Naxçıvanda elm, tibb və təcrübə bir arada – REPORTAJ
İlk dəfə olaraq “I Naxçıvan Beynəlxalq Tibb Günləri”nə start verilib. Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın açılış mərasimi baş tutub. Sentybrın 26-na qədər davam edəcək tədbirdə ümumilikdə xaricdən və Bakı şəhərindən 300-dən çox professor və yüksək ixtisaslı həkim heyəti iştirakı edir.
“Azərbaycan müəllimi” heyətin bir neçə üzvü ilə həmsöhbət olub.
İlk olaraq məlumat üçün bildirək ki, “I Naxçıvan Beynəlxalq Tibb Günləri” çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, müxtəlif beynəlxalq kurslar, master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar, elmi təqdimatlar və tələbə sessiyaları keçirilir. Həmçinin üç gün ərzində ödənişsiz tibbi aksiyalar təşkil olunur. Tədbir çərçivəsində ümumi cərrahiyyə, onkologiya, endoskopiya, radiologiya, mama-ginekologiya, anesteziologiya və reanimatologiya, uşaq, plastik və rekonstruktiv cərrahiyyə və digər tibbi istiqamətlər üzrə aktual məsələlər müzakirə edilir.
“Bu gün doğma Naxçıvanımız böyük bir elmi-praktik tədbirə ev sahibliyi edir”
Konfransda qarşıya qoyulan məqsədlər barədə məlumat verən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, dünyanın müxtəlif ölkələrindən və Azərbaycanın ayrı-ayrı şəhərlərindən tanınmış həkim və mütəxəssislərin iştirak etdiyi tədbir çərçivəsində tibbin müxtəlif istiqamətləri üzrə konfranslar, ustad dərsləri, praktiki məşğələlər və tibbi aksiyalar təşkil olunur:
“Bu gün doğma Naxçıvanımız böyük bir elmi-praktik tədbirə – “I Beynəlxalq Tibb Günləri”nə ev sahibliyi edir. 24-26 sentyabr tarixlərini əhatəı edən tədbir Naxçıvan Dövlət Universitetində davam edəcək. Dünyanın müxtəlif ölkələrindən gələn həkimlər, tibb dərnəklərinin və müxtəlif tibbi qurumların rəhbərləri bu günlər ərzində universitetimizdə tibbin müxtəlif istiqamətləri üzrə ustad dərsləri, konfranslar və praktiki məşğələlər keçirəcəklər”.
Rektor bildirib ki, tədbir çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetirilir:
“Tədbir, təxminən, 2 minə yaxın akademik heyət, həkim, rezident və tələbəni əhatə edir. Ən mühüm istiqamətlərdən biri isə Naxçıvanın tibb müəssisələrində tibbi aksiyaların keçirilməsidir. Müxtəlif tibbi sahələr üzrə tanınmış həkimlərin iştirakı ilə müayinələr və müalicələr aparılacaq. Bu prosesdə tələbələrimizin iştirakı onların klinik bazalarda praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək”.
Elbrus İsayev tədbirdə müxtəlif mövzularda açıq panel sessiyalarının da keçiriləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sessiyalarda tibb sahəsinə maraq göstərən Naxçıvan ictimaiyyətinin iştirakı da nəzərdə tutulur.
Elbrus İsayev qeyd edib ki, “Beynəlxalq Tibb Günləri”nin gələcək illərdə də Naxçıvanda keçirilməsi planlaşdırılır: “Bu, ilk tədbirdir və ümid edirik ki, gələcək illərdə də tibbin müxtəlif aktual problemlərinə həsr olunmuş konfransların, müalicə və müayinələrin, “ustad dərsləri”nin keçilməsi ilə “Beynəlxalq Tibb Günləri”ni davam etdirəcəyik. İnanıram ki, ictimaiyyətin də yaxından iştirak etdiyi bu tədbir səhiyyəmizin və tibb təhsilimizin inkişafına, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək”.
