"Çempion olacağımı gözləmirdim...” – məktəbli badmintonçuların böyük sevinci - REPORTAJ

25 İyun, 2026 - 13:02
"Çempion olacağımı gözləmirdim...”

Badminton raketlərinin sürətlə havanı yarıb keçdiyi, hər xal uğrunda gərgin mübarizənin yaşandığı dörd günün ardından Məktəblilərin Respublika İdman Olimpiadasının badminton yarışlarında ən güclülər müəyyənləşəcəkdi. Meydançada təkcə qələbə uğrunda mübarizə deyil, həm də əzm, intizam və aylarla davam edən məşqlərin nəticəsi nümayiş etdirilirdi. Və nəhayət final mərhələsi bitir. Hakimlər oyunları qiymətləndirməyə başlayırlar. İdman zalında həyəcan artır. Bir neçə dəqiqə əvvəl başa çatan final görüşlərinin ardından qaliblərin sevinc dolu səsləri, məşqçilərin təbrikləri və valideynlərin alqışları zalı bürüyür. Və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində keçirilən yarıçların final mərhələsində yaşanan bu möhtəşəm görüntü neçə-neçə məktəblinin yaddaşında uzun müddət qalacaq.

Onu da deyək ki, dörd gün davam edən yarışlarda 7 idman məktəbindən 129 badmintonçu qüvvəsini sınayıb. Onlardan 68-i oğlan, 61-i isə qız idmançı olub. Dörd gün davam edən yarışlarda şəxsi, qoşa və qarışıq qoşa kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilib.

Mükafatlandırma mərasimindən sonra üzlərində həm sevinc, həm də qürur hiss olunan gənc idmançılarla söhbətləşirik.

"Olimpiadanın ilk dəfə keçirilməsi bu qələbəni mənim üçün daha da dəyərli etdi”

Qoşa yarışlarda olimpiadanın çempionu olan Lalə İsmayılovanın boynunda qızıl medal parıldayır. Dörd il əvvəl badminton raketini ilk dəfə əlinə alan məktəbli qız bu gün artıq ölkə səviyyəsində uğurlar qazanır. Həm Bakı çempionatında I, respublika birinciliyində II yerlərin sahibidir. Lalə həmçinin Gürcüstanda badminton üzrə keçirilən beynəlxalq çempionatda I yerə layiq görülüb. Yaşı az, uğurları çox olan yeniyetməmiz Bakıdakı 27 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdidir.

Deyir ki, badmintonu çox sevir:

"Bəzən məşqlərdən yorulsam da, heç vaxt dayanmaq barədə düşünməmişəm. Hər yarış mənə yeni təcrübə qazandırıb. Bu gün qazandığım qızıl medalın arxasında çoxlu məşq, zəhmət və əzm dayanır. Olimpiadanın ilk dəfə keçirilməsi bu qələbəni mənim üçün daha da dəyərli etdi", - deyə Lalə qeyd edir.

Onun sözlərinə görə, ən böyük arzusu gələcəkdə Azərbaycanın tanınmış badmintoncusu olmaqdır:

“Məşqçilərim Tural müəllim və Elçin müəllim hər zaman bizə inanıblar. Qələbə qazandığım ilk anda ağlıma gələn də onların əziyyəti oldu. Bu uğurda onların payı çox böyükdür”.

“Həm idmanda, həm də təhsildə uğur qazanmaq istəyirəm”

Lalənin komanda yoldaşı Fatimə İsmayılova da sevincini gizlədə bilmir. O da olimpiadanın çempionu olub.

Bakıdakı 210 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi olan Fatimə 4 ildir ki, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində badmintonla məşğul olur:

“Final oyunundan sonra hiss etdiyim duyğuları sözlə ifadə etmək çətindir. Çünki bu medal mənim üçün sadəcə mükafat deyil, zəhmətimin nəticəsidir. Hər məşqdə özümə söz verirdim ki, daha yaxşı olacağam. Bu gün bunun bəhrəsini gördüm”, - deyə Fatimə bildirir.

Gələcəklə bağlı planlarından danışarkən isə o, maraqlı bir arzusunu bölüşür:

“Hüquqşünas olmaq, gələcəkdə hakim kimi fəaliyyət göstərmək istəyirəm. Amma badminton da həyatımın vacib hissəsidir. İstəyirəm həm təhsildə, həm də idmanda uğur qazanım”.

