İllər sonra doğma yurdlarına qayıdanların məktəb sevinci – REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Bu tarix yalnız təqvimdə əlamətdar gün deyil, illər sonra öz doğma yurduna qayıdan insanların sevincini, Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini, həyatın yenidən canlandığı şəhər və kəndlərimizin yeni simasını özündə əks etdirən mühüm bir gündür. Uzun illərdən sonra bu torpaqlarda sakinlərin doğma evlərinə qayıtması, yeni yaşayış məhəllələrinin salınması, məktəblərin, sosial obyektlərin fəaliyyətə başlaması Böyük Qələbənin real nəticələrini nümayiş etdirir.
Xüsusilə 30 ildən sonra Qarabağda təhsil ocaqlarının qapılarının yenidən şagirdlərin üzünə açılması, məktəb zənglərinin doğma yurdda yenidən səslənməsi qayıdışın ən kövrək və unudulmaz mənzərələrindəndir. Bu zənglər həm də gələcəyə, yeni həyata və quruculuğa çağırışın səsi kimi səslənir.
“Azərbaycan müəllimi" olaraq Ağdərə rayon Həsənriz kənd tam orta ümumtəhsil məktəbinin, Xocavənd rayonu 1 nömrəli tam orta ümumtəhsil və rayonun Qırmızıbazar qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri ilə söhbətləşərək onların doğma yurdda təhsil almaq, yeni məktəb mühitinə qovuşmaqla bağlı təəssüratlarını öyrəndik.
Bayrağımızın dalğalandığı torpaqlarda biliklə gələcək qururuq
Ağdərə rayon Həsənriz kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Vüsalə İsgəndərova Ağdərənin işğaldan azad edilməsinin sadəcə tarixi bir hadisə deyil, illər boyu qəlbində yaşatdığı böyük bir arzunun gerçəkləşməsi olduğunu bildirir: "Ağdərənin işğaldan azad olunması xəbərini eşidərkən keçirdiyim sevinci sözlə ifadə etmək çətindir. Bir müəllim kimi illərdir şagirdlərimə Vətən sevgisini, torpağa bağlılığı, tariximizi və milli dəyərlərimizi öyrətmişəm.Qarabağ haqqında danışarkən onların gözlərində yaranan marağı, Vətənə olan sevgini görməmək mümkün deyil.
Vaxtilə həsrətlə danışdığımız torpaqlarımızın artıq azad nəfəs alması, üçrəngli bayrağımızın bizim doğma yurdlarımızda dalğalanması hər birimiz üçün əvəzsiz hissdir.İndi şagirdlərimiz Qarabağı kitab səhifələrində deyil, canlı olaraq görür, onunla birlikdə böyüyür, inkişaf edirlər.
Bu gün həm Azərbaycan vətəndaşı, həm də bir müəllim kimi qürur duyuram ki, mənə şagirdlərimə azadlığın sevincini anlatmaq nəsib oldu. Bayrağımızın dalğalandığı torpaqlarda biliklə gələcək qururuq”.
“Ağdərədə yaşamaq və təhsil almaq gözəl hissdir”
X sinif şagirdi Yaqub Fətəliyev burada yaşamağın və təhsilin almağın nə dərəcədə məsuliyyətli olduğunu söyləyir: "Azad olunmuş Ağdərədə yaşamaq, təhsil almaq gözəl hissdir. Bizim Həsənriz kənd tam orta ümumtəhsil məktəbində keyfiyyətli təhsil üçün bütün şərait yaradılıb. Gələcəkdə yol polisi olmağı düşünürəm. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək istəyirəm”.
Həmin məktəbin X sinifində təhsil alan Aynur Cəfərzadə isə geologiya mühəndisi olmaq istəyir: "Əvvəllər bu yerlər haqqında yalnız eşidirdik və şəkillərdə görürdük. İndi isə burada məktəbə gedərək təhsil alırıq. Gələcəkdə ali təhsilimi geologiya mühəndisi üzrə almaq istəyirəm.Və təhsilimi başa vurduqdan sonra öz doğma yurduma qayıdaraq burada işləmək arzusundayam.Burada gördüklərim və yaşadıqlarım seçdiyim peşəyə məndə daha böyük maraq yaradır. İndi Ağdərənin gözəl günlərinə birgə şahidlik edirik”.
“Azad Xocavənddə dərs deməyin qürurunu yaşayıram”
Xatirə Abbasova Xocavənddə doğulmasa da, burada şagirdlərlə birgə olmağın sevincindən danışır. Əvvəllər Beyləqan rayonunda fəaliyyət göstərən X. Abbasova hazırda Xocavənd rayon 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimidir. 2024-cü ildə müəllimlər üçün keçirilmiş sertifikasiya imtahanında 57 bal toplayıb: "Azad Xocavənddə dərs deməyin qürurunu yaşayıram. Bir neçə gündür dərslərə başlamışıq.
