"Son Bilik Günü tədbirində iştirak edirəm" - REPORTAJ 

15 Sentyabr, 2026 - 16:19
"Son Bilik Günü tədbirində iştirak edirəm"

Akademik Zərifə Əliyeva adına liseydə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.
Nazir müavini şagirdləri, müəllimləri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.

O, təhsilin əhəmiyyətinə diqqət çəkərək məktəbin adını daşıdığı həkim-oftalmoloq, Azərbaycan SSR Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın fəaliyətinə, Zərifə Əliyevanın özünə ixtisas kimi məhz göz həkimliyini seçməsinin təsadüfi olmadığına diqqət çəkib:

"Onda bütün dünyada və Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Görmə orqanını sıradan çıxaran, bəzən hətta insanların tam korluğuna səbəb olan bu infeksion xəstəliyə qarşı təsirli vasitələr lazımi səviyyədə deyildi. Belə bir zamanda Zərifə xanım Əliyeva məhz oftalmologiyanı seçdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib". 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı da xatırladan F.Qurbanov deyib ki, hər il onlarla gənc dövlət Dövlət Neft Fondunun dəstəyi ilə xaricdəki nüfuzlu ali təhsil müəssisələrində təhsil alır: “Çox yaxşı haldır ki, bu il sizin məzunların 8 nəfəri dünyanın aparıcı universitetlərinə daxil olub. Sevindim ki, onlardan biri - Cəmilə Əlizadə Londonda tibb sahəsində təhsil alır”.

Nazir müavini şagirdlərə peşə seçərkən ölkəmizə, bəşəriyyətə lazım olan peşələri, ixtisasları seçməyi tövsiyə edib:

“Həyatın tempi daim sürətlənir, texnologiyalar inkişaf edir. Texnologiyada dəyişiklik bütün dünyanın vəziyyətini köklü şəkildə dəyişir. Köhnə peşələr ya dəyişir, ya da tamamilə aradan qalxır. Eyni zamanda yeni mütəxəssislərə ehtiyac yaranır. Təhsil sistemi gələcəkdə hansı bilik və bacarıqlara tələbat olacağı haqqında əvvəlcədən xəbər verməlidir”. 

“Yaxın gələcəkdə əsas texnoloji və rəqəmsal bacarıqlara tələbat artacaq”

F.Qurbanovun fikrincə, yaxın gələcəkdə əsas texnoloji və rəqəmsal bacarıqlara tələbat artacaq, xüsusilə də proqramlaşdırma sahəsində sosial baxımdan idarəetmə bacarığı və liderlik keyfiyyətləri öz aktuallığını qoruyacaq.
Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün əməkdaşların süni intellekt və digər rəqəmsal texnologiyalarla işləmək bacarıqlarına malik olmaları zəruri olacaq. Bu, hətta fəhlə peşələrinə də aiddir. Müxtəlif proqramlardan istifadə etmək bacarığı qaynaqçılar, dülgərlər və inşaatçılar üçün də faydalı olacaq.

“Süni intellekt hər bir şagird üçün məlumatın təqdim olunma formasını fərdiləşdirəcək”

Gələcəyin təhsilində süni intellektin roluna diqqət çəkən nazir müavini deyib ki, bu texnologiya nisbətən yaxın dövrdə meydana çıxsa da, artıq çox böyük maraq doğurub. O, təhsil sistemlərində geniş istifadə ediləcək:
“Hazırda tədris prosesinin optimallaşdırılması məqsədilə süni intellektin tətbiqi imkanlarını müəyyənləşdirmək üçün müxtəlif tədqiqatlar aparılır. Hesab olunur ki, süni intellekt şagirdlərin biliklərini qiymətləndirə, onlara uyğun tapşırıqlar seçə və mövzuların daha yaxşı mənimsənilməsi üçün əlavə izahlar təqdim edə bilər.
Uşaqların düşüncə tərzi bir-birindən fərqləndiyi üçün standart yanaşma heç də həmişə yeni biliklərin səmərəli mənimsənilməsini təmin etmir. Gələcəkdə süni intellekt test nəticələrinə əsaslanaraq hər bir şagird üçün məlumatın təqdim olunma formasını fərdiləşdirəcək.
Gələcəyin təhsil sistemində süni intellekt tədris materialının mənimsənilmə sürətinə təsir göstərən amilləri də müəyyən edə biləcək”.

