Gələcəyini peşə ilə quranlar – Cənub bölgəsindən REPORTAJ

10 Sentyabr, 2026 - 09:19
Gələcəyini peşə ilə quranlar

Peşə təhsilinə marağın artdığını rəqəmlərdən əvvəl mənzərə özü göstərir. Qəbul prosesinin davam etdiyi günlərdə “Azərbaycan müəllimi” olaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində  və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olduq. 
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində səhər saatlarından etibarən hərəkətlilik hökm sürür. Dəhlizlərdə sənədlərini qucaqlayıb növbəsini gözləyən gənclər, qəbul prosesinin incəliklərini öyrənməyə çalışan valideynlər, sənədləri yoxlayan əməkdaşlar... Bir tərəfdə sevinc, digər tərəfdə həyəcan hiss olunur. Qəbulun növbəti mərhələsinə keçən namizədlər sənədlərini təsdiqlətmək üçün mərkəzə üz tutublar.

Buraya gələnlərin əksəriyyəti valideynləri ilə birlikdədir. Bəzilərini anaları, bəzilərini ataları, digərlərini isə əsasən babaları müşayiət edir. Yaşı 18-dən aşağı olan şəxslərin qeydiyyat prosesində valideyn və ya birinci dərəcəli qohumun iştirakı tələb olunduğundan mərkəzdə ailə üzvlərinin sayı da az deyil.

45 ixtisas üzrə qəbul aparılır

Öyrənirik ki, 2026/2027-ci tədris ili üzrə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi üçün ümumilikdə 1040 plan yeri ayrılıb. Bunun 835-i dövlət sifarişli, 205-i isə ödənişli əsaslarla nəzərdə tutulub. Beləliklə, plan yerlərinin 80,3 faizi dövlət sifarişli əsaslarla təqdim olunur.

Ərazi bölgüsünə görə Lənkəranda 760 dövlət sifarişli və 200 ödənişli olmaqla 960, Lerik korpusu üzrə isə 75 dövlət sifarişli və 5 ödənişli olmaqla 80 yer ayrılıb. Bu il mərkəzdə ümumilikdə 45 ixtisas üzrə qəbul aparılır. Onlardan 41-i Lənkəranda, 4-ü isə Lerik korpusunda tədris olunacaq.
Mərkəzdən onu da qeyd edirlər ki,  tələbə statusu qazananların təxminən yarısını qadınlar təşkil edir.

Qadınların peşə təhsilinə marağı artıb

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində müraciət edən qadın və kişi namizədlərin nisbəti demək olar ki, bərabərdir. Müraciətlərin təxminən 50 faizini qadınlar, 50 faizini isə kişilər təşkil edir.
Bu il mərkəzdən məzun olanların 58 faizi də qadınlardır. Bu göstərici qadınların peşə təhsilinə marağının getdikcə artdığını və onların əmək bazarında tələb olunan müxtəlif peşələrə daha fəal yönəldiyini göstərir.
Mərkəzdə hesab edirlər ki, regionda turizm, ictimai iaşə, xidmət, gözəllik sənayesi, tekstil, kənd təsərrüfatı və digər sahələrin inkişafı həm qadın, həm də kişi məzunlar üçün geniş məşğulluq imkanları yaradır.

Gənclər ən çox hansı ixtisasları seçirlər?

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində bugünədək ən çox müraciət “Aşpazlıq” ixtisasına olub. Bu ixtisas üzrə 552 müraciət qeydə alınıb.

“Avtomobil diaqnostikası və təmiri ustası” ixtisasına 459, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisasına 455, “Avtomobil üzrə elektrik” ixtisasına 448, “Kompüter sistemlərində proqramlaşdırma” ixtisasına müraciət edənlərin sayı isə 443 nəfər olub.
Beləliklə, qeyd olunan beş ixtisas üzrə ümumilikdə 2357 müraciət qeydə alınıb.

Mərkəzdə hesab edirlər ki, gənclərin bu ixtisaslara üstünlük vermələri Lənkəran-Astara iqtisadi regionunun sosial-iqtisadi xüsusiyyətləri ilə birbaşa bağlıdır. Turizm, ictimai iaşə, xidmət, nəqliyyat və informasiya texnologiyaları sahələrində kadrlara olan yüksək tələbat gənclərin peşə seçimlərinə də təsir göstərir.

Yeni ixtisas: “Baytarlıq və heyvandarlıq işi”

Bu il Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili səviyyəsində yeni “Baytarlıq və heyvandarlıq işi” ixtisası açılıb.