Düzdür, özüm burada böyüməmişəm.Ancaq ailə üzvlərimin, ata- anamın boya-başa çatdığı bu torpaqda qayıdışın təzahürü, canlanma özünü hər sahədə göstərir. Bundan sonrakı fəaliyyətimi də elə Xocavənd rayon 1 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirməklə uşaqların təhsili, inkişafı üçün əlimdən gələni edəcəyəm".
“Bura mənim yurdumdur”
Xocavənd rayon 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Saleh Həsənli deyir ki, təhsil aldığı məktəbdə onların yaxşı oxumaları üçün hər cür şərait yaradlıb: "Fevral ayından Xocavənddə yaşayırıq, ancaq özümü sanki burada uzun illərdir yaşayırmış kimi hiss edirəm. Burada məktəbə getmək xüsusilə qürurverici, sevindirici və fərqlidir.
Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə dayılarım, atam iştirak edib.Dayım Elnur Əliyev 2016 -cı ildə Lələtəpə döyüşlərində özünü qumbaranın üzərinə ataraq qəhrəmancasına şəhid olub. 2020-ci ildə qazanılan Zəfərimizin qığılcımlarının olduğu dövrün şəhidlərindəndir. Atam və digər dayım isə 44 günlük Vətən müharibəsinin iştirakçılarıdır. Nə qədər danışsam, qürur duysam belə, azdır. Gələcəkdə hansı peşəni seçməyimdən asılı olmayaraq Vətənim üçün layiqli vətəndaş olacağam. Qarabağın hər yerini gəzmişəm, buralar bir başqadır. Dağları, çayları, bulaqları, havası. Xocavəndi xüsusilə sevirəm, bura mənim yurdumdur.
Bu zəng səsi təkcə yeni dərs ilinin başlanması deyil...
Xocavənddə fəaliyyətə başlayan və yeni tədris ilini ilk dəfə qeyd edən digər məktəb isə Qırmızıbazar qəsəbə tam orta məktəbidir. Məktəbin müəllimi Yeganə Məmmədova yaşadığı duyğulardan söz açır: "İlk zəng çalınanda çox böyük qürur hissi keçirdim. Bu zəng səsi təkcə yeni dərs ilinin başlanması deyil, həm də köçkünlüyün bitməsinin, yeniliyin, həyatımızın öz axarına qayıtmasının müjdəsi idi. Şagirdlərin gözlərindəki işığı, onların doğma torpaqda böyüməsi bir mükafatdır.
Biz bura təkcə dərs deməyə yox, həm də gələcəyin qurucularını, torpağına sahib çıxan savadlı gəncləri yetişdirməyə gəlmişik. Bizim öhdəmizə düşən missiya çox böyük və məsuliyyətlidir. Bu torpaqlarda yenidən uşaq gülüşlərini eşitmək, onların təhsilinə çıraq olmaq bizlər üçün xoşbəxtlikdir".
15 ildir ki, müəllim kimi fəaliyyət göstərən Yeganə müəllim Füzulidə yerləşən müxtəlif məktəblərdə dərs deyib. Bu gün isə azad Xocavənddə təhsil prosesinin ilk iştirakçılarındandır və bundan qürur hissi keçirir.
Məktəbin rus dili müəllimi Gözəl Bayramova 30 ildən çoxdur ki, fəaliyyət göstərir. G.Bayramova müharibə dövrünün yaratdığı çətinliklərdən sonra işğaldan azad olunmuş torpaqlarda yaşamağın sevincini bölüşür: "1993-cü ildə müharibə başlayandan sonra bizlər qaçqın, köçkün olduq, yox, əslində didərgin olduq. El-oba bir-birindən ayrıldı və bütün Azərbaycana bölündük. 30 ildən çox müharibə, köçkünlük şəraitində yaşamaq, xoşbəxt ola bilməmək çox çətindir.
Bu il məktəbimizin açılışı oldu. Vətəninə bağlı, güclü və savadlı şagirdlər yetişdirmək bizim borcumuzdur. Qoy, Vətənimizn hər bir yerindən şagirdlərimizin xoş soraqları gəlsin”.
“İlk məzun olacaq şagirdlərdən biri də mənəm”
Mədinə Piriyeva Qırmızıbazar qəsəbə tam orta məktəbinin XI sinif şagirdidir: "Qırmızıbazar qəsəbə tam orta məktəbində ilk məzun olacaq şagirdlərdən biri də mənəm. Bunun üçün çox sevinirəm.

Hələlik ixtisas seçiminə qərar verməsəm də II qrup üzrə hazırlaşıram. Gələcəkdə doğma Vətənimə xidmət etmək istəyirəm.Burada təhsil almaq, doğma torpaqlarımızın yenidən canlanmasına şahid olmaq mənim üçün böyük xoşbəxtlikdir".