“Əsas diqqət analitik və tənqidi təfəkkürün inkişafına yönəldiləcək”

F.Qurbanov bunu da nəzərə çatdırıb ki, təhsil prosesində əsas diqqət məlumatın əzbərlənməsinə deyil, yaradıcı, analitik və tənqidi təfəkkürün inkişafına yönəldiləcək.

O, son 5-6 ildə informatika fənni üzrə Azərbaycanın beynəlxalq miqyasda uğurlarının artdığına diqqət çəkib:

Zərifə Əliyeva adına liseyin şagirdi Fateh Əhmədzadə həm ölkə, həm də beynəlxalq miqyasda medala layiq görülüb. Bu, böyük nəticədir. Nəzərə alsaq ki, liseyin 2901 məzunundan 128 nəfərin nailiyyətləri var, onların 102 nəfəri qızıl medal alıb, bu, bütün məzunların 5 faizidir və  çox yüksək nəticədir. İkinci yüksək nəticə məzunların ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında göstərdiyi nəticələrdir. Ötən il məzun olanların cəmi 19 faizi 600-dən yuxarı bal toplamışdısa, builki məzunların 37 faizi 600-dən yuxarı nəticə göstərib. İnanmıram ki, ölkədə ikinci belə təhsil müəssisəsi olsun”.

Nazir müavini liseyin göstərdiyi yüksək nəticələrə görə valideynləri də təbrik edib, onlara təşəkkürünü bildirib.

O, şagirdlərə tövsiyələrini də verib: “Bu gün sizdən nə tələb olunur? Yüksək bilik və bacarıqlar əldə etmək, dünyada baş verənlərə uyğun olaraq adaptasiya bacarığınız olmalıdır. Yaradıcı təfəkkür formalaşmalıdır, çünki siz bu ölkənin gələcəyisiniz. Siz bu ölkənin suverenliyini, ərazi bütövlüyünü qorumalı, bilik, bacarıq, tərbiyə vəvətənpərvərliyinizlə nail ola bilərsiniz. Sizə bu yolda uğurlar arzu edirəm. Sevdiyiniz işlə məşğul olmağı arzu edirəm”.

“Sizə suveren dövlət əmanət edilir, vətənə sahib çıxın”

Tədbirdə şəhid Əkrəm Şadmanovun həyat yoldaşı, Zərifə Əliyeva adına liseyin şagirdi Solmaz Şadmanzadənin anası Gülşən Rəhimova da iştirak edib.

O, şəhid həyat yoldaşının təhsil yolu barədə məlumat verib. Xidmət dövründə 13 medal qazandığını, 20 illik xidməti başa çatsa da, xidmətə davam etdiyini, lokal əməliyyatlarda şəhid olduğunu deyib:

“Təhsilli, bacarıqlı olduğu üçün bir çox vacib tapşırıqlar ona verilib. O da hər birinin öhdəsindən layiqincə gəlib. Siz də çalışın bilik, bacarıqlar əldə edin, savadlı olmağa çalışın. Sizə suveren dövlət əmanət edilir, vətənə sahib çıxın”. 

