Cənnətdir universitetin, Qarabağ! - Xankəndidən reportaj

31 May, 2026 - 15:02
Cənnətdir universitetin, Qarabağ!

Ötən həftə xeyirli bir iş üçün Xankəndiyə getmişdik. Dörd gün qaldıq.

Ən əvvəl onu deyim ki, Xankəndinin havası məni xeyli təəccübləndirdi. Havanın necə olacağını proqnozla müəyyənləşdirmək olmurdu. Bakıdan çıxanda dörd gün boyunca yağış yağacağı deyilsə də şəhər bizi günəşlə qarşıladı. Sonra birdən göyün üzü qaraldı. İraq olsun, güclü yanğın zamanı göydə topalaşan qatı tüstü rəngində buludlardan gözümüzü çəkməyə-çəkməyə axşamı başa vurduq. Ancaq yağmadı. Ya da yox, axşamüstü hava deyəsən, özünü yüngül göstərdi. 

Növbəti gün yenə günəş çıxdı, sonra yağış başladı, axşama doğru yenə günəş, o biri gün səhər günəş, axşam leysan, sabahı yenə günəş...

Eyni vaxtda həm günəşin çıxmağını, həm də yağışın yağmağını da gördüm. 

Məni təəccübləndirən başqa şeylər də oldu. 

Məsələn, Qarabağ Universiteti. 

Müasir şəkildə təchiz edilmiş auditoriyaları, laboratoriya və kitabxanaları qoyuram bir qırağa, Qarabağ Universitetinin əsas korpusunun bir arxa bağçası var, deyərsən Gülüstani-İrəmdən bir parçadır. Azca gün işığı ağacların yarpaqları arasında quşların nəğməsinə oynamağa başladımı, bütün qayğıların yaddan çıxır. 

Universitetin şüşə konstruksiyadan inşa olunmuş işıqlı və rahat İqtisadiyyat və biznes fakültəsi də adamı ayrı cür məftun edir. 

Fakültə kitabxanasının yerdən tavana qədər uzanan lay şüşə divarları düz həyətə baxır. Burada otur, ömrünün axırına qədər kitab oxu. Yenə doymazsan. 

Hələ mən iç-içə həyətləri olan qədimi binada qərar tutmuş Beynəlxalq Dil Mərkəzi ilə ona qonşu İncəsənət fakültəsini, müasir memarlıq nümunəsi kimi seçilən Tibb fakültəsini və onun gülərüz və eyni zamanda dərs prosesinə son dərəcə təkəbkarlıqla yanaşan personalını demirəm.

Təzədən cavanlığıma qayıtsaydım, oxumaq üçün sözsüz Qarabağ Universitetini seçərdim. 

Ömrün dörd ilini dağlar qoynundakı bu əsrarəngiz şəhərdə keçirmək nə gözəl olardı! 

Xankəndiyə gəldikdə isə... Həqiqətən əsrarəngizdir. Mənim kimi Sovet memarlığının vurğunu olan adamlar üçün ümumiyyətlə misli yoxdur. Burada hər yerdə Sovet memarlığının müxtəlif nümunələrini görə bilərsiniz. Üstəlik enişli-yoxuşlu relyefi, saf havası, küçələr boyu ucalan yaşıl ağacları, akasiya çiçəklərinin ətri, dörd tərəfdən yüksələn dağları ilə Xankəndi Qafqazın kurort şəhərlərini xatırladır. 

Bir də burada cəlb edən müxtəliflikdir. Tikililərin çoxu bir-birinə bənzəmir, şəhər yekrəng deyil, göz yorulmur. 

Bir yeri tikmədinsə, qurmadınsa, o yer sənin deyil. Xankəndi tikilir, gözoxşayan təzə Mədəniyyət Evi, Konqress mərkəzi, universitetin yeni korpusları. Və mənim bilmədiyim başqa inşaat işləri. 

Xankəndinin gecələri də adamı valeh edir. Hiss olunur ki, azərbaycanlılar vətənə qayıdıb. Qaranlıq düşdümü restoranların neon işıqları bərq vurur: Türk mətbəxindən Uzaq Şərq mətbəxinə, Şəki şirniyyatından Xankəndi kətəsinə qədər şəhərdə hər cür damağın dadına yetən nemət var. Hələ mən gecəyarılarına qədər işləyən kofeşopları demirəm.

Hə, gecə yarıya qədər şəhər yatmır. Hardasa adamlar gəzir, hansı küçədəsə maşınlar şütüyür. 

"Hansı günahın sahibi olmuşduq, hansı səhvi etmişdik ki, tale bizi belə gözəl bir yerdən ayrı salmışdı? Xankəndisiz 30 il necə yaşamışıq? Necə rəva görmüşük belə gözəl şəhərimizin düşmən əlində qalmasına?" - Hə, Xankəndi küçələrini gəzəndə, Xankəndi havasını udanda, Xankəndinin vüqarlı dağlarına tamaşa edəndə belə hüznlü fikirlərə də dalmaya bilmirsən! 

Onun üçün... 

Hava xoşdursa, yağış da yağmırsa, gecə demə, Xankəndi Memorial Kompleksinə qalx. 

Bu Zəfərə pillə-pillə yüksəlməyimizin monumental ifadəsinə tamaşa qıl! Torpaqlarımızı özümüzə qaytaran şəhidləri yad elə, dirilərə can sağlığı arzula! 

Xülasə... 

Bu tətil keçdi, əgər getməmisənsə, gələn səfər yolunu mütləq Xankəndidən sal!

Mirmehdi Ağaoğlu

Cənnətdir universitetin, Qarabağ!
Cənnətdir universitetin, Qarabağ!