30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən REPORTAJ

25 Avqust, 2026 - 13:29
30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən

Vətən müharibəsində qəhrəmanlıqları ilə adını tarixə yazdıran, torpaqlarımızın azad edilməsində şücaət göstərib şəhidlik zirvəsinə ucalan ərənlərin bu vətənə əmanət etdiyi 30 uşaq və yeniyetmə bir araya gəldi. Bir-birini tanımayan, amma atalarının adının birləşdirdiyi bu uşaqların hər birinin ayrı bir dünyası var. Birinin çox böyük xəyal gücü, o birinin təhlil bacarığı, üçüncüsünün riyazi təfəkkürü, dördüncüsünün kimyagərliyi...
Müxtəlif bacarıqların, müxtəlif xarakterlərin, müxtəlif hisslərin birləşdiyi bu məkan Şamaxı rayonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi olsa da, adı Zəfərlə bağlıdır. Artıq neçə illərdir bu ad altında həyata keçirilən fəaliyyətləri maraqla izləyirik. “Zəfər” düşərgəsi bu il də  gələcəyin liderlərinin yetişdiyi zəngin bir inkişaf platforması kimi qapılarını iştirakçılarının üzünə açıb. Avqustun 21-dən başlayan düşərgədə ayın 24-dək Azərbaycanın müxtəlif bölgələrində yaşayan 12-16 yaşlı 30 şəhid övladı müxtəlif fəaliyyətlərə cəlb olunub. Uşaqların gələcəyinə yön vermək, planlarına aydınlıq gətirmək istiqamətində təlimlər təşkil edilib. 

Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin şəhid övladları üçün təşkil etdiyi “Zəfər” yay düşərgəsində “Azərbaycan müəllimi” də uşaqlarla birlikdə vaxt keçirib.

“Düşərgə çox maraqlıdır”

Şəhid mayor Natiq İsmayılovun oğlu Ömərlə qızı Gülər burada birlikdədirlər.

Ömər İsmayılzadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Buraxılış imtahanında 255 bal topladığını deyən Ömər bununla çox yaxşı oxuduğunu vurğulayır. Ümumi təhsil pilləsini uğurla tamamlayan Bakı məktəblisinin ən sevdiyi  fənn kimyadır. Gələcəkdə ürək cərrahı olacaq. “Zəfər” düşərgəsində ilk iştirakı deyil: “Düşərgə çox maraqlıdır. Bu düşərgənin ən çox xoşuma gələn cəhəti müəllimlərinin bizdə güclü maraq yaratmasıdır. Adamın burda ürəyi sıxılmır. Uşaqlarıın hamısı əylənir. Bir-birimizə daha tez qaynayıb-qarışırıq”.

Ömər deyir ki, “Zəfər” düşərgələri ona unudulmayacaq maraqlı xatirələr yaratmağa kömək edib: “İzmirdə olmuşuq, Moldovaya səfərimiz olub. Moldovada azərbaycanlılarla maraqlı görüşlərimiz olub. Bu il isə Şamaxıda olduq və burada günlər mənim üçün daha da maraqlı keçdi. Ona görə çox maraqlı idi ki, həm oynayıb, həm də həyatda bizim üçün gərəkli olacaq məlumatlar əldə etdik”.

Gülər İsmayılzadə isə Heydər Əliyev adına müasir Təhsil Kompleksinin VII sinif şagirdidir. Gələcəyi ilə bağlı qərarsızdır, riyaziyyatçımı olsun, rəssammı, onu hələ bilmir. Amma “Zəfər” düşərgəsi ilə bağlı təəssüratlarından əmindir: “Zəfər düşrgəsində keçən il də iştirak etmişdim. Bu il də keçənilki qədər maraqlı oldu”. 

Əkiz bacı-qardaş: “ Çoxlu maraqlı uşaqlarla tanış oldum”


“Zəfər” düşərgəsinin budəfəki sakinlərinin arasında daha bir bacı-qardaş var, özü də əkizdirlər. Şəhid Ramiz Cəfərovun əkiz övladlarının biri təlimə qatılıb, o biri yox. 
Nurlanə Cəfərova X sinif şagirdidir. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin şagirdidir. Deyir ki, qardaşı özünü pis hiss etdiyi üçün otağına gedib. 

Ailəsinin son beşiyi olan əkiz uşaqlardan əvvəl ailəyə 3 qız gəlib: “Böyük bacılarımız  ailəlidir. 20 yaşlı tələbə bacım Nərgiz də bizim kimi “Zəfər ”düşərgələrinə qatılıb. Onu hətta başqa ölkələrə də aparıblar. Nərgiz III dəfədir iştirak edir. Bu il onu Almaniyaya aparmışdılar”. 
Səhhəti pisləşən Nurlan da qatılır bizə. Şamaxının havası ona düşməyib: “İlk dəfə “Zəfər” düşərgəsində oldum. Bura çox qəşəngdir. Çoxlu maraqlı uşaqlarla tanış oldum”.

