Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir? – REPORTAJ

24 Avqust, 2026 - 12:43
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?

Bakıdan təxminən 135-140 kilometr məsafədə - Şamaxının  Məlhəm kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir kənd məktəbi əsaslı təmir edilir. Söhbət Şamaxı rayonu şəhid Kamil Nəbiyev adına Məlhəm kənd tam orta məktəbinin binasından gedir. Xüsusi təhlükəsizlik standartlarına cavab verəcək, 9 bal gücündə zəlzələyə davamlı olacaq məktəb binası yeni tədris ilinə hazır olacaq.

“Azərbaycan müəllimi” yolunu bu məktəbdən salıb. Vaxtilə bir çox kəndlərdən yeniyetmələrin tam orta təhsil almaq üçün üz tutduğu məktəb yenə öz missiyasını yerinə yetirməyə hazırlaşır. 

2025-ci ilin sentyabrın 22-dən əsaslı təmir-tikintisinə başlanılan məktəbdə işlər hələ davam edir. Uzaqdan da inşaat işlərinin aparıldığı bilinən məktəbin həyətində hələ ağır texnika - kran, kamaz, traktorlar iş başındadır. Tikinti-təmir prosesinin sonuncu mərhələsinə – abadlıq işlərinə keçilməməsindən sanki elə görünür ki, məktəb binası ilk zəngə yetişməyəcək. Hər addımbaşı qarşımıza çıxan ustalar, tikintini həyata keçirən şirkətin nümayəndəsi isə əmin edir ki, bu məktəbdə də ilk zəng bütün məktəblərlə eyni vaxtda çalınacaq.

Köhnə bina təhlükə saçırdı

Məlumat üçün qeyd edək ki, Şamaxının Məlhəm kəndində məktəb 1932-ci ildən fəaliyyətə başlayıb. Həmin məktəb binası yanıb və daha sonra - 1975-76-cı illərdə 420 şagird yerlik yeni məktəb binası tikilib. Bu məktəb tam gücü ilə fəaliyyət göstərib. Hətta ətraf kəndlərin yeniyetmələri tam orta təhsil səviyyəsini məhz həmin məktəbdə tamamlayıblar.

Məktəbin 2022-ci ildən bəri direktoru olan Rübabə İsmayılova “Azərbaycan müəllimi”nə belə deyib:

“Ətraf kəndlərdə ümumi orta təhsil müəssisələri fəaliyyət göstərib. Məlhəm kənd məktəbi tam orta təhsil verdiyindən IX sinfi bitirənlər təhsilini bu kənddə davam etdiriblər. Amma indi fərqlidir. Uzun illərdir ki, məktəb binası tamamilə dağıldığından X-XI sinfi oxumaq üçün başqa kəndlərdən gələnlərin də sayı azalmışdı”.

Yeni binanın 9 ballıq zəlzələyə davamlılığı təsdiqlənib

Hazırda cəmi 139 şagirdi olan məktəb binası illərin sərt qışlarını, qızmar yaylarını arxada qoyub. Az qala 1 əsrə yaxın keçmişi olan məktəb binasına son 50 ildə usta əli dəymədiyindən dağılmaq həddinə çatıb. İllərin təsiri məktəbin divarlarında, döşəməsində, pəncərələrində, damında əksini tapıb.

Şəkillərindən görünür ki, damı yağan yağışı saxlamayıb, döşəməsi üstündə gəzənləri. İkisi də deşik-deşik olub. Təmirdən öncəki binada cəmi 3 otaqda işıq yanıb. Bütün elektrik xətləri sıradan çıxıb. Pəncərələri sınıq-salxaq binada sinif otaqları qışda soyuq, yayda isti olub. 

Və məktəbin hayına Heydər Əliyev Fondu yetib. İndi məktəbdə hələ yarımçıq da olsa, başqa mənzərə var. Uçuq divarların dibi qazılaraq bünövrəsinin davamlılığı, sağlamlığı yoxlanılıb. Sonra bərkitmə işləri görülüb. Qrunt və yağış sularından çox ziyan görməsin deyə bütün divar və hasarların torpaq qatındakı hissəsi xüsusi maddələrlə izolyasiya olunub. Təmir prosesində nəinki suya, hətta yanğına davamlılığı artıran maddələrdən istifadə edilib. Yeni bina Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət idarəsinin davamlılıq testlərindən uğurla keçib və möhkəmliyi, 9 ballıq zəlzələyə davamlılığı təsdiqlənib.
Yeni tədris binasında 4 ibtidai sinif otağı, 2 texnologiya otağı, 1 məktəbə qədər sinif otağı, 7 sinif otağı, 1 kitabxana, 1 oxu zalı, 1 informatika otağı, 1 kimya otağı – laboratoriya, 1 biologiya otağı – laboratoriya, 1 fizika otağı- laboratoriya, 1 hərbi otaq, 1 texniki otaq, 1 server otağı , 1 direktor otağı, 2 direktor müavini otağı, müəllimlər otağı, 1 yeməkxana, 1 bufet olacaq.

Kitabxana və oxu zalında səssizliyi təmin etmək üçün xalça döşənib. 

Məktəbin dam örtüyündə sərt hava şəraiti nəzərə alınıb. Belə ki, dam örtüyünün küləyə davamlılığı artırılıb, havalandırma sisteminə quşların girməməsi üçün “quş damları” quraşdırılıb. Binanın damına “qarqıran” montaj olunub ki, nəticədə qar dam örtüyünün üstündə qalmayacaq. 

Kim sevirsə idmanı, bu məktəbə gəlsin

Məktəbdə şagirdlərin idmanda nailiyyətlərə imza atmaları üçün də şərait yaradılır. Burada qapalı və açıq idman meydançaları olacaq. Qapalı idman zalının yaxınlığında qızlar və oğlanlar üçün geyinmə-soyunma otağı, duş və sanitar qovşaqlar hazırlanıb.

