Təbiət qoynunda rəqəmlər necə koda çevrildi? – “Yay Fest'"dən reportaj

24 Avqust, 2026 - 14:30
Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?

Dağların qoynunda, təbiətlə iç-içə, Nəsrəddin Tusi adına Şamaxı Atrofizika Rəsədxanasının ərazisində böyük bir düşərgə salınıb. Çadırlar qurulub, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbə və məzunları olan 250-yə yaxın gənc bir araya gəlib. Elə bilməyin oğlanlara ağ, qızlara qızılı çadır qurulub. Hamısının çadırı eyni, hüququ eyni, amacı eyni, amma vəzifələri müxtəlifdir. Oxumuş gənclər məsuliyyəti də bölüşüblər, işləri də. Hərə öz dünyasından bir rəng qatıb təbiətin yaşılın ayrı-ayrı çalarlarında olan rənglərinə. Ortaya çıxan görüntü şəkillərdən də göründüyü kimi, olub rəngarəng.

“Azərbaycan müəllimi” rəngli görüntülərə, çoxçalarlı dünyalara, fərqli fikirlərə meydan verən, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı – “Yay Fest”də olub.

“Mühəndislik və kod” həftəsində ağıllı mühəndislərin əlində rəqəmlər necə kodlara çevrildi

Azərbaycan Gənclər Fondunun tərəfdaş gənclər təşkilatları ilə birlikdə iyulun 13-dən başlayaraq təşkil etdiyi “Yay Fest”in konseptual mövzusu müasir dünyanın inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlər – süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar üzərində qurulub. “Azərbaycan müəllimi”nin də qatıldığı, 17–21 avqust tarixlərində Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) təşkil etdiyi düşərgənin mövzusu “Mühəndislik və Kod”dur.

““Yay Fest”də keçən bu həftəni gələcək uğurlarım üçün qoyduğum sərmayə sayıram”

Həmin mühəndislərdən biri İlahə Ələkbərova Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsidir: “Mən “Ekologiya mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıram. NAYORA-nın səhifəsində media üçün qeydiyyat görüb iştirak etmək istədim. Müsahibəyə dəvət olundum və qəbul edildim. Mediaya çox böyük həvəsim var. Kod və mühəndislik mənə çox maraqlıdır. Magistratura təhsili üçün bu istiqamətdə bir ixtisas seçəcəyim üçün “Yay Fest”də keçən bu həftəni öz gələcək uğurlarım üçün qoyduğum sərmayə sayıram”.

Düşərgədəki işi İlahənin ürəyincə olub: “Media komandası olaraq maraqlı mövzular işlədik. Bu düşərgənin bir parçası olmaqdan qürur duydum”.

““Yay Fest”də şəbəkəmi genişləndirdim”

Pərviz Mirzəzadə Bakı Slavyan Universitetində “Jurnalistika” ixtisası üzrə təhsil alır. III kurs tələbəsi olan Pərviz deyir ki, “Yay Fest” barədə dostları vasitəsilə xəbər tutub: “Burada xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, gənclər və idman nazirinin müavini İndira xanım Hacıyeva, həmçinin Prezident mükafatçıları ilə görüşdük, maraqlı söhbətlər etdik. Məşğulluq Agentliyinin rəhbər şəxsi ilə görüşümüz geniş müzakirələrə səbəb oldu. “Peşələr festivalı” adlandırdığım bir layihəm var, onu agentlik nümayəndəsi Natiq Məmmədova təqdim etdim. Karyera və məşğulluq barədə də məni maraqlandıran suallara cavab aldım”.

Pərviz iştirakçısı olduğu həftənin ona qazandırdıqlarından danışarkən dostluqlarını da unutmayıb: “Mənim yaxşı kommunikasiya bacarığım var. Burada şəbəkəmi genişləndirdim, yaxşı dostlar qazandım. Maraqlı söhbətlərimiz oldu, əyləncəli axşamlar keçirdim. Seçilən xüsusi qonaq müğənnilərimiz oldu. Gəncliyin ruhuna uyğun proqramlarla çıxış etdilər”.

“Bu düşərgə gənclərin çoxunda stimul yaratdı”

Elnarə Əliyeva düşərgənin ən fəallarındandır. Ona nə etməli olduğunu deməyə ehtiyac yoxdur. Hər işin qulpundan yapışır, ümumi işə töhfə qatmağa çalışır: “5 gün müddətində kod mühəndisliyi istiqamətində işlədik, layihələr hazırladıq, onları ən səmərəli şəkildə reallaşdırmağın yollarını axtardıq. Kibertəhlükəsizlik, rəqəmsallaşma, süni intellektin necə inteqrasiya olunması, hansı məsələlərdə gənclərin dəstəyinə ehtiyac olduğu, hansı ideyaların mövcudluğu ilə bağlı maraqlı müzakirələrimiz keçdi. Məncə, bu düşərgə gənclərin çoxunda stimul yaratdı. Onlar ideyalarını reallaşdırmaq üçün hara müraciət edəcəklərini, necə irəliləyəcəklərini öyrəndilər. Ən əsası tək olmadığımızı bildik”.

Burada çox şey qazandıqlarını deyən Elnarənin fikrincə, axşamlar xüsusilə maraqlı keçib: “Əyləncəli gecələr gənclər üçün xüsusilə maraqlı oldu. Ən çox xoşumuza gələn o oldu ki, gələn qonaqlar düşərgəyə ciddi yanaşırdılar. Hiss olunurdu ki, qarşımıza hazırlıqlı gəliblər”.

