Gənc beyinlərdən maraqlı ixtiralar – “Sabahın alimləri”ndən REPORTAJ
"Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsi son bir neçə gündür ki, ölkənin elmi mühitində diqqət çəkən əsas tədbirlərdən biridir. Martın 3-də Bakıda təntənəli açılışla başlayan bu elm marafonu şagirdlərin öz layihələrini təqdim etdiyi geniş sərgi ilə davam etdi. Bu gün isə ən həyəcanlı məqam gəlib çatdı, mükafatlandırma mərasimində ən yaxşılar seçildi.
Müsabiqənin əhatə dairəsi kifayət qədər genişdir: riyaziyyat və süni intellektdən tutmuş, tibb və ekologiyaya qədər 8 istiqamət üzrə şagirdlərin elmi-tədqiqat işləri dəyərləndirilir. Burada söhbət sadəcə məktəb layihələrindən getmir, ortada qlobal problemlərə iddialı həllər təklif edən ciddi araşdırmalar var. Ən əsası, qaliblər arasından seçiləcək şanslı məktəblilər okeanın o tayında – ABŞ-də keçirilən beynəlxalq sərgidə Azərbaycanı təmsil etmək hüququ qazanırlar.
Fundamental elmdən kosmik hədəflərə
Müsabiqənin elmi dərinliyi və laboratoriya tədqiqatlarının ağırlığı ilə seçilən bölməsində isə ADA məktəbinin 11-ci sinif şagirdi, biologiya üzrə Respublika fənn olimpiadalarının qalibi Mehriban Səttarova öz sözünü deyir. Onun təqdim etdiyi və qızıl medala (I yer) layiq görülən layihə bitki hüceyrələrinin sirli dünyasına transmissiya elektron mikroskopiyasının gözü ilə baxmağa imkan verir.
Onun tədqiqat obyekti bitki biologiyasının ən mürəkkəb sahələrindən birini – diferensasiya olunmamış və sürətlə bölünən kallus hüceyrələrini əhatə edir. Mehriban xüsusilə sitokinin fitohormonunun bu hüceyrələrə histoloji və sitoloji səviyyədə təsirini araşdırıb. Gənc tədqiqatçı bu prosesi izləmək üçün Azərbaycanda demək olar ki, ilk dəfə olaraq transmissiya elektron mikroskopiyasından istifadə edib. Bu da layihənin əsas innovativ tərəfidir. Gənc bu metodu sayəsində hüceyrə daxilində baş verən ən kiçik dəyişiklikləri belə vizuallaşdıraraq elmi baxımdan çox maraqlı və yenilikçi nəticələr əldə edib.
Daha əvvəl heç bir yerdə təqdim olunmayan bu fundamental iş müəllifinə qızıl medal qazandırmaqla yanaşı, həm də ABŞ-də keçiriləcək beynəlxalq sərgidə ölkəmizi təmsil etmək şansı yaradıb.
Mehriban gələcəkdə məhz biologiya üzrə peşəkar alim olmağı arzulayır. Onun bu qətiyyəti və müasir texnoloji avadanlıqlarla işləmək bacarığı göstərir ki, Azərbaycan elmi gələcəkdə beynəlxalq miqyasda tanınacaq fundamental tədqiqatçılar yetişdirir.
Xəzər Universiteti nəzdində Bakı Dünya məktəbinin IX sinif şagirdi Nuray Quliyeva və XI sinif şagirdi Nəcəf Orucov ekologiya sahəsində təqdim etdikləri innovasiya ilə qızıl medalın (I yer) sahibi olublar.
Onların "Dayanıqlı ətraf mühit üçün superabsorbent polimer dəstəkli süni intellekt əsaslı hidroponik texnologiya" adlanan layihəsi ənənəvi əkinçilik metodlarını tamamilə kənara qoyur. Şagirdlər torpaqsız əkinçiliyi "əşyaların interneti" (IoT) və süni intellektlə birləşdirərək insan müdaxiləsi olmadan bitki yetişdirilməsinə nail olublar. Sistemin əsas özəlliyi budur ki, süni intellekt bitkinin vəziyyəti barədə məlumatları serverə göndərir və fermerin real vaxt rejimində prosesi idarə etməsini təmin edir.
