları, tədqiqatçıları və texnologiya şirkətlərini bir araya gətirir. Forum çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi isə şəhərlərin gələcəyi ilə bağlı ideyaların, innovativ həllərin və yeni urban yanaşmaların nümayiş olunduğu əsas platformalardan biridir.
Sərginin beşinci günündə də Azərbaycan universitetləri də orada aktiv şəkildə təmsil olunur. Universitet pavilyonlarında dayanıqlı şəhərsalma, “yaşıl” iqtisadiyyat, nəqliyyat və mobillik, süni intellekt, ekoloji həllər və urban inkişaf istiqamətində hazırlanan layihələr təqdim edilir. Forum günlərində universitet stendlərinə həm xarici qonaqlar, həm də tələbələr tərəfindən böyük maraq göstərilir.
“Urban Expo” sərgisində diqqət çəkən universitet pavilyonlarından biri də Azərbaycan Texniki Universitetinə (AzTU) məxsusdur. Universitetin stendində şəhərsalma, mənzil siyasəti, logistika və inklüziv nəqliyyat həlləri ilə bağlı araşdırmalar təqdim olunur.
““Yaşıl” iqtisadiyyat, “yaşıl” binaların tikintisi konsepsiyası üzrə araşdırmalar təqdim edilir”
Universitetin Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Pərvin Hacıyeva bildirir ki, AzTU forum çərçivəsində əsasən iki istiqamət üzrə araşdırmalarını nümayiş etdirir: “Birinci istiqamət urbanizasiya və şəhərsalmanın mənzil siyasətinə təsiri ilə bağlıdır. Burada iqtisadi və sosial dəyişikliklər, “yaşıl” iqtisadiyyat, “yaşıl” binaların tikintisi və “yaşıl” dizayn konsepsiyası üzrə araşdırmalar təqdim olunur”.
Onun sözlərinə görə, tədqiqatlarda alternativ enerji mənbələrindən istifadə edən yaşayış binaları, sosial mənzil layihələri və mənzil siyasətinin rəqəmsallaşdırılması məsələləri də xüsusi yer tutur. Araşdırmalar Azərbaycanın müxtəlif şəhərətrafı bölgələrində, əsasən, Qobustan, Kürdəmir, Abşeron və digər ərazilərdə aparılıb.
AzTU-nun təqdim etdiyi ikinci istiqamət isə nəqliyyat və logistika sahəsində həyata keçirilən araşdırmalarla bağlıdır. Universitetin Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış tədqiqatlar sərgidə kitab formatında təqdim edilir.
Pərvin Hacıyeva deyir ki, araşdırmalarda Azərbaycanın müxtəlif regionlarında mobillik və nəqliyyat problemləri öyrənilib: “Xüsusilə fiziki məhdudiyyətli şəxslərin ehtiyacları nəzərə alınaraq ictimai nəqliyyatın əlçatanlığı və inklüziv nəqliyyat həlləri ilə bağlı təkliflər hazırlanıb”.
Layihələrdə dayanacaqlarda informasiya sistemlərinin qurulması, ictimai nəqliyyatın daha funksional təşkili və şəhər mobilliyinin yaxşılaşdırılması ilə bağlı təkliflər də yer alır.
“Forum yeni əməkdaşlıqlar üçün mühüm platformadır”
Universitetin nümayəndəsi Röyal Allahverdiyevin sözlərinə görə, bu araşdırmalar üzərində 100-dən çox tələbə və 10-dan artıq müəllim çalışıb.
Forum günlərində isə stendə maraq kifayət qədər yüksəkdir. Xarici universitet nümayəndələri, memarlar, mühəndislər və logistika şirkətlərinin təmsilçiləri təqdim olunan layihələrlə yaxından maraqlanırlar.
“Forum həm beynəlxalq təcrübə mübadiləsi, həm də yeni əməkdaşlıqlar üçün mühüm platformadır”, – deyə Pərvin Hacıyeva bildirib.
AzTU pavilyonunda diqqət çəkən məqamlardan biri də tələbələrin urbanizasiya və şəhərsalma mövzularına marağı idi. Forum boyunca universitetin stendinə yaxınlaşan gənclər burada təqdim olunan araşdırmalar, müasir şəhər həlləri və urban inkişaf yanaşmaları ilə bağlı ətraflı məlumat əldə edirlər.
“Urban Expo” sərgisində ən fəal universitet pavilyonlarından biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AZMİU) məxsusdur. Forum günlərində burada təqdimatlar, eyni zamanda master-klaslar, müzakirələr və gənclərlə açıq görüşlər təşkil olunur. Pavilyonda həm universitetin müəllim heyəti, həm məzunları, həm də tərəfdaş xarici universitetlərin nümayəndələri iştirak edirlər.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev bildirir ki, AzMİU ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak edir və WUF13 istiqamətində görülən işlərə hələ forum başlamazdan əvvəl qoşulub: “WUF13-dən əvvəl həm Azərbaycan Şəhərsalma Kampaniyası, həm də Bakı Şəhərsalma Həftəsi çərçivəsində universitetimiz tərəfindən çoxsaylı tədbirlər təşkil olunub”.