İlk böyük qələbənin sevinci

12 yaşlı Elmar Mikayılov üçün Məktəblilərin Respublika İdman Olimpiadasının xüsusi əhəmiyyət daşıyır. Çünki badminton karyerasının ilk böyük uğurunu məhz burada əldə edib:

“Medal qazanacağımı arzulayırdım, amma çempion olacağımı gözləmirdim.Adımın çempionlar sırasında qeyd olunması məni çox qürurlandırdı. İlk dəfə belə bir nüfuzlu olimpiadada fəxri kürsüyə qalxdım. Bu hissi heç vaxt unutmayacağam”, – deyə Elmar gülümsəyərək danışır. O da Bakı çempionatında II, respublika birinciliyində III yerin sahibidir.

Elmar deyir ki, artıq qarşısına yeni məqsədlər qoyub: “İndi daha çox çalışmalıyam. İstəyirəm gələcəkdə respublika çempionu olum, sonra isə beynəlxalq yarışlarda medal qazanım”.

İki qardaşın ortaq arzusu

Yarışın maraqlı məqamlarından biri də Qarayev qardaşlarının uğuru olub. Bakıdakı 61 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olan hər iki qardaş dərslərini də yaxşı oxuyurlar. İsmayıl 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində, Murad isə Respublika İdman Məktəbində badmintonla məşğul olur. İsmayıl Qarayev yarışın qoşa kateqoriyasında qızıl, tək yarışlarda isə bürünc medal qazanıb:

“Qələbə qazananda ilk olaraq doğmalarımı, məqçilərimi düşündüm. Onlar həmişə mənə dəstək olublar. Bu medal məni daha böyük hədəflərə ruhlandırır. Arzum tanınmış badmintonçu olmaqdır", - deyə İsmayıl bildirir.

Onun kiçik qardaşı Murad da, məşqçilərin dediyinə görə, ümidverici idmançılardan sayılır. Öz yaş qrupu üzrə Bakı birinciliyində üç kateqoriya üzrə qalib olan Murad qardaşı ilə eyni yolu davam etdirmək niyyətindədir:

“Biz evdə də badminton haqqında danışırıq. İsmayılın yarışlarını izləyirəm və ondan öyrənirəm. İstəyirəm gələcəkdə birlikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edək”.

“Azərbaycan çempionları, hətta beynəlxalq yarışların qalibləri yetişir”

Məşqçilərin sevincinin isə xüsusi səbəbi var. Respublika İdman Məktəbinin məşqçi-müəllimi Tural Rəsulov hesab edir ki, Məktəblilərin Respublika İdman Olimpiadası istedadların üzə çıxarılması baxımından mühüm layihədir:

“Bu yarışlarda uşaqlar təkcə medal uğrunda mübarizə aparmırlar. Onlar özlərinə inanmağı, məsuliyyət daşımağı və qalib ruhunu öyrənirlər. Bu gün onların gözlərində gördüyümüz sevinc illərlə çəkilən zəhmətin nəticəsidir".

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Elçin Mehdiyev isə yetirmələrinin nəticələrindən qürur duyduğunu bildirir:

“30 məktəbli idmançı ilə təmsil olunmuşduq. Onlardan 25-i medal qazandı. Təbii ki, məşqçi olaraq çox sevinirəm. Əldə etdiyimiz 12 qızıl, 6 gümüş və 7 bürünc medal təsadüf deyil. Uşaqlarımız hər gün böyük həvəslə məşq edirdi, öz üzərlərində çalışırdılar. Mən onların hər biri ilə fəxr edirəm”.

Məşqçi vurğulayır ki, bu gün medal qazanan uşaqların arasında gələcəyin Azərbaycan çempionları, hətta beynəlxalq yarışların qalibləri yetişir.

Böyük uğurların başlanğıcı

Məktəblilərin Respublika İdman Olimpiadası bir daha göstərdi ki, Azərbaycanın həm orta ümutəhsil müəssisələrində, eyni zamanda idman məktəblərində  idmana maraq yüksəkdir və gənc istedadların sayı kifayət qədər çoxdur. Bu gün fəxri kürsüyə qalxan məktəblilər üçün qazanılan medallar sadəcə mükafat deyil, gələcəyə açılan yeni qapıdır.

Onların gözlərindəki sevinc, məşqçilərinin qüruru və valideynlərin alqışları isə bir həqiqəti təsdiqləyir: böyük çempionların yolu məhz belə yarışlardan başlayır.

Foto: Kənan Qafarov

"Çempion olacağımı gözləmirdim...”
"Çempion olacağımı gözləmirdim...”
"Çempion olacağımı gözləmirdim...”