“Burada çox yüksək elmi mühitin olduğunu görürük”
Tədbirdə iştirak edən Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov beynəlxalq tədbirin elmi mühit baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, tədbir müxtəlif ölkələrdən gələn mütəxəssislərin təcrübə və elmi nailiyyətlərini bölüşməsi üçün geniş imkan yaradıb: “Hər bir tədbirin özünəməxsus xüsusiyyətləri var. Bu tədbirin əsas xüsusiyyətlərindən biri beynəlxalq səviyyədə keçirilməsidir. Buraya müxtəlif ölkələrdən qatılan mütəxəssislər və alimlər öz elmi nailiyyətlərini təqdim edir, fikir mübadiləsi aparırlar. Burada çox yüksək elmi mühitin olduğunu görürük. Naxçıvan Dövlət Universitetinin belə bir tədbiri təşkil etməsi həm elm, həm də tibb sahəsində mühüm əhəmiyyət daşıyır. Biz də böyük məmnuniyyətlə bu tədbirə qoşuluruq. Düşünürəm ki, gələcəkdə də müxtəlif dövlət və universitetlərin təşkil etdiyi bu cür tədbirlərdə böyük məmnuniyyətlə iştirak etməli, yeni nailiyyətlərimizi bölüşməli və müzakirə etməliyik”.
“Fərqli ölkələrdən mütəxəssislərin bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır”
Naxçıvanda keçirilən “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” tibb elminin müxtəlif istiqamətləri üzrə tanınmış mütəxəssisləri bir araya gətirib. Tədbirin iştirakçıları arasında Almaniya Üz-çənə Cərrahlar Cəmiyyətinin sədri, professor Dr. Edgar Biemer də yer alıb. Professor Naxçıvanda belə bir beynəlxalq tibbi platformanın təşkil olunmasını yüksək qiymətləndirib. Artıq ikinci dəfədir ki, Naxçıvana gələn Edgar Biemer “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib: “Belə tədbirlər fərqli ölkələrdən olan mütəxəssislərin bir araya gəlməsi, təcrübələrini bölüşməsi və tibb elminin aktual məsələlərini müzakirə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirdə iştirak etməkdən məmnunam”.
“Naxçıvanda keçirilən tibb forumları və konfransları təqdirəlayiqdir”
Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndər isə müsahibəsində Naxçıvanda keçirilən tibb forumları və konfranslarının çox təqdirəlayiq olduğunu bildirib.Professor qeyd edib ki, daha əvvəl də Naxçıvanda keçirilən tibb forum və konfranslarında iştirak edib:“Naxçıvanda keçirilən tibb forumları və konfransları olduqca əhəmiyyətlidir. Mən daha öncə keçirilən tibb forumlarında və ya konfranslarda iştirak etmişəm. Hamısında Azərbaycan Plastik Cərrahlar Assosiasiyası adından və eyni zamanda öz mütəxəssislərimizlə yaxından iştirak etmişik.
Naxçıvan Dövlət Universitetində keçirilən “I Naxçıvan Tibb Konqresi”nin çox yüksək səviyyədə hazırlandığını qeyd etmək istəyirəm. Biz bu konfransda iştirak etməklə öz elmi nəticələrimizi, müasir cərrahiyyə metodikalarımızı burada həm rezidentlərlə, həm də mütəxəssislərlə bir yerdə müzakirə və tədris etmək imkanı əldə edirik. Bu, bizim üçün çox qürurverici haldır.
Hər dəfə Naxçıvana gəldikdə burada olan inkişafı və yenilikləri görürük və çox sevinirik. Universitetin rəhbərliyinə, bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. Naxçıvan Dövlət Universiteti son zamanlar öz sahəsində dünyaya açılan və perspektivli universitetlər cərgəsində yerləşib. Bu gün keçirilən konfransda həm moderatorluq edəcəyəm, eyni zamanda çıxışlarım olacaq.
Mən Naxçıvanda bu cür tədbirlərin keçirilməsində hər zaman iştirak etməyə, bilik və təcrübələrimizi paylaşmağa hazıram”.
“Bu cür tədbirlər elmi körpülərin yaradılmasına imkan verir”
Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İB-nin sədri, professor, tibb elmləri doktoru Müşviq Həsənov bildirib ki, bu cür tədbirlər yalnız elmi və praktiki əhəmiyyət daşımır. Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə Naxçıvan Dövlət Universitetinin həkimləri, müəllimləri və gənc tədqiqatçıları arasında əlaqələrin qurulmasına, elmi körpülərin yaradılmasına imkan verir:“Bunun nəticəsi olaraq çalışırıq ki, gələcəkdə elmi araşdırmaları, tədqiqatları, mübadilələri, birgə elmi konfransları və layihələri məhz bu yaradılan elmi körpü vasitəsilə həyata keçirə bilək”.