Maraqlı günlər biri-birini əvəz edir. Düşərgədə gənclər hər bitən günü yenidən yaşamağı arzulayır, bir öncəki gün üçün elə düşərgədəcə darıxmağa başlayırlar. Günün bitməyini istəmir və belə hesab edirlər ki, burada qazandıqları dostluqları ömür boyu itirməyəcəklər.

Bəs görəsən, maraqlı, rəngarəng, gənclərin ürəyincə olan festival proqramı necə ortaya çıxıb? Bu barədə “Azərbaycan müəllimi”nə danışan Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli deyir ki, gənclər siyasəti çərçivəsində gənclərin inkişafına, maariflənməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə yönəlmiş imkanlardan biridir: “YAY FEST 2026 ümumilikdə 8 tematik həftəni əhatə edir və festival çərçivəsində 2 mindən çox gəncin iştirakı nəzərdə tutulur. Bu il festivalın əsas mövzusu süni intellekt və rəqəmsallaşmadır. Biz NAYORA olaraq festivalın 17–21 avqust tarixlərini əhatə edən 6-cı həftəsi – “Mühəndislik və Kod” düşərgəsinin təşkilində iştirak etdik. Proqramı hazırlayarkən mühəndislik və texnologiya ilə yanaşı, süni intellekt və rəqəmsallaşmanın müxtəlif istiqamətlərdə tətbiqinə də xüsusi yer ayırmağa çalışdıq”.

Beş gün ərzində gənclər müxtəlif dövlət rəsmiləri və mütəxəssislərlə bir araya gəliblər: “Gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə süni intellekt və rəqəmsallaşmanın gənclər üçün yaratdığı imkanlar, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə müasir beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədovla isə peşə hazırlığı, əmək bazarının tələbləri və karyera imkanları ətrafında müzakirələr aparıldı. Proqramın maraqlı hissələrindən biri də müxtəlif illərdə Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslərlə keçirilən panel müzakirəsi oldu. Panel iştirakçıları öz fəaliyyət yolları və qazandıqları təcrübələr barədə danışaraq gənclərin suallarını cavablandırdılar və tövsiyələrini bölüşdülər”.

Düşərgə müddətində süni intellekt və proqramlaşdırma istiqamətində təlimlər, intellektual və praktiki fəaliyyətlər də təşkil olunub: “NAYORA-nın üzv gənclər təşkilatları da proqrama qoşularaq ideyaların reallaşdırılması, sağlam həyat tərzi, böhran vəziyyətlərinin idarə olunması, ilkin tibbi yardım və komanda işi kimi müxtəlif istiqamətlərdə fəaliyyətlər həyata keçirdilər. “YAY Fest”in proqramında maarifləndirici hissə ilə yanaşı, gənclərin sosiallaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə də xüsusi diqqət ayrıldı. Hər gün müxtəlif səhər idman fəaliyyətləri ilə başlayıb, gün ərzində airsoft, xor və digər interaktiv fəaliyyətlərlə davam edirdii. Axşam proqramlarında müxtəlif ifaçı və musiqi qruplarının çıxışları, DJ proqramları və tonqal ətrafında fəaliyyətlər yer aldı”.

Rafael Hacıbəyli inklüzivliyə həsr olunan xüsusi axşam proqramından da danışıb: “Düşərgənin yaddaqalan hissələrindən biri də “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin iştirakı ilə inklüzivliyə həsr olunan xüsusi axşam proqramı oldu. Proqram çərçivəsində müxtəlif inklüziv yaradıcılıq və səhnə çıxışları təqdim edildi. Ümumilikdə, “Mühəndislik və Kod” həftəsində məqsədimiz gənclərin yeni bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, yeni insanlarla tanış olması, təcrübə mübadiləsi aparması və düşərgədən yeni əlaqələr və xoş xatirələrlə ayrılması üçün mühit yaratmaq idi”.

VI Yay Fest-də VI həftə geridə qaldı, düşərgənin yeni sakinləri gəldi

“Yay Fest”də altıncı həftə də arxada qaldı. Həftə ərzində gənclər proqramlaşdırma, süni intellekt, mühəndislik düşüncəsi və rəqəmsal texnologiyalarla bağlı yeni biliklər öyrənməklə yanaşı, panel müzakirələri, praktiki sessiyalar və interaktiv fəaliyyətlər vasitəsilə öz ideyalarını sınamaq və qazandıqları bilikləri praktik şəkildə tətbiq etmək imkanı əldə etdilər.

“Yay Fest” daha 2 həftə, yəni sentyabrın 4-dək davam edəcək. Bu da o deməkdir ki, çadırların sakinləri, mövzular, qonaqlar dəyişəcək, məqsəd də, nəticə də dəyişməz qalacaq.
Artıq altıncı dəfə təşkil olunan “Yay Fest” ötən illər ərzində on mindən çox gənci bir araya gətirərək onların intellektual, şəxsi və peşəkar inkişafına mühüm töhfələr verib, yeni dostluqların və innovativ təşəbbüslərin stimullaşdığı gənclər platforması kimi yadda qalıb. Bu dəfə də belə olacaq.

Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?
Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?
Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?
Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?
Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?
Təbiət qoynunda rəqəmlər necə koda çevrildi?