Laboratoriyadan peşəkar həyata: gələcəyin laborantları dövlət imtahanı verir – Reportaj
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində dövlət buraxılış imtahanları davam edir. İmtahan sessiyası çərçivəsində "Kimyəvi analiz laborantı" ixtisası üzrə təhsil alan tələbələr kimya fənnindən imtahan verərək qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan zamanı tələbələrin həm nəzəri hazırlıq səviyyəsi, həm də laboratoriya mühitində əldə etdikləri praktik vərdişlər qiymətləndirilib. Tələbələrin fikrincə, suallar tədris proqramına uyğun hazırlanıb və ixtisas üzrə öyrəndikləri bilikləri əhatə edib.
“Laboratoriyada işləmək bizi real iş mühitinə hazırlayır”
“Kimyəvi analiz” laborantı ixtisası üzrə təhsil alan Mehriban Həsənova imtahana ciddi hazırlaşdığı üçün suallar ona çətin görünməyib: “Kimya imtahanına yaxşı hazırlaşmışdım. Hər mövzunu dərindən analiz edib araşdırmışdım. İmtahan çox rahat keçdi. Suallar gözlədiyim səviyyədə idi və keçdiyimiz materiallara tam uyğun hazırlanmışdı. Bu baxımdan həm nəzəri, həm də praktik tapşırıqlar mənə çətin gəlmədi”.
Mehribanın sözlərinə görə, təhsil müddətində keçirilən laboratoriya məşğələləri onun peşəkar formalaşmasında mühüm rol oynayıb: “Laboratoriyada işləmək bizi real iş mühitinə hazırlayır. Müxtəlif analiz şüşələri, mexaniki və analitik tərəzilər, sentrifuqa kimi avadanlıqlarla işləməyi öyrənirik. Eyni zamanda təhlükəsizlik qaydalarına əməl etməyi, laboratoriya geyimlərindən düzgün istifadəni mənimsəyirik. Məsələn, reaksiya aparılan zaman saçların yığılması kimi vacib qaydalar da bizə öyrədilir”.
Tələbə bildirib ki, təhsil müddətində iştirak etdiyi reaksiyalar arasında ən çox “Gümüş güzgü” və “Qızıl yağış” reaksiyaları onun marağına səbəb olub: “Bu ixtisas mənə çox şey qazandırıb. Həm laboratoriya qaydalarını öyrənmişəm, həm də maraqlı kimyəvi proseslərlə tanış olmuşam. Gələcəkdə fəaliyyətimi kimyəvi analiz laborantı kimi davam etdirmək, laboratoriya analizləri sahəsində peşəkar mütəxəssis olmaq istəyirəm”.
“Məzun olduqdan sonra ixtisasım üzrə işləmək istəyirəm”
İmtahanda iştirak edən digər tələbə Səadət Əsədova da orta məktəb illərindən kimya fənninə xüsusi maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, sevdiyi fənn üzrə imtahan vermək onun üçün çətin olmayıb: “Kimya həmişə sevdiyim fənn olub. Buna görə də imtahana hazırlıq mənim üçün rahat keçdi. Suallar nə çox asan, nə də çox çətin idi, tam normal səviyyədə hazırlanmışdı. İmtahan zamanı daha çox nəzəri suallar üzərində düşünməli oldum”.
Səadət hesab edir ki, peşə təhsilinin əsas üstünlüklərindən biri tələbələrə peşəni dərindən mənimsəmək imkanı yaratmasıdır: “Laboratoriya işləri real həyatda qarşılaşacağımız bir çox prosesləri öyrənməyə kömək edir. Bu məşğələlər mənim peşəkar inkişafıma müsbət təsir göstərib. Ən çox maraq göstərdiyim təcrübələr isə “gümüş güzgü” reaksiyası və süni şimşəyin alınması olub”.
O, gələcəkdə ixtisası üzrə işləmək istədiyini də vurğulayıb: “Məzun olduqdan sonra öz ixtisasım üzrə çalışmaq istəyirəm. Düşünürəm ki, bu sahədə çalışmaq üçün lazımi bilik və bacarıqlara sahibəm”.
“Bəzi nəzəri suallar üzərində bir qədər çox düşünməli oldum”
“Kimyəvi analiz laborantı” ixtisası üzrə təhsil alan Aylin Pənayeva isə kimyanı sadəcə bir fənn deyil, həm də maraq dairəsi kimi gördüyünü bildirib. Onun sözlərinə görə, maddələrin tərkibini araşdırmaq və analizlər aparmaq ona xüsusi zövq verir. “İmtahana hazırlıq prosesində həm nəzəriyyəyə, həm də praktikaya diqqət yetirirdim. Kimyanı əzbərləmək yox, onun məntiqini anlamaq vacibdir. Buna görə də reaksiyaların mahiyyətini öyrənməyə çalışır, laboratoriya qeydlərimi mütəmadi olaraq təkrar edirdim. Sınaq imtahanları da hazırlıq prosesində mənə çox kömək etdi”.