Onun sözlərinə görə, həmin tədbirlər çərçivəsində ekskursiyalar, düşərgə proqramları, memarlıq və şəhərsalma üzrə təlimlər, dərslər və master-klaslar keçirilib. Məqsəd isə gənclərin bu sahəyə marağını artırmaq olub.
Burada şəhərsalma sahəsində yeni texnologiyalarla bağlı məlumat əldə etmək olar
Orxan Naqdiyev deyir ki, universitet müxtəlif dövlət qurumları və tərəfdaş təşkilatlarla birlikdə də layihələr həyata keçirib, hazırda isə universitet “Urban Expo” pavilyonunda geniş proqramla təmsil olunur. Burada şəhərsalma, tarixi irsin qorunması, memarlıq abidələrinin bərpası və urban inkişaf mövzularında müxtəlif təlim və müzakirələr keçirilir.
Pavilyonda xüsusilə memarlıq və şəhərsalma sahəsində startap layihələri üzrə təşkil olunan master-klaslar gənclərin diqqətini çəkir. Forum iştirakçıları burada həm müasir urban yanaşmalar, həm də şəhərsalma sahəsində yeni texnologiyalarla bağlı məlumat əldə edirlər.
Universitet nümayəndələrinin sözlərinə görə, WUF Akademik Kampusu çərçivəsində keçirilən beynəlxalq müzakirələrdə də AzMİU fəal iştirak edir. Müzakirələrdə əsas diqqət memarlıq və şəhərsalma sahəsində yeni tendensiyalara, urban inkişaf istiqamətlərinə və xüsusilə iqlim dəyişikliklərinin şəhərlərə təsiri mövzusuna yönəlir.
Orxan Naqdiyev qeyd edib ki, universitetin WUF13-də iştirakı kifayət qədər genişmiqyaslıdır: “Universitetimizin təxminən 3 500 tələbəsi və 500-ə yaxın professor-müəllim heyəti forumda iştirakçı kimi qeydiyyatdan keçib”.
Forum günlərində AzMİU tələbələri və müəllimləri həm sərgi pavilyonlarında, həm də panel sessiyalarında, akademik müzakirələrdə və beynəlxalq görüşlərdə fəal iştirak edirlər.
“Forum günlərində universitetə maraq göstərənlərin sayı kifayət qədər çoxdur”
“Urban Expo” sərgisində təmsil olunan universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin pavilyonu daha çox beynəlxalq akademik fəaliyyət və elmi-tədqiqat istiqamətində təqdimatları ilə diqqət çəkir. Forum günlərində universitet stendinə yaxınlaşan qonaqlar burada UNEC-in təhsil imkanları, beynəlxalq proqramları və elmi nəşrləri ilə tanış olurlar.
UNEC-in Xarici əlaqələr şöbəsinin müdiri Rəsul Yusifov bildirir ki, universitetin WUF13-də iştirakının əsas məqsədlərindən biri beynəlxalq auditoriyaya həm universiteti, həm də Azərbaycanı tanıtmaqdır: “Tədbirin beynəlxalq xarakter daşıması səbəbindən burada çoxlu sayda xarici qonaq iştirak edir və biz də universitetimizi, eyni zamanda ölkəmizi təqdim etməyə çalışırıq”.
Pavilyonda müxtəlif broşürlər, məlumat materialları, suvenirlər və universitetin fəaliyyətini əks etdirən təqdimatlar nümayiş olunur. Stenddə xüsusilə UNEC-in beynəlxalq elmi jurnalları qonaqların diqqətini çəkir.
Rəsul Yusifovun sözlərinə görə, həmin jurnallar Q1 və Q2 kvartillərində indekslənən nüfuzlu elmi nəşrlərdir: “Bu jurnallarda yalnız UNEC alimlərinin deyil, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların məqalələri də dərc olunur”.
UNEC pavilyonunda davamlı inkişaf, şəhərsalma, urbanizasiya və əlaqəli sahələr üzrə aparılan elmi-tədqiqatlarla bağlı məlumatlar da təqdim edilir. Universitet nümayəndələrinin sözlərinə görə, bu istiqamətdə beynəlxalq əməkdaşlıq və akademik fəaliyyət əsas prioritetlərdən biridir.
Forum günlərində universitetə maraq göstərənlərin sayı kifayət qədər çoxdur. Xüsusilə magistratura və doktorantura proqramları ilə maraqlanan xarici iştirakçılar universitet nümayəndələri ilə ətraflı müzakirələr aparırlar.
Rəsul Yusifov vurğulayır ki, bakalavriat səviyyəsi üzrə də maraq müşahidə olunur: “Xüsusilə məktəblilər və abituriyentlər universitet haqqında məlumat almaq istəyirlər”.
Onun sözlərinə görə, forum çərçivəsində iştirakçılar daha çox təhsil imkanları, beynəlxalq proqramlar və universitetin akademik fəaliyyəti ilə maraqlanırlar.