Qapalı idman zalı həm də akt zalı funksiyasını daşıyacaq. Hazırda burada səhnə quraşdırılır, açıq havada idman meydançasında da tikinti davam edir. 

Şagirdləri yayda sərin, qışda isti sinif otaqları gözləyir
 
Bina üçün 3 su anbarı, 1 qazanxana-nasosxana tikilib.  Nasosxana qazanxananın altında yerləşdirilib. Sistem elə quraşdırılıb ki, qışda məktəbin istilik təminatında hər hansı fasilə yaranmasın.

Məktəb direktoru Rübabə İsmayılova bildirib ki, əslində məktəbdə qazanxana 2022-ci ildən var:

“İstifadəyə verilən qazanxana işləməyib. Əvvəlcə qaz xətti olmayıb, sonra da problemləri çıxıb. Artıq məktəbimizin daha isti otaqları olacaq”.

Məktəb qışda isti olduğu kimi yayda da sərin olacaq. Çünki binada kondensionerlər quraşdırılacaq ki, şagirdlər isti günlərdə sərin sinif otaqlarında dərs keçsinlər

“İlan vuran ala çatıdan qorxar deyiblər”, bir dəfə yanan məktəb binası üçün bu dəfə ehtiyat tədbirləri görülüb. Yanğın ehtimalına qarşı mərkizi siqnalizasiya sistemi quraşdırılıb, yanğın çıxışları qoyulub. Şagirdlərin yanğın, zəlzələ və başqa hər hansı hadisə zamanı təxliyə olunmaları üçün ayrıca toplanma məntəqəsinin tikintisi də hazırda davam edir.

Məktəbin şagirdləri hər gün 4-5 kilometr məsafədə olan Çuxuryurd kənd məktəbinə daşınıb

420 şagird yerlik məktəbin hazırda 139 şagirdi, 26 müəllimi var. Müəllimləri sertifikatlaşdırma prosesindən uğurla keçiblər. Elə şagirdləri də müəllimlərindən geri qalmayıb, girdikləri imtahanlardan uğurla çıxıblar. Məsələn, bu il XI sinfi bitirən 11 şagirddən  8 nəfərin topladığı bal ali təhsil müəssisələrinə qəbul olunmağa imkan verir. IX sinfi bitirən 12 şagirdin akademik göstəricilərinə uyğun olaraq istiqamət verilib: “Maarifləndirmə işləri aparılıb və zəif nəticəsi olanlardan 2 nəfər peşə təhsili müəssisəsində, 3 nəfər orta ixtisas təhsili müəssisəsində təhsilini davam etdirəcək.  Məktəbdə qalıb təhsilinə davam edən 7 nəfər arasında universitetə qəbul olunacağına şübhə etmədiyimiz şagirdlərimiz var”.
Son bir ildə Çuxuryurd kənd tam orta məktəbində fəaliyyətini davam etdirən Məlhəm kənd məktəbinin şagirdlərinin bu nəticəyə necə nail olduqları ilə maraqlanırıq. Məktəbin şagirdləri hər gün Elm və Təhsil Nazirliyinin ayırdığı nəqliyyat vasitəsi ilə 4-5 kilometr məsafədə olan Çuxuryurd kənd məktəbinə daşınıb:
“Dərslərdə davamiyyət hətta məktəbimizdə olduğundan daha yaxşı idi. Çuxuryurd məktəbinə uşaqlarımız ikinci növbə gedirdilər, yatıb qalma problemləri olmurdu. Nəqliyyat vasitəsinin olmağı gecikməni aradan qaldırıb və iştirakçılıq səviyyəsinə təsir göstərib”.

13 şagird məktəbəhazırlıq qrupunda təhsilə başlayacaq

Növbəti tədris ilində yeni məktəb binasında ilk dəfə məktəblə tanış olacaq 13 şagird məktəbəhazırlıq qrupunda təhsilə başlayacaq: “I sinifdə isə, təəssüf ki, cəmi 2 şagirdimiz təhsil alacaq. Həmin il az uşaq dünyaya gəldiyindən bu il I sinfə gələn uşaqların sayı azdır”.

Məlhəm kənd məktəbində başqa kəndlərin şagirdləri də təhsil ala biləcək 

Direktorun fikrincə, məktəb 139 şagirdlə təhsilə başlasa da, tezliklə şagird sayı arta bilər. Çünki Şamaxının bütün kəndlərində məktəb olsa da, Məlhəm kəndindəki kimi infrastruktura malik olanı yoxdur:

“Yeni infrastruktur başqa kəndlərin uşaqlarını da cəlb edə bilər. Şamaxıdan yuxarıda olan kəndlərdə məktəbimiz kimi müasir standartlara uyğun ikinci bir məktəb yoxdur. Burada kimya, fizika və biologiya laboratoriyaları, informatika kabineti olacaq və düşünürəm ki, sıfr bu səbəbdən belə ətraf kəndlərdən uşaqlar təhsil üçün məktəbimizi seçəcəklər”.

Dağ kəndinin müasir məktəbi

Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxının dağ kəndində müasir infrastruktura malik bir məktəb binası yeni tədris ilinə hazırlanır. Hər şəraiti olan bu məktəb öz imkanları, verəcəyi təhsilin keyfiyyəti ilə Bakı məktəblərindən geri qalmayacaq.

Yeni tədris ilin uğurlu olsun, şəhid adı daşıyan dağ kəndinin müasir məktəbi!

Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?
Dağ kəndinin məktəbi yenilənir: Şagirdləri yeni tədris ilində nələr gözləyir?