Liseyin fərqlənən şagirdləri Bilik Günündə qürurludurlar

Şəhid Əkrəm Şadmanovun qızı Solmaz Şadmanzadə XI sinif şagirdidir. Məzun olub tibb təhsili almaq istəyir: “Xaricdə tibb təhsili almaq istəyirəm. Azərbaycanın yaxşı həkimlərə ehtiyacı var. Bunu nəzərə alsaq, bu il Azərbaycanda son Bilik Günü tədbirində iştirak edirəm. Çox qəribə hisslər keçirirəm. Həm qürur dolu hisslərdir, həm də həsrət qoxulu. Bu gün həm də ona görə qürurlanıram ki, çoxsaylı nailiyyətləri olan yoldaşlarım arasında məhz mənim valideynimə Bilik Günü tədbirimizdə söz söyləmək haqqı verildi.  Valideynlərim, xüsusən atam mənim üçün ən böyük örnəkdir. Onun nailiyyətlərinin heç olmasa yarısına nail olmaq mənim də arzumdur”.

VIII sinifdən Zərifə Əliyeva adına liseydə təhsil alan Solmaz deyir onun üçün ən dəyərli Bilik Günü birinci sinfə getdiyi il olub: “Həm həyatımda ilk Bilik Günü olduğu üçün, həm də atamın iştirak etdiyi yeganə Bilik Günü olduğu üçün yaddaqalan olub. Atam hərbçi olduğu üçün heç vaxt iştirak etmirdi. İstərdim bu gün də yanımda olsun...” 

Mələk Niftəliyeva liseyin X sinif şagirdidir. Bilik Günündə o da özünü xoşbəxt hiss edir:

“IX sinif buraxılış imtahanlarda 270 bal topladım. Bu liseydə oxuduğum üçün qürur duyuram. Ümid edirəm ki, hər birimiz üçün bu il çox uğurlu olacaq”.

Buraxılış imtahanlarında 300 bal toplayaraq ən yüksək nəticə əldə edən Ramal Adıgözəlli də Bilik Gününü qeyd edən şagirdlər arasındadır:

“Zərifə Əliyeva adına liseydə ikinci ildir ki, təhsil alıram. Ötən il Bilik Günündə çıxış edən mən olmuşdum, bu il isə başqa bir şagird yoldaşım bu vəzifənin öhdəsindən məharətlə gəldi. Onları da qürurla izlədim. Mən liseyə də rekord nəticə ilə daxil olmuşam, hələ mənim rekordumu təzələyən olmayıb. Liseyə qəbul üçün maksimum bal 540-dır, mən 460-dan çox bal toplamışdım. Liseyə qəbul imtahanlarında 5-6 fənn olur, maksimum balı yığmaq çətindir”. 

XI sinif şagirdi Fateh Əhmədzadə Bilik Günü tədbirində Azərbaycan bayrağını qaldırdı:

“Bu vəzifə hər il əvvəlki ilin ən uğurlu şagirdinə verilir. Mən də liseyimizdə ötən il nailiyyətlər qazanmışam. Balacalar arasında Avropa İnformatika Olimpiadasında bürünc medal, Respublika Fənn Olimpiadasında qızıl medal qazanmışam. Ümumiyyətlə, olimpiadalara qatılaraq müxtəlif uğurlar qazanmışam. Buraxılış imtahanlarında da fərqlənmişəm. IX sinif buraxılış imtahanında 269 bal toplamışam. Hədəfim odur ki, XI sinif buraxılış imtahanında ən yüksək nəticəyə nail olum”.

Bu ilin ilk zəngi

Zeynəb Şərifova bu ilin ilk zəngini çaldı.

O, bu il liseyə qəbul imtahanlarında ən yüksək göstərici ilə fərqlənib. Liseydə ilk ili, ilk Bilik Günü, hətta ilk günüdür: “Elitar Gimnaziyadan gəlmişəm. Bizdə də fəal olimpiadaçılar vardı, amma Zərifə Əliyeva adına liseyin bu sahədə çox böyük nailiyyətləri var və mən də həmin qazananlardan olmaq istədim. Məktəbi 690-dan yuxarı bal toplamaq hədəfimdir. Gələcəkdə neyrocərrahiyyə sahəsində ixtisaslaşmaq istəyirəm”.