Maraqlıdır ki, bu mütərəqqi ideyanın qaynağı yalnız Yer kürəsi deyil, həm də kosmosdur. Gənc ixtiraçılar Marsda yaşam olması ehtimalından ilhamlanaraq quraq ərazilərdə və ekstremal şəraitlərdə qida təhlükəsizliyini təmin edə biləcək bir model qurublar.
Nuray gələcəyini ekologiya, Nəcəf isə süni intellekt sahəsində görsə də, hər ikisinin ortaq hədəfi texnologiyanı təbiətin xidmətinə verməkdir. Bu qələbə onlara təkcə qızıl medal deyil, həm də öz "Mars ideyalarını" ABŞ-də dünyaya tanıtmaq fürsəti qazandırıb.
Mühəndislik bölməsində texnoloji həllərin sərhədini genişləndirən növbəti qızıl medalın (I yer) sahibi isə Xəzər Universiteti nəzdində Bakı Dünya Məktəbinin IX sinif şagirdi Emil Babayevdir. Onun layihəsi müasir müdafiə sənayesi və robototexnika üçün kritik əhəmiyyət kəsb edən stabilizasiya sistemlərinə tamamilə yeni baxış gətirir.
Emilin təqdim etdiyi aktiv stabilizasiya sistemi mövcud analoqlarından özünün çoxşaxəli funksionallığı ilə fərqlənir. Əgər hazırkı sistemlərin əksəriyyəti sadəcə üfüqi sabitliyi təmin edirsə, gənc mühəndisin hazırladığı model süni intellekt və "sensor fusion" (sensorların sintezi) prinsipi ilə işləyir. Bu texnologiya sayəsində platforma kamera vasitəsilə təsviri oxuyur və altı ox üzrə çevik əks-hərəkətlər edərək mütləq tarazlığı qoruyur.
Dünya bazarında hələ ki qloballaşmamış bu növ innovativ həlli ilk dəfə məhz "Sabahın alimləri"ndə nümayiş etdirən Emil qazandığı birincilikdən böyük qürur duyduğunu gizlətmir. Gələcəkdə kompüter elmləri istiqamətində ixtisaslaşmağı istəyən doqquzuncu sinif şagirdi üçün bu uğur həm də beynəlxalq arenaya açılan böyük bir qapıdır. Belə mürəkkəb mühəndislik konstruksiyasını süni intellektlə sintez edən gənclərimizin varlığı ölkəmizin texnoloji gələcəyinə olan inamı daha da artırır.
Müsabiqənin gümüş medalçılarından olan Oğuz şəhər 2 nömrəli liseyin 10-cu sinif şagirdləri Zəhra Məmmədzadə və Xədicə İbrahimovanın stendi önündə xüsusi bir canlanma var. Onların təqdim etdiyi layihə ilk baxışdan qeyri-adi görünür: alışdığımız nəhəng qanadlı külək turbinlərindən fərqli olaraq, bu qurğu tamamilə qanadsızdır.
Gənc tədqiqatçılar ideyanın mərkəzinə biomimetika prinsipini, yəni təbiəti təqlid etməyi qoyublar. Layihənin əsasını isə səhra bitkisi olan kaktusun quruluşu təşkil edir. Şagirdlər kaktusun qabırğalı (ribli) strukturunun külək axınını necə istiqamətləndirdiyini və sabitliyi necə artırdığını araşdıraraq 8 ribdən ibarət innovativ cihaz yaradıblar.
Bəs əsas yenilik nədir?
Ənənəvi turbinlər fırlanma hərəkəti ilə enerji yaradırsa, bu qurğu yalnız titrəyiş əsasında işləyir. Bu isə o deməkdir ki, hətta çox zəif küləklərdə belə enerji istehsal etmək mümkündür. Məsələn, saniyədə cəmi 5 metr sürətlə əsən külək kifayət edir ki, sistem effektiv şəkildə işə düşsün.
Müsabiqədə ilk dəfə iştirak etmələrinə baxmayaraq, II yerin sahibi olan bu gənclər qazandıqları uğurdan qürur duyduqlarını gizlətmirlər. Maraqlıdır ki, bu cür texniki bir ixtiraya imza atan Zəhra gələcəkdə həkim, Xədicə isə hüquqşünas olmağı arzulayırlar. Bu fakt bir daha sübut edir ki, "Sabahın alimləri" şagirdlərin gələcək peşəsindən asılı olmayaraq, onlarda elmi təfəkkür və analitik düşüncəni formalaşdıran əsas platformadır.