Tədbirin fəaliyyət istiqamətləri barədə məlumat verən Müşviq Həsənov qeyd edib ki, Türkiyənin Abraziv Qastroenteroloji Cəmiyyətinin 23-cü Beynəlxalq Konqresi də Naxçıvana gətirilib. Cəmiyyətin 30-dan artıq elm adamı və mütəxəssisi tədbirdə iştirak edir.
Professorun sözlərinə görə, ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin iştirakı ilə Türk Dövlətlərinin tibb dərnəklərinin Zirvə görüşü də keçiriləcək. Görüşdə müxtəlif fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq, sonda memorandumun imzalanması planlaşdırılır.
Tədbir çərçivəsində gənc tədqiqatçılar və startapçılar üçün panelin də təşkil olunacağını bildirən Müşviq Həsənov Türk Dövlətlərinin Gənc Tədqiqatçılar Birliyinin ilk iclasının da məhz Naxçıvanda keçiriləcəyini qeyd edib. Bu çərçivədə birliyin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı məsələlərin müzakirə olunacağı nəzərdə tutulur.
Müşviq Həsənov diqqətə çatdırıb ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan Tibb Universiteti, Pediatriya Universiteti və Avropanın müxtəlif ölkələrindən olan çoxsaylı mütəxəssislər Naxçıvanın tibb müəssisələrində və mərkəzlərində pasiyentlərin müayinə və müalicəsində iştirak edəcəklər:“Bu, həqiqətən təqdirəlayiqdir. Düşünürəm ki, bütün bunlar insan sağlamlığının keşiyində dayanan həkimlərimiz və Naxçıvan əhalisi üçün gözəl bir töhfə olacaq. İnanıram ki, bu tədbir çox yüksək səviyyədə nəticələnəcək. Bu nəticələr həm bizim özümüz, həm də Naxçıvanın həkimləri və universitet müəllimləri üçün əhəmiyyətli olacaq. Buradan gözəl və unudulmaz xatirələrlə ayrılacağımıza inanıram”.
“Məqsədimiz tibb sahəsində aparılan elmi işlərə dəstək verməkdir”
Artıq neçə dəfədir ki, Naxçıvanda keçirilən böyük tədbirlərdə, konfranslarda iştirak edən Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Respublikasının baş onkoloqu Azad Kərimli bildirib ki, bu cür tədbirlərin xüsusi əhəmiyyəti var:“ Keçirilən “Naxçıvan Beynəlxalq Tibb Günləri”ndə təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən, qardaş türk cəmiyyətlərindən və digər dövlətlərdən tanınmış, aparıcı tibb mütəxəssisləri iştirak edirlər.
Naxçıvan Dövlət Universiteti son illərdə çox böyük nailiyyətlər əldə edib. O cümlədən tibb sahəsində də mühüm uğurlar var. Bu uğurların davamlı olması üçün elmi fəaliyyətin və tədqiqatların inkişaf etdirilməsi vacibdir. Bizim də məqsədimiz tibb sahəsində aparılan elmi işlərə dəstək vermək, bu istiqamətdə əməkdaşlıqları genişləndirməkdir.
Mən burada tibb sahəsində nə qədər böyük işlərin görüldüyünü müşahidə edirəm. Tələbələrin tibb sahəsinə olan sevgisi, elmə və araşdırmalara marağının hələ tələbəlik illərindən formalaşması universitetdə yaradılan təməlin və tələbələr arasında aparılan işlərin nəticəsidir.
Belə böyük konfransların məhz tibb sahəsinə həsr olunması çox gözəl təşəbbüsdür. Ümid edirəm ki, tədbir çox yüksək səviyyədə və uğurla keçəcək. Gələcəkdə də belə tədbirlərin Naxçıvan şəhərində təşkil olunmasını arzulayıram”.
Qeyd edək ki, “I Naxçıvan Beynəlxalq Tibb Günləri-2026” çərçivəsində müxtəlif istiqamətlər üzrə elmi sessiyalar davam edir.




