Uşaqlar oyunla öyrənir, jestlər mətnə çevrilir: “Baku ID 2026”dan REPORTAJ

18 Sentyabr, 2026 - 15:59
Uşaqlar oyunla öyrənir, jestlər mətnə çevrilir:

İnnovativ ideyaların, texnologiyaya əsaslanan həllərin və gənclərin yaradıcılıq potensialının nümayiş olunduğu “Baku ID 2026” innovasiya festivalı çərçivəsində bir sıra maraqlı startap layihələri təqdim edilib. Təhsil, informasiya texnologiyaları, aqrar sektor və digər istiqamətləri əhatə edən layihələr iştirakçıların diqqətini çəkib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas maraq doğuran məqamlarından biri gənclərin öz ideyalarını layihəyə çevirərək təqdim etməsi olub.

Sərgi və təqdimat məkanında müxtəlif istiqamətlər üzrə hazırlanan startaplarla tanış olmaq mümkün idi. Gənc iştirakçılar həvəslə öz layihələri barədə məlumat təqdim edir, ziyarətçilərə ideyalarının hansı problemi həll etdiyini ətraflı izah edirdilər.

İnformasiya texnologiyaları üzrə startaplarda rəqəmsal həllər, proqramlaşdırma, süni intellekt və texnoloji innovasiyalar əsas diqqət yetirilən istiqamətlər idi. Bu layihələrin hazırlanmasında gənclərin texniki bilikləri ilə yanaşı, yaradıcı düşüncə və problem həll etmə bacarıqları da mühüm rol oynayırdı.
Aqrar sektorla bağlı startaplar isə kənd təsərrüfatında müasir texnologiyalardan istifadənin imkanlarını nümayiş etdirirdi. Bu istiqamətdə hazırlanan layihələr fermerlərin fəaliyyətinin səmərələşdirilməsi, resurslardan daha düzgün istifadə və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi kimi məsələlərə yönəlirdi. Gənc layihə müəllifləri aqrar sahədə mövcud problemlərin texnologiya vasitəsilə həllinə dair öz yanaşmalarını təqdim edirdilər.

Təhsil sahəsi üzrə startaplar stendlərdə xüsusi yer tuturdu. Bu startaplar daha çox gənclərin və məktəblilərin gündəlik fəaliyyətini asanlaşdıracaq həllərə yönəlib. Təhsil texnologiyalarına həsr olunan layihələrdə rəqəmsal alətlərdən və innovativ öyrənmə üsullarından istifadə edilən ideyalar xüsusi diqqət çəkirdi. Gənclərin təhsil sahəsinə olan marağı onların yalnız texnologiya deyil, sosial məsələlər üzrə də düşünməyə çalışdığını göstərirdi.

Təqdim olunan startaplar arasında müxtəlif sahələri birləşdirən ideyalar da diqqət çəkirdi. Layihələrdən bəziləri gündəlik həyatda rast gəlinən problemlərin həllinə, bəziləri isə müəyyən sahələrdə xidmətlərin daha rahat və əlçatan olmasına istiqamətlənirdi. Bu baxımdan tədbir həm innovativ ideyaların nümayişi, həm də onların inkişaf etdirilməsi üçün imkan yaradan platforma kimi çıxış edirdi.

“İstifadəçi sayımız 1 milyonu ötür”

“Baku ID 2026” iştirakçılarına yalnız startaplar deyil,  rəqəmsal təhsilə dair mövcud layihələr də təqdim edilirdi.

“Rəqəmsal məktəb” layihəsinin təqdimatını edən Sürət Mehdiyev bildirib ki, bu layihə ötən ildən Bakının bütün məktəblərində tətbiq olunur:

“Layihənin digər regionlarda da tətbiqinə başlanılır. Tətbiqə müəllim, şagird, valideyn və direktorun daxil olması mümkündür. Valideynlər övladlarının dərsə davamiyyəti, eyni zamanda qiymətləri ilə bağlı məlumat əldə edə, məktəb rəhbərliyi ilə birbaşa əlaqə yarada bilərlər. Həmçinin bu platformada süni intellekt alətləri də var. Məktəb rəhbərliyi, müəllimlər, şagirdlər bu platformadan ödənişsiz istifadə edərək, həmin alətlər vasitəsilə dəstək ala bilərlər. Tətbiqdə istifadəçi sayımız 1 milyonu ötür, təqribən 550-dən çox məktəbi əhatə edirik”.

