Ümid və müəllimlik arzusu - Naxçıvanda MİQ həyəcanı - REPORTAJ
Hər kəsdə eyni həyəcan, eyni istək və eyni ümid. Onları müəllim olmaq arzusu birləşdirir.
Məlum olduğu kimi, iyulun 14-dən Naxçıvanda 2026–2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
"Azərbaycan müəllimi" olaraq yolumuzu imtahanın təşkil edildiyi Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə salırıq.
Namizədlər qeydiyyatdan keçirək imtahan zalına yollanırdılar.
İmtahanın bitməsini gözlərkən zal nəzarətçisi Ceyran Məmmədova ilə söhbətləşirik. Deyir ki, bu sistem təhsildə şəffaflığın, obyektivliyin və sağlam rəqabət mühitinin təmin olunmasına xidmət edir: “Zal nəzarətçisi olaraq əsas vəzifəm imtahanın qaydalara uyğun, şəffaf, təhlükəsiz və sakit şəraitdə keçirilməsini təmin etməkdir. İmtahan başlamazdan əvvəl namizədlərin sənədlərini yoxlayır, qeydiyyat prosesini həyata keçirir, onlara imtahan qaydalarını izah edir və proses boyu qaydalara əməl olunmasına nəzarət edirəm. Məqsədimiz hər bir namizəd üçün bərabər və ədalətli imtahan mühiti yaratmaqdır. Bütün proses müasir texnologiyalar əsasında təşkil olunduğundan qiymətləndirmə də obyektiv şəkildə aparılır və nəticələr 100 ballıq şkala üzrə hesablanır.
Bu prosesin bir parçası olmaq mənim üçün böyük məsuliyyət və qürur hissidir. Çünki bu gün imtahan verən namizədlər sabah məktəblərdə şagirdlərə bilik verəcək müəllimlər olacaqlar. İmtahana qatılan bütün namizədlərə uğurlar arzulayıram”.
Artıq namizədlər imtahandan çıxırlar. Çoxu yaxşı nəticə göstərdiyi üçün sevinclidir.
Sistemli hazırlaşanlar üçün çətin deyildi
Müsahibə üçün yaxınlaşdığımız Ramidə Məmədova Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisasını bitirib. Üç ildir ki, Şərur rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzində dərnək rəhbəri işləyir. 2024-cü ildə MİQ müsabiqəsində iştirak edərək 67, indi isə daha yüksək 91,25 bal toplayıb. Özü Şərurun Xanlıqlar kəndindən olduğu üçün, ilk seçimi Şərur rayonudur. Qeyd edir ki, ehtiyac olan istənilən yerdə də işləməyə hazırdır:
"Müəllim peşəsini seçməyimin əsas səbəbi uşaqları sevməyim və onlarla işləməkdən zövq almağımdır. Onlara qarşı səbirliyəm və bu sahədə fəaliyyətimi davam etdirmək istəyirəm".
Bildirir ki, imtahan sualları arasında həm orta səviyyəli, həm də çətin suallar var idi: "Sistemli hazırlaşanlar üçün çətin deyildi. İxtisas üzrə suallar üstünlük təşkil edirdi. Hazırlaşarkən kitabları sadəcə oxumaq kifayət etmir, mövzuları dərindən başa düşmək lazımdır. Çünki suallar düşündürücü olur.
MİQ imtahanında iştirak edəcək namizədlərə tövsiyəm odur ki, həyəcanlı olmasınlar və sistemli şəkildə hazırlaşsınlar. Bilən insan üçün imtahan rahat keçir".
“Özümə inanırdım ki, uğur qazanacağam”
İmtahanda 88,25 bal toplayan Günel Mustafayevanın MİQ-də ilk iştirakıdır. Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət fakültəsini bitirən namizəd deyir ki, imtahana ciddi şəkildə hazırlaşıb: "Bütün vaxtımı bu məqsədə yönəltmişdim. Özümə inanırdım ki, uğur qazanacağam. Hansı məktəbdə işləyəcəyim mənim üçün o qədər də önəmli deyil. Əsas odur ki, müəllim kimi fəaliyyət göstərim. Özüm şəhərdə yaşayıram. Şəhər məktəbində işləmək imkanım olsa, məmnun olaram. Olmasa da, başqa məktəbdə işləməyə hazıram".
