"Bir də görürsünüz ki, tanımadığınız bir uşaq böyük rəqibə çevrilir" - REPORTAJ
Məktəblilərin Respublika İdman Olimpiadasında 4-cü gündür. 700-dək məktəbli güləşçi düz 4 gündür ki, qurşaq tutub güclərini, döyüş texnikalarını nümayiş etdirir.
Məlumat üçün qeyd edək ki, olimpiadada sərbəst və Yunan-Roma güləş növlərində ümumilikdə 700-dək idmançı iştirak edir. 2012-2013-cü il doğumlu məktəblilərin iştirak etdiyi sərbəst güləş yarışlarında 400-ə yaxın idmançı 10 çəki dərəcəsində yarışıb və bu yarışın qalibləri mükafatlandırılıb. İyunun 23-dən Yunan-Roma güləşi üzrə idmançılar yarışır. Bu növdə 300-ə yaxın güləşçi yarışlarda iştirak edir. Dünən 5 çəki üzrə keçirilən görüşlərin finalçıları bəlli olub. Bu gün isə daha 5 çəki üzrə final görüşləri təşkil ediləcək. Onlar isə final mərhələsində sabah mövqelərini müəyyənləşdirəcəklər.
Çəkiölçmə mərasimi
Yarışın 4-cü günü. Gün yenə güləşçilərin ifadəsi ilə desək, “çəkiölçmə mərasimi” ilə başlayıb. Dünya Güləş Birliyinin qaydalarına və Azərbaycan Güləş Federasiyasının qoyduğu qaydalara əsasən, idmançılar mütləq tərəziyə çıxmalıdırlar. Olimpiadada çəkiölçmə vaxtı səhər saat 8.00 olaraq müəyyənləşdirilib.
5 çəki üzrə yarımfinal, 5 çəkidə güləşçilər isə finalda
III yer uğrunda mübarizə aparan idmançıların görüşündə də gərgin mübarizə gedir. Bu gün yarışlar Yunan-Roma güləşi üzrə idmançılar arasında təsəlliverici görüşlərlə başlayıb. Günortadan sonra 5 çəki dərəcəsində yarımfinal, daha 5 çəkidə isə final yarışları keçirilir.
“Dünya Olimpiya hakimi olacağam”
Hüseyn Eminov Sumqayıt şəhər 30 nömrəli tam orta məktəbin VII sinif şagirdidir. Məktəblilərin Respublika İdman Olimpiadasında 41 kilo çəki dərəcəsində yarışır: “O qədər yarışa çıxmışam ki, elə də çox həyəcanlanmıram. Ancaq hər yarışa çıxanda məsuliyyətimə görə bir az həyəcan olur. Bu yarışda finala çıxıb çempion olacağam. Çünki bunu çox istəyirəm. Ana-atamı, dayımı qalib olub sevindirmək, qürurlandırmaq istəyirəm”.
Onun bu əminliyi hər halda öz dili ilə desək, “inamlı qələbəsindən” doğub: “İlk görüşümü 9-3 hesabı ilə başa vurdum. Rəqibimə qarşı inamlı qələbə qazandım. Bundan sonra hələ 2 görüşdə rəqibimi məğlub etməliyəm ki, finala çıxım. Rəqiblərimin kim olacağı ilə maraqlanmamışam, ancaq bura yarışdır, bütün rəqiblər güclüdür”.
Güləşi hədəfinə çevirən balaca idmançı deyir ki, onu güləşməkdən qolunun sınması da uzaqlaşdıra bilməyib: “Martın 19-da özümdən böyük güləşçi ilə güləşəndə qolum sındı. Buna baxmayaraq, hər gün məşqə gəlirdim”.
O, 5 ildir yorulmadan, bezmədən güləşir: Məşqçim Sədi Quliyev həm də dayımdır. O məni güləşə cəlb etdi. Güləşməyə həvəsim vardı, artıq yaxşı güləşçi olmaq başlıca hədəfimdir. Gələcəkdə dünya Olimpiya hakimi, yaxşı məşqçi olacağam. Dayım da beynəlxalq hakimdir, mən də ona bənzəyəcəyəm”.
Məktəblilərin Respublika İdman Olimpiadasında seçilənlər U-15 yığma komandaya cəlb ediləcəklər
Azərbaycandakı idman məktəblərinin hamısı Məktəblilərin Respublika İdman Olimpiadasında təmsil olunub. Respublika Olimpiya İdman Liseyinin məşqçisi Taleh Məmmədov “Azərbaycan müəllimi”nə bildirib ki, 9 idmançı ilə qatılıblar: “Dünən 4 çəkidə güləşən idmançılarımızdan 2 nəfəri finaldadırlar. Bu gün isə 4 nəfər güləşir, onlardan biri uduzub, 3-ü davam edir. Onlardan birinin finala çıxacağına, demək olar ki, əminəm”.