Daha bir gümüş medalın (II yer) sahibi olan layihə həm elmi dəqiqliyi, həm də qlobal aktuallığı ilə seçilir. Bakı Oksford Məktəbinin 11-ci sinif şagirdləri Gülzar İsayeva və Məryəm Cəfərli müasir texnologiyanın görünməyən tərəflərinə işıq salaraq gümüş medalın sahibi olublar.
Onların tədqiqat obyekti nanotexnologiyaların sürətli inkişafı ilə paralel olaraq yaranan ekoloji risklərdir. Şagirdlər tibb və sənayedə geniş istifadə olunan nanohissəciklərin su ekosistemlərinə sızması və orada yaşayan balıqların orqanizmində toplanması problemini araşdırıblar. Layihənin əsas xəbərdarlığı isə budur: nanohissəciklərlə çirklənmiş balıqlarla qidalanmaq insan sağlamlığı üçün ciddi bioakkumulyasiya, yəni orqanizmdə zərərli maddələrin toplanması riski yarada bilər.
Gənc tədqiqatçılar öz hipotezlərini laboratoriya şəraitində sınaqdan keçiriblər. Təcrübə aparılan 33 balıqdan 22-də nanohissəciklərin akkumulyasiyası və müəyyən struktur dəyişiklikləri qeydə alınıb ki, bu da irəli sürülən nəzəriyyənin kifayət qədər əsaslı olduğunu sübut edir.
Mükafatlandırma mərasimində adları çəkilərkən həyəcanlarını gizlədə bilməyən Gülzar və Məryəm gələcəkdə həkim olmaq istədiklərini bildiriblər. Görünən odur ki, bu gənclər hələ məktəb illərindən ictimai sağlamlığın keşiyində durmağı özlərinə hədəf seçiblər.
Müsabiqənin bürünc medalına layiq görülən daha bir perspektivli tədqiqat işi isə Qarabağın iki fərqli kəndindən gələn dostların birgə əməyinin məhsuludur. Ağdam rayonu Çəmənli kənd orta tam məktəbinin IX sinif şagirdi Dəniz Əlizadə və Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbinin IX sinif şagirdi Nuray Ağaməmmədli həm tibdə, həm də energetikada tətbiq oluna biləcək innovativ bir məhlul yaradıblar. İdeyanın qaynağı isə olduqca səmimi bir müşahidəyə – Dənizin nənəsinin şəfa məqsədilə istifadə etdiyi zəfəran ləçəklərinə söykənir. Ləçəyin üzərində su damcılarının yapışmadan yuvarlanıb getdiyini görən gənclər bu təbii xüsusiyyəti elmi müstəviyə daşımağa qərar veriblər.
Onlar zəfəran ekstraktını gümüş nanohissəciklərlə birləşdirib aloe vera bazasında xüsusi bir gel əldə ediblər. Bu ixtira eyni anda iki qlobal problemə həll təklif edir: tibbi alətlərdə infeksiya riskini azaldan antibakterial qat yaradır və günəş panellərində tozun yapışmasının qarşısını alır. Şagirdlərin apardıqları testlər nəticəsində məlum olub ki, bu gel sayəsində panellərin enerji səmərəliliyi 14,8% artır.
Fərqli məktəblərdə oxusalar da, ailə dostu olan bu iki gənc gələcəkdə ağ xalat geyinərək insanlara xidmət etməyi –həkim olmağı arzu edir. Qazandıqları uğurdan böyük həyəcan duyan məktəblilər yaşıdlarını da ruhlandıraraq növbəti illərdə daha yaxşı layihələrlə çıxış etməyə səsləyirlər.
Sərgi pavilyonunda gəzdikcə şahid olduğumuz bu iti zəka və böyük həvəs yaxın gələcəkdə beynəlxalq səviyyəli kəşflərin müjdəçisidir. İndi onların qarşısında daha böyük bir sınaq – ABŞ-də Azərbaycan elmini layiqincə təmsil etmək vəzifəsi dayanır. İnanırıq ki, bu günün şagirdləri sabahın dünyasını dəyişən böyük alimləri olacaqlar.



