Bu layihə onların həyatını dəyişə bilər: İnternat şagirdlərinə “qanad” verən təşəbbüs
Hüseyn, Canbaxış, Cəmil... 14-15 yaşlı bu uşaqlar hələ məktəblidirlər. Amma tezliklə həyatlarının ən böyük qərarını verəcək, təhsillərini ya tam orta təhsil bazasında davam etdirəcək, ya da orta ixtisas və peşə təhsili arasında seçim edəcəklər, bəlkə heç birini seçməyib birbaşa əmək bazarına daxil olacaqlar.
1 nömrəli ümumi təyinatlı internat tipli təhsil müəssisəsində təşkil edilən ilk görüşdə 4 belə müəssisənin - 1 və 2 nömrəli ümumi orta internat məktəblərinin, 6 nömrəli Respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil və 8 nömrəli sanatoriya tipli internat məktəblərinin 14-15 yaşlı şagirdlərini bir araya gətirən “Qanad” sosial layihəsi isə bu yolda onların ən yaxşı bələdçisi olmağa iddialıdır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi bu layihə məhz onların gələcəyi ilə bağlı həlledici qərar verərkən yanılmamalarına yönəlib.
İnternat məktəblərinin şagirdlərinin təhsil imkanlarının genişləndirilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə həyata keçirilən layihə əsasən VII-IX sinif şagirdlərini əhatə edəcək.
Məktəblilər ixtisas seçir
1 nömrəli orta internat məktəbində keçirilən görüşdə iştirak edən IX sinifdən məzun olacaq Cəmil Yunusov 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin şagirdidir. Məktəbli idmanla məşğul olur, musiqi və rəsm üzrə bacarıqları var. O hansı ixtisaslar üzrə, hansı təhsil səviyyəsində təhsil ala biləcəyi ilə maraqlanıb və suallarına ətraflı cavab alıb: “Bilmədiyim maraqlı məlumatlar əldə etdim. Verilən istiqamət üzrə mən özüm də araşdırma aparacağam. Layihənin köməyi ilə özüm üçün ən doğru ixtisası seçəcəyimə inanıram”.
Bu inam hələ VIII sinifdə oxuyan Canbaxış Səmədovda da var. O, məktəbi qurtarıb hara gedəcəyinə artıq qərar verib. Dediyinə görə, tarix fənnini sevir. Təhsildə yolunu isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirəcək.
Keçirilən görüşdə Hüseyn İmamrza ayağa qalxıb sual verir. IX sinif şagirdi deyir rəssamlıq qabiliyyəti var. İstəyir ki, təhsilini İncəsənət Kollecində davam etdirsin.
İlk görüşdə orta ixtisas və peşə təhsili müəssisələri fəallıq nümayiş etdiriblər: “Uşağın arzusu bizim üçün əsas şərtdir”
Görüşdən sonra ona Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin fənn birləşmə sədri Aybəniz Pənahova yaxınlaşaraq yeniyetmənin əl işləri ilə maraqlanır.
Aybəniz Pənahova “Azərbaycan müəllimi”nə deyib ki, Hüseyn onun diqqətini cəlb edib: “Şagird bizim müəssisədə oxumaq istəyir. O artıq kollecimizi tanıyır və ixtisaslarımız arasından özünə ən uyğun olanını seçmək fikrindədir. Biz ona bu istiqamətdə kömək edəcəyik. Müəssisəmizi tanımayan, amma bizdə mövcud olan ixtisaslar üzrə istedadı olan uşaqların da marağını cəlb etmək əsas məqsədlərimizdəndir. Maraqlananlara ixtisaslarımız üzrə məlumat verir, kimlərin həmin ixtisaslar üzrə təhsil ala biləcəyini izah edirik. Uşağın arzusu bizim üçün əsas şərtdir”.
Aybəniz müəllim deyir ki, layihə çərçivəsində orta ixtisas və peşə ixtisasları ilə maraqlanan şagirdlər üzərində nəzarət mexanizmi yaradılacaq və bu da uşaqların gələcək ixtisasları ilə bağlı daha geniş məlumatlanmaları baxımından çox vacibdir: “Biz onun tərəfdarıyıq ki, kollecimizlə bağlı maraqlanan şagirdlər müəyyən vaxtlarda gəlib müəllimlərimizdən istiqamət alsınlar. Biz hələ qəbul olunmadan şagirdlərə akademik istiqamət verməyə hazırıq”.
Qeyd edək ki, bu ilk görüşdə həm orta ixtisas, həm də peşə təhsili müəssisələri fəallıq nümayiş etdiriblər. Tədbirə həmin müəssisələrin müəllimləri ixtisaslarla bağlı əhatəli məlumatları ilə, tələbələri isə əl işləri ilə qatılıblar. Belə ki, Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci ilə yanaşı, tədbirdə Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kolleci, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Maliyyə-İqtisad Kolleci, Emal Sənayesi üzrə, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərinin, Abşeron Binə Peşə Liseyinin nümayəndələri şagirdlərlərlə birbaşa təmasda olub, onları maraqlandıran bütün sualları cavablandırıb, diqqətlərini çəkən şagirdləri öz müəssisələrinə dəvət ediblər.