Onun üçün imtahan sualları həm asan, həm də çətin səviyyədə olub: "Məncə, ciddi hazırlaşan namizədlər üçün çətin deyildi. Sualların hamısı ixtisas fənni çərçivəsində idi. İmtahan prosesi də çox yaxşı təşkil olunmuşdu. Təşkilatçılara təşəkkür edirəm".
MİQ-də iştirak edəcək namizədlərə isə tövsiyə edir ki, çox həyəcanlanmasınlar:
"Həyəcan səhv etməyə səbəb ola bilər. Hazırlaşan və özünə güvənən namizədlər rahat şəkildə imtahana daxil olsunlar".
“Hazırlığım tam olaraq proqram və kurikulum sənədləri əsasında olub”
Digər imtahan iştirakçısı İlhamə Həsənova 3 ildir ki, Ordubad rayon Dəstə kənd orta məktəbində təsviri incəsənət müəllimi işləyir.
O 2023-cü ildə MİQ imtahanında uğur qazanaraq həmin məktəbə təyinat alıb. Hazırkı iş yerini dəyişmək istəmir, sadəcə ikinci iş yeri kimi çalışmaq istəyir.
91,25 bal toplayan müəllim MİQ imtahanına hazırlaşmaq üçün hər hansı hazırlıq kursuna getməyib, özü hazırlaşıb: "Hazırlıq zamanı əsasən I sinifdən IX sinfə qədər dərsliklərdən və vəsaitlərdən istifadə etmişəm. Hazırlığım tam olaraq proqram və kurikulum sənədləri əsasında olub.
İmtahanda ixtisas sualları məni qane etdi, normal idi. Oxuyan hər kəs həmin sualları cavablandıra bilərdi. Kənar mövzulardan heç bir sualla rastlaşmadım. Yalnız metodika hissəsində bir qədər çətinlik yaşadım və səhvlərimin yeddisi həmin bölmədən oldu".
“Düşündürücü, üzərində işləməyi tələb edən çətin sualları sevirəm”
Digər bir namizədə yaxınlaşıb imtahan nəticəsini soruşuruq. Müşərrəf Əhmədova həyəcanlı olsa da deyir ki, imtahan onun üçün uğurlu keçib. O, NDU-nun “Peşə təlimi” ixtisasını bitirib və 19 illik müəllimlik stajı var. Hazırda Culfa rayon Qızılca kənd tam orta məktəbində texnologiya müəllimi işləyən namizəd 84.5 bal toplayıb. Sertifikasiyada da 54 bal toplayan müəllim deyir ki, yaşayış yerini dəyişəcəyi üçün, iş yerini dəyişmək istəyir: "Mən düşündürücü, üzərində işləməyi tələb edən çətin sualları sevirəm. Suallar maraqlı idi, yaxşı tərtib olunmuşdu. Hər bir sual diqqət və düşüncə tələb edirdi".
1100-dən artıq namizədin iştirakı nəzərdə tutulub
Məlumat üçün qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının 180 təhsil müəssisəsi üzrə 551 vakant yer çıxarılıb.
Proses haqqında geniş məlumatı bizə Naxçıvan MR-in Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramov verir: "Naxçıvan Muxtar Respublikasında müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi davam edir. Müsabiqənin test mərhələsi Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbində təşkil olunub. Namizədlərin imtahanlarda rahat, şəffaf və təhlükəsiz şəkildə iştirak etmələri üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri şərait yaradılıb".
Şöbə müdiri bildirir ki, imtahanların birinci günü üzrə iştirak faizi 89,3 faiz, ikinci günü üzrə isə 92,3 faiz təşkil edib: "Bu günədək keçirilən imtahanlarda ümumilikdə 440 namizədin iştirakı nəzərdə tutulub. Onlardan 398-i imtahanda iştirak edib
Naxçıvan Muxtar Respublikası üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində ümumilikdə 1100-dən artıq namizədin iştirakı nəzərdə tutulub".




