Uşaqların müdafiəsi: Telefon işıqlı sabahlardan, bol günəşli gələcəyə...

1 İyun, 2026 - 16:56
Uşaqların müdafiəsi: Telefon işıqlı sabahlardan, bol günəşli gələcəyə...

Rejissor dostum Mətləb Muxtarovun “Yaddaş sarayları” adlı filminin qəhrəmanı ilk xatirəsinin axtarışına çıxır...

Etiraf edim ki, dostumun filminə hələ hazırlanma prosesində baxmışdım və ilk andaca ağlımda belə bir sual yaranmışdı ki, görəsən mənim ilk xatirəm hansıdır?

Bu barədə çox fikirləşdim, uşaqlığımın bəxtəvər çağlarını çox vərəqlədim, lakin gedib ilk xatirəyə çıxa bilmədim. Gördüm yox, son məqamda hansısa xatirə hansınısa üstələyir. 

Əlbəttə böyük dərd deyil. Məncə “Yaddaş sarayları”na baxan hər kəs bu cür xatirə axtarışına çıxıb. 

Lakin mövzumuz “Yaddaş sarayları” filmi deyil. Orası heç ki, son illərdə Azərbaycan kinosunun hansı səviyyəyə çatdığını görmək istəyənlərə bu filmi tövsiyə edirəm. Bizdə çox güclü rejissor ordusu yetişir, Mətləb Muxtarov dostumuz da ön sıralarında.

Şairlərdən kimsə deyib ki, uşaqlıq bizim vətənimizdir. Bu baxımdan Vətəni cənnətə çevirmək də böyüklərin öhdəliyindədir.  

Birbaşa mənada da, dolayı mənada da biz uşaqlığımızda nə ilə “bəsləniriksə” böyüyəndən sonra onun bəhərini yeyirik. 

Təəssüf ki, bu həqiqəti çox gec başa düşürük – uşaqlarımız böyüyəndən sonra. 

Uşaqlarımızla bol zaman keçirə bilmirik. Zənn edirik, onlar həmişə balaca qalacaqlar, bizim də irəlidə çox vaxtımız olacaq, ancaq zaman keçir, uşaqlarımız böyüyür, vaxtımız azalır. 

Albert Eynşteyn deyirdi ki, uşaqlarınıza çoxlu nağıl danışın/oxuyun. Nağıllar uşaqların xəyal dünyalarını genişləndirir. Xəyal dünyası geniş olan insan isə çətinə düşəndə mütləq bir çıxış yolu tapır. 

Ancaq çətinlikləri də dərd etməyə dəyməz. Çünki biz bəşər sivilizasiyasının ən zəki uşaqlarının valideynləriyik. Onlar hər çətinliyin öhdəsindən gələrlər. 

Eyni zamanda bəşər tarixinin ən böyük öhdəlik daşıyan valideynləri də bizik. 
Bəşəriyyət heç vaxt bu qədər ağıllı uşağı bir arada görməyib. Əvvəl telefonlarımız ağıllı oldu, sonra uşaqlarımız.

Özümüzlə müqayisə aparaq, uşağımız yaşda olanda söz ehtiyatımız onun qədər zəngin idimi, dünyagörüşümüz onunku qədər geniş idimi? Yox! İndi uşaqlar elə sözləri, elə anlayışları, elə davranışları bilirlər ki, biz onlar yaşında olanda hamısından xəbərsiz idik. 

Halbuki əvvəllər nəsillərarası fərqlər belə dərin olmurdu. 

Əlbəttə onları bu qədər ağıllı edən də gərdişi-dövran - texnoloji inkişaf, qacetlərdir. Ancaq bu qacetlərin övladlarımıza faydası olduğu kimi zərərləri də az deyil. Uşaqlar heç vaxt bu miqyasda kənar təsirə məruz qalmayıblar. Lakin nə edək? Dünya bu gündədir.

Görəsən, uşaqlarımızı qacetlərin istilasından xilas edə biləcəyikmi? Yoxsa böyüyəndə onların yaddaşında uşaqlıqla bağlı yalnız telefon xatirələri qalacaq? Bədgüman-bədgüman danışsam da əlbəttə belə olmayacağına inanıram: Böyüyəndən sonra uşaqlıqlarını xatırlayanda yenə qəlblərini titrədən nələrsə tapılacaq. 

Ancaq heç nəyi şansa buraxmaq olmaz. 

Onun üçün deyirəm ki, bəşər tarixində heç vaxt valideynlərin boynuna bu qədər böyük məsuliyyət düşməyib. 

İndi qarşıda bir yol var. Bu ağıllı uşaqları əllərində tutduqları qacetlərdən ağıllı etmək. Yalnız bunun sayəsində onları müdafiə edə bilərik.

Tarix boyu uşaqlarımızı çox şeydən müdafiə etməyə çalışmışıq.

Aclıqdan, xəstəlikdən, müharibədən... 

İndi Troya atında təzə düşmən peyda olub.

Yenidən müdafiə olunmaq zamanıdır. 
Uşaqlarımızın telefonun soyuq mavi işıqlı sabahları naminə deyil, bol günəşli gələcəkləri adına.