Nurlan coğrafiyanı öyrənməyi çox sevir. Bu baxımdan Şamaxı ona xüsusilə maraqlı olub. 

“Bu təlimlər azı 3-4 nəfərin düşüncələrini “oğurlayıb” onları yönəltmək üçün çox böyük imkandır”

Açıq havada oyun formasında keçən təlimin ardınca uşaqlar auditoriyada toplaşdılar. Düşərgənin ilk günündə onlarla təlimçi Fərid Seyfullayev işlədi. Xarakter üzrə mütəxəssis “Rəqəmsal asılılıq və diqqətin idarə olunması təlimi”in ilk hissəsində uşaqların bir çoxunun xarakterini müəyyən edib. Xəyalpərəsti gözündən tanıyıb, realisti baxışından...

2 saatlıq təlimin ardından “Azərbaycan müəllimi” ilə “Zəfər” düşərgəsində təcrübəsini paylaşıb: “Bu, mənim həyat fəlsəfəmdir: inkişaf. Özümün həyatım belə gətirib ki, müəyyən dövr fəaliyyətsiz olsam da, sonradan özümü dəyişdirib fəallaşaraq çoxlu uğurlar əldə etmişəm. Ona görə hər uşağa belə yanaşıram, bilirəm ki, hər uşaq potensiallıdır. Hər uşağın doğuşdan hansısa istedadı var, sadəcə onu kəşf etmək lazımdır. Çünki ailələrin, bəzən mühitin təsiri ilə potensiallar basdırılır. Bu təlimlərə mən bir imkan kimi baxıram. Ən azı 3-4 nəfərin düşüncələrini “oğurlayıb” onları yönəltmək üçün çox böyük imkandır. Düşünürəm ki, bu da belə düşərgələrdən biri oldu. Bu imkandan istifadə edib inkişaf etmək istəyənlər görüb götürdülər. Çünki inkişaf və uğurlu olmaq hər birimizin hədəfidir. Biz də çalışırıq ki, onlar özlərini tapsınlar”.

Düşərgənin məşhur ziyarətçiləri

Düşərgənin növbəti günləri də maraqlı keçib. "İnnovativ liderlik və komanda işi", “Rəqəmsal gələcək: İnnovasiya, suni intellekt və kibertəhlükəsizlik təlimi”, İntellektual yarış, yaradıcılıq və kulinariya masterklasları təşkil edilib. Masterklasda əl işləri və kulinariya ilə bağlı olub. Uşaqlar dekorasiyalar hazırlayıb, şirniyyatlar bəzəyiblər. 

Uşaqları düşərgədə ziyarət edənlər də çox olub. Vilayət Quliyevlə, Osman Gündüzlə görüşləri uşaqların yaddaşlarında iz buraxıb. Düşərgəni ziyarət edənlər arasında AFFA rəsmiləri də olub. AFFA Baş katibinin müavini Elçin Məmmədov, AFFA Sosial və ətraf mühit dayanıqlığı departamentinin rəhbəri Kifayət Mustafayeva və “ Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə maraqlı söhbətləri ilə yadda qalıb.

“Məktəbli şəhid övladları üçün interaktiv və intellektual yay düşərgəsi təşkil etdik"

Layihənin təşkilatçısı olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, düşərgənin əsas məqsədi şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini səmərəli təşkil etməkdir. Layihə çərçivəsində iştirakçılar təcrübəli mütəxəssislərin təlimlərində yer alaraq komanda işi, liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda, məktəblilər üçün intellektual oyunlar, idman yarışları, əyləncəli proqramlar və innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə motivasiya görüşləri keçiriləcək: “Hər il “Zəfər” yay düşərgəsində uşaqların asudə vaxtlarını səmərəli təşkil etməyə çalışırıq. Məktəbli şəhid övladları üçün interaktiv və intellektual yay düşərgəsi təşkil etdik. Düşərgə proqramı uşaqların dünyagörüşünün və sosial bacarıqlarını inkişaf etdirməyə yönəlib. Şamaxıda uşaqlar həm idmanla məşğuldur, həm intellektual yarışlarda iştirak etdilər. İnnovativ təlimlərə qatıldılar. Müxtəlif bölgələrdən olan uşaqlar bir-birləri ilə əlaqə yaratdılar, hətta bir-birinə bağlandılar. Həm biliklərini, həm də hiss və həyəcanlarını paylaşıb, dostluq münasibətləri qurdular. Biz belə düşünürük ki, onların öz şəbəkələrini qurmaları baxımından belə düşərgələr çox əhəmiyyətlidir”.

30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən
30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən
30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən
30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən
30 uşaq, 30 dünya: “Zəfər” düşərgəsindən