Layihə şagirdlərin potensiallarını doğru istiqamətə yönəltmələrinə vasitəçi olacaq
Bakı şəhəri ümumi təyinatlı 1 nömrəli internat tipli təhsil müəssisəsinin direktoru Anar Əliyev “Azərbaycan müəllimi”nə bildirib ki, indiyədək də məzunları arasında orta ixtisas və peşə təhsili müəssisələrini seçənlər olub: “Öz gələcəyini qurarkən növbəti təhsil pilləsində hansı ixtisas seçəcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkən məzunlarımıza istiqamət verməyə, növbəti təhsil pillə və səviyyələri ilə bağlı fikir formalaşdırmağa, potensiallarını doğru istiqamətə yönəltmələrinə vasitəçi olmağa çalışırıq”.
A.Əliyev bildirib ki, bu il rəhbərlik etdiyi müəssisədən orta ixtisas təhsilinə üz tutacaq şagirdlər artıq var: “5-6 nəfər üçün şəxsi kabinet açmaqda dəstək olmuşam. 2 şagirdimiz hərbi kollecə gedəcək. Tam orta təhsil səviyyəsində təhsil almaq istəyənlər də var”.
Uşaqlar üçün əlavə dəstək mexanizmləri tətbiq olunacaq
“Layihə çərçivəsində xüsusilə 14-15 yaş aralığında olan yeniyetmələrin potensialının müəyyənləşdirilməsi, onların təhsil və peşə istiqamətlərinə yönləndirilməsi nəzərdə tutulur”, - deyən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Şahzadə Qəhrəmanlı “Azərbaycan müəllimi”nə bildirib ki, uzunmüddətli fəaliyyət proqramı kimi nəzərdə tutulan layihə çərçivəsində müxtəlif tədbirlər – orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimlərinin master-klassları, maarifləndirici sessiyalar, ekskursiyalar təşkil ediləcək: “Layihə görüşlərlə məhdudlaşmayacaq, bura cəlb olunan uşaqlar müxtəlif təhsil müəssisələrinə aparılacaq, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olacaqlar. Məqsəd uşaqların gələcək təhsil seçimlərini daha düzgün formalaşdırmasına kömək etməkdir”.
Mütəxəssisin sözlərinə görə, layihə iştirakçıları üçün xüsusi inkişaf fəaliyyətləri də təşkil ediləcək. Uşaqların istedad və bacarıqlarına uyğun olaraq inkişaf prosesi izlənəcək, onların təhsil göstəriciləri və ehtiyacları nəzarətdə saxlanılacaq. Hər hansı çətinlik və ya uyğunlaşma problemi yaranarsa, həmin uşaqlar üçün fərqli istiqamətlər müəyyən ediləcək və əlavə dəstək mexanizmləri tətbiq olunacaq.
Layihə çərçivəsində müəllimlərin də fəal iştirakı nəzərdə tutulur. Müəllimlər uşaqlarla xüsusi məşğələlər keçirəcək, onların hazırlıq səviyyəsini qiymətləndirəcək və fərdi inkişaf planlarının hazırlanmasına dəstək verəcəklər.
Layihə ilkin mərhələdə Bakı və ətraf əraziləri əhatə etsə də, sonrakı mərhələdə regionlarda da həyata keçiriləcək. Məqsəd layihəni ölkə miqyasında genişləndirmək və daha çox yeniyetmənin bu imkanlardan yararlanmasına şərait yaratmaqdır: “İlk mərhələdə ümumilikdə təxminən 1500 yeniyetmənin layihəyə cəlb olunması planlaşdırılır. Layihə çərçivəsində uşaqlar üçün müxtəlif məlumatlandırıcı paketlər, peşə istiqamətləri ilə bağlı təqdimatlar və təcrübə proqramları da təşkil ediləcək. Uşaqlar yalnız nəzəri məlumatlarla deyil, real iş mühiti və müxtəlif peşə sahələri ilə də tanış olmaq imkanı əldə edəcəklər”.
Şahzadə Qəhrəmanlının fikrincə, bu təşəbbüs yeniyetmələrin gələcək karyera seçimlərinə müsbət təsir göstərəcək, onların cəmiyyətə inteqrasiyasını və şəxsi inkişafını sürətləndirəcək: “Layihənin əsas hədəflərindən biri də istedadlı uşaqları vaxtında aşkar etmək, onların təhsil və inkişaf yolunda davamlı dəstək göstərməkdir”.
Foto: Kənan Qafarov