Respublika İdman liseyinin Azərbaycan güləşinin böyük məktəblərindən olduğunu vurğulayan məşqçi idmançılarına ümidlərin böyük olduğunu bildirib: “Liseyimiz daha çox medal qazanmış idman məktəbi sayılır. İdmançılarımız arasında Avropa və dünya çempionatlarında iştirak edib ölkəmizə medal qazandıracaq olanlar çoxdur”.
Olimpiadanın keçirilməsinin ölkə bayrağını yüksəldəcək idmançıların aşkarlanmasında böyük əhəmiyyəti olacaq
U-15 yığma komandanın məşqçisi olan Taleh Məmmədov Məktəblilərin Respublika İdman Olimpiadasının keçirilməsinin ölkə bayrağını yüksəldəcək idmançıların aşkarlanmasında böyük əhəmiyyəti olacağını düşünür: “U-15 yığma komandanın yarışları bitib. Biz uşaqları müxtəlif turnirlərdən seçib yığma komandaya cəlb edirik. Bu yarış bizim üçün göydəndüşmə oldu. Burada diqqətimizi çəkən uşaqları qeyd edir, yarışın nəticəsindən asılı olaraq onları yığma komandaya seçirik. Həmin uşaqları daha da möhkəmləndirib Avropa, dünya üzrə keçirilən yarışlara hazırlayacağıq. Düşünürəm ki, bu olimpiadanın nəticələrinə görə yığmaya cəlb ediləcək uşaqlar arasında məktəbimizin yetirmələri də olacaq”.
Məşqçi deyir artıq başqa uşaqlar arasında da gözaltı etdikləri var: “Bu uşaq güləşidir. Bir də görürsünüz ki, tanımadığınız bir uşaq yenilik göstərib böyük rəqibə çevrilir. Olimpiadada 4-5 uşaq var ki, bu yarışlarda uduzsalar belə, potensialları var. Yaşca balaca olsalar da, onları da yığma komandaya cəlb edəcəyik”.
Azərbaycan Güləş Federasiyası Hakimlər Komitəsinin üzvü, Məktəblilərin Respublika İdman Olimpiadasında güləş yarışlarının katibi Sədi Quliyev “Azərbaycan müəllimi”nə bildirib ki, olimpiada Dünya Güləş Birliyinin qaydalarına uyğun keçirilir. Hakimin sözlərinə görə, ölkəmizdə ilk dəfə təşkil edilən Məktəblilərin Respublika İdman Olimpiadasında ab-hava çox yaxşıdır: “Hər şey qaydasındadır. İndiyədək hər hansı problem, şikayət olmayıb”.
Ölkədə sərbəst güləş üzrə daha çox maraq olduğunu vurğulayan Sədi Quliyev əlavə edib ki, olimpiadada Azərbaycanın bütün regionlarından məktəbli idmançılar iştirak ediblər: “Ölkədə fəaliyyət göstərən 50-yə yaxın idman məktəbləri, cəmiyyətlərin hamısı bu yarışda iştirak ediblər”.
Olimpiadada qadın güləşçi olmayıb. Sədi Quliyev bildirib ki, növbəti illərdə qadın güləşi də təmsil ediləcək: “Azərbaycanda qadın güləşçilər çoxdur, olimpiya mükafatçılarımız Mariya Stadniki ölkədə tanımayan yoxdur. Məktəblərdə qadın güləşinə maraq çox artıb. Bu il ikinci ildir ki, 15 və 17 yaşlılar arasında qadın güləşi üzrə ölkə birincilikləri keçirdirik. Bu ayın sonunda, yəni 29-30-da çimərlik güləşi keçiriləcək. Çimərlik güləşində 15 və 17 yaşlı məktəblilər iştirak edəcəklər”.
Sədi Quliyev qeyd edib ki, bu ilin sentyabrında Çimərlik güləş olimpiadası keçiriləcək. Yeniyetmələrin olimpiya oyunlarına da daxil edildiyindən bu növ üzrə də ölkə birinciliyi təşkil edilib.
Sabah güləşçilər üçün son gündür
Güləş üzrə yarışanlar arasında hər çəki dərəcəsində 2 nəfər finala yüksəlir. Bir çəki dərəcəsində 4 qalib olur. Bir nəfər I, bir nəfər II və 2 nəfər isə III yeri tutur. Olimpiadanın nəticələrinə görə 10 çəkidə 40 mükafatçı olacaq. Onlardan bir nəfər I, 10 nəfər II və 20 nəfər III yerin sahibi olaraq mükafatlandırılacaqlar”.
Güləş üzrə yarış qaydalarına görə, hər çəki dərəcəsində 2 nəfər finala yüksəlir. Bir çəki dərəcəsində 4 qalib olur. Bir nəfər I, bir nəfər II və 2 nəfər isə III yeri tutur. Olimpiadanın nəticələrinə görə, 10 çəkidə 40 mükafatçı olacaq. Onlardan bir nəfər I, 10 nəfər II və 20 nəfər III yerin sahibi olaraq mükafatlandırılacaqlar.