Mərkəzin məlumatına görə, bu ixtisas üzrə tədris proqramları Lənkəran Dövlət Universitetinin müvafiq proqramları ilə uyğunlaşdırılıb. Tələbələr tədrisin bir hissəsini universitet bazasında keçəcək, məzunlar isə sonradan ali təhsillərini davam etdirmək imkanı əldə edəcəklər.

“Gələcəkdə öz studiyamı yaratmaq istəyirəm”

Qəbul üçün gələnlər arasında Lənkəran rayonunun Kənarmeşə kənd tam orta məktəbinin məzunu Mirtofiq Heydərov da var. O, dostlarının və müəllimlərinin tövsiyəsi ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa qərar verdiyini deyir.Mirtofiq “Video çəkiliş üzrə operator” ixtisasını seçib. Onun sözlərinə görə, bu ixtisası seçməsində  dostunun təsiri böyük olub: “Dostum burada təhsil alır.Bu sahəyə olan marağımı və həvəsimi görüb məni də bura yönləndirdi. Gələcəkdə öz studiyamı yaratmaq, bu sahədə peşəkar fəaliyyət qurmaq istəyirəm”.

Əsgər anasının yeni arzusu

Sənədlərini təsdiqlətmək üçün gələnlər arasında Mətanət Kərimova da diqqət çəkir.O,Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin məzunudur. Uzun illərdir qənnadçılığa xüsusi maraq göstərir və arzularının ardınca gedərək Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Qənnadçı-şirniyyatçı” ixtisasına qəbul olunub. 3 övlad anası olan müsahibimizin oğlu hazırda hərbi xidmətdədir.

Bildirir ki, şirniyyat hazırlamağı çox sevir: “ Bu sahədə əl qabiliyyətimin olduğunu düşünürəm. İstəyirəm ki, bacarıqlarımı daha da inkişaf etdirim. Məqsədim gələcəkdə bu işi biznesə çevirərək öz fəaliyyətimi qurmaqdır”.

“Qızım ürəyi istəyən peşəni seçib”

Mərkəzdə diqqətimizi çəkənlərdən biri də həyəcanlı görünən ana və qız olur. Söhbət zamanı öyrənirik ki, onlar Lənkəran rayonunun Zövlə kəndindən gəliblər. Gənc qız həyəcanlı olduğundan söhbətə anası Ramidə Quliyeva başlayır: “Qızım ürəyi istəyən peşəni seçib. Dizayner olmaq arzusunu bölüşəndə biz də onu dəstəklədik. Hesab edirik ki, insan sevdiyi peşə ilə məşğul olanda daha uğurlu olur”.

Cəlilabadda da peşə təhsilinə maraq yüksəkdir

Eyni mənzərəni Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində də müşahidə etdik. Burada da sənəd qəbulu və qeydiyyat prosesi gənclərin peşə təhsilinə artan marağını aydın şəkildə ortaya qoyurdu.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi üzrə də qəbul göstəriciləri diqqət çəkir.Belə ki, Mərkəz üçün 880, Cəlilabad Peşə Məktəbi üçün isə 140 plan yeri ayrılıb. Beləliklə, ümumi plan yerlərinin sayı 1020-dir. Bu yerlərin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarla təqdim olunur.

Ən çox maraq göstərilən ixtisaslar arasında “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” öndə qərarlaşıb. Bu ixtisasa 550 müraciət daxil olub. “Avtomobil üzrə elektrik ixtisasına” 321, “Bərbər-vizajist-manikürçü” ixtisasına 294, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisasına 235, “Veb dizayn və proqram təminatı üzrə 215, “Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə)” ixtisasına 195, “Mühasibat uçotu” ixtisasına isə 186 müraciət olub.
Bu il əmək bazarının tələbləri nəzərə alınaraq müəssisədə “Günəş panelləri quraşdırıcısı”, “Aqroservis mütəxəssisi”, “Baytar texniki, istixana operatoru”, “Avtomobil üzrə elektrik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” kimi ixtisaslara xüsusi diqqət ayrılıb. 

Peşə təhsili yeni imkanlar açır

Həm Lənkəran, həm də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərinin qəbul göstəriciləri region gənclərinin peşə təhsilinə marağının artdığını göstərir. Müraciət statistikası, ən çox seçilən ixtisaslar və qəbul üçün mərkəzlərə üz tutan gənclərin hekayələri onu göstərir ki, peşə təhsili artıq yalnız alternativ seçim deyil, əmək bazarına daha sürətli inteqrasiya, sahibkarlıq təşəbbüsləri və karyera quruculuğu üçün real imkan kimi qəbul edilir.