Aylin bildirib ki, imtahan sualları proqram çərçivəsində hazırlanıb və dərsləri diqqətlə izləyən tələbələr üçün əlçatan olub. Tələbənin sözlərinə görə, laboratoriya məşğələləri ona yalnız peşə bilikləri deyil, həm də vacib şəxsi keyfiyyətlər qazandırıb: “Laboratoriya məşğələləri məndə dəqiqlik, məsuliyyət, səbir və müstəqil işləmək bacarığı formalaşdırıb. Kimyada bəzən bir damcı reagent və ya kiçik bir ölçü fərqi nəticəni dəyişə bilir. Buna görə diqqətli olmaq çox vacibdir”.
Aylin peşə təhsilinin ən böyük üstünlüyünü praktik yönümlü olmasında görür: “Burada nəzəriyyə ilə kifayətlənmirik. Öyrəndiyimiz bilikləri dərhal laboratoriyada tətbiq edirik. Bu da bizi gələcək iş həyatına hazırlayır. Laboratoriya olmasaydı, sadəcə formulları bilən biri olardım. Bu gün isə həmin bilikləri tətbiq edə bilən gələcəyin mütəxəssisi kimi formalaşıram”.
Onun ən çox maraq göstərdiyi təcrübələr isə “Kimyəvi buqələmun” və “Gümüş güzgü” reaksiyaları olub: “Maddələrin gözümüzün qarşısında rəng dəyişməsi və ya parlaq gümüş təbəqəsinin əmələ gəlməsi kimyanın nə qədər maraqlı elm olduğunu göstərir”.
Gələcək planlarından danışan tələbə qida sənayesi, əczaçılıq və ekoloji analiz laboratoriyalarında çalışmaq istədiyini bildirib: “Bu sahədə uğur qazanmaq üçün analitik kimya bilikləri, laboratoriya avadanlıqları ilə işləmək bacarığı, beynəlxalq keyfiyyət standartlarını bilmək və yüksək məsuliyyət hissi vacibdir”.
“Məzunlarımızın bir qismi işlə təmin olunur”
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin təlim və tədris işləri üzrə direktor müavini Xanlar Mikayılov bildirib ki, dövlət buraxılış imtahanları müəyyən edilmiş qaydalara uyğun, tam şəffaf şəkildə təşkil olunur.
Onun sözlərinə görə, 3 illik, 2 illik və 1 illik texniki peşə təhsili qruplarında təhsil alan tələbələr uzunmüddətli istehsalat təcrübəsini başa vurduqdan sonra əvvəlcə müəssisələrdə sınaq tapşırıqları yerinə yetirir və istehsalat xasiyyətnaməsi alırlar. Yalnız bundan sonra dövlət buraxılış imtahanlarına buraxılırlar.
“Dövlət buraxılış imtahanları üçün baza müəssisəsinin nümayəndəsinin sədrliyi ilə müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılır. İmtahan biletləri əvvəlcədən hazırlanaraq metodiki komissiyada müzakirə edilir, daha sonra konvertə yerləşdirilərək möhürlənir. Hər biletdə üç sual olur və suallar əsasən tapşırıq xarakterli tərtib edilir. Qiymətləndirmə zamanı tələbələrin bilikləri ilə yanaşı, praktiki bacarıqları və peşəyə yanaşmaları da nəzərə alınır”, – deyə Xanlar Mikayılov vurğulayıb.
Direktor müavini qeyd edib ki, imtahanların şəffaflığının təmin olunması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən hər bir qrup üçün xüsusi onlayn bağlantılar təqdim edilir: “İmtahan prosesi əvvəldən sonadək onlayn qaydada izlənilir və videoyazıya alınır. Hər hansı narazılıq yaranacağı təqdirdə tələbələr apellyasiya komissiyasına müraciət edə bilərlər. Lakin indiyədək belə bir hal qeydə alınmayıb”.
Xanlar Mikayılov son illər peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb:
“Mərkəzimizdə fəaliyyət göstərən emalatxanalar və laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bu da tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə imkan yaradır. Eyni zamanda əmək bazarı ilə əlaqələrimizi genişləndiririk. Qarşılıqlı əməkdaşlıq müqavilələri bağladığımız müəssisələr tərəfindən məzunlarımızın bir qismi işlə təmin olunur. Bu, peşə təhsilinin üstünlüklərindən biri və tələbələr üçün əlavə motivasiya mənbəyidir”.