“Məqsədimiz uşaqlara yeni bir öyrənmə metodu təqdim etməkdir”

“Liliotopia” layihəsinin iştirakçıları sərgidə 8 yaşa qədər uşaqlar üçün öyrədici ekosistemi təqdim edirdilər. Layihənin üzvü Leyla Talıbzadə bildirib ki, ekosistemdə mobil tətbiq, cizgi filmləri, musiqi və oyunlar yer alır:

“Hazırda xüsusi mobil tətbiq üzərində çalışırıq. Burada uşaqlara özünəməxsus dünyaya daxil olmaq imkanı yaradırıq. Onlar üçün yeni öyrənmə metodları tətbiq edirik. Ənənəvi metoddan fərqli olaraq bu oyunlaşdırılmış metoddur. Uşaqlar bunu əylənərək etdikləri üçün bəzən yeni nə isə öyrəndiklərinin fərqinə varmırlar. Onlar müxtəlif kateqoriyalarda oyunlar oynayaraq yeni mövzular öyrənirlər. Burada biz uşaqlara əlifbanı, ədədləri öyrətməklə yanaşı, sosial bacarıqları da aşılayırıq. Həmçinin mədəni irsimizi, tariximizi, gəzməli yerlərimizi onlara öyrətməyə çalışırıq. Məqsədimiz yeni bir öyrənmə metodunu uşaqlara təqdim etməkdir”.

Eşitmə məhdudiyyətli şəxslərin həyatını asanlaşdıran layihə

“ChevirUp” layihəsinin üzvü Lalə İbadullayeva bildirib ki, startapları eşitmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulub. Bu layihə belə şəxslərin həyatının daha da asanlaşdırılmasına xidmət edir:
“Azərbaycanda hazırda 13 min nəfər eşitmə məhdudiyyətli şəxs var. Biz onların işarə dili ilə ünsiyyət qurmasını asanlaşdırmaq üçün bu prosesi həyata keçiririk. Tətbiq vasitəsilə şəxsin ancaq əl hərəkətlərinə fokuslanaraq onun danışanın nitqini başa düşməsini asanlaşdırırıq. Bu tətbiqlə qarşı tərəfdəki insanın jest dilini yazılı mətnə çevirmək mümkün olur. Biz jest dilini onlar üçün ən əlçatan versiyaya çatdırmağı hədəfləyirik. Əlavə olaraq qeyd etmək istəyirəm ki, data şəbəkəmiz ADA Universitetində hazırlanıb. Amma hazırda iş Qarabağ Universiteti və Bakı Dövlət Universitetinin əməkdaşlığı əsasında aparılır”.

Gənclər üçün 3 aylıq təcrübə proqramları təklif edilir

“Devlab” layihəsinin üzvü Fərid Mustafayev qeyd edib ki, bu gün İT və digər sahələrdə işləməyə hazır olan gənclər olsa da, onların praktiki cəhətdən təcrübə keçəcəyi yerlər yoxdur:
“Biz ”Devlab” olaraq, nəzəri bilikləri olan gənclər üçün 3 aylıq təcrübə proqramları təklif edirik. Gənclər bu müddətdə nəzəri biliklərini praktikada tətbiq edərək özlərini inkişaf etdirə bilirlər, bunun üçün3 ay ərzində onlara hər həftə spesifik bir işin həyata keçirilməsi tapşırılır. Biz bunun üçün onlara mentor dəstəyi də göstəririk”.

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində təqdim olunan startaplar bir daha göstərir ki, innovasiya yalnız texnoloji yeniliklərlə məhdudlaşmır. Yeni ideyanın əsas məqsədi mövcud problemi fərqli yanaşma ilə həll etmək və cəmiyyət üçün faydalı nəticə yaratmaqdır. Gənclərin təhsil, İT, aqrar sektor və digər sahələr üzrə layihələr hazırlaması bu istiqamətdə marağın artdığını göstərən nümunələrdəndir.

Festivaldakı təqdimatlar iştirakçılara gələcəyin texnologiyalarına dair yeni ideyalarla tanış olmaq imkanı verirdi. Hər bir layihə müəllifi öz yanaşmasını, gördüyü problemi və təklif etdiyi həlli təqdim etməyə çalışırdı. Bu isə startap mühitində ideya, əməkdaşlıq və yenilikçiliyin əhəmiyyətini ön plana çıxarırdı.

Uşaqlar oyunla öyrənir, jestlər mətnə çevrilir:
Uşaqlar oyunla öyrənir, jestlər mətnə çevrilir: