Kiçik Motsartlar böyük səhnədə – Xor festivalından REPORTAJ
Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində məktəblərin xor kollektivləri idi. Böyük bir qala-konsert təsəvvür edin. Repertuarı xüsusi seçilmiş, əsasən uşaq, vətənpərvərlik, vətənə aid mahnılardan təşkil edilmişdi.
“Bu layihəni məktəblilərin, müəllimlərinin həyatlarında iz buraxan hadisə kimi qiymətləndiririk”
Söhbət Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Mədəniyyət könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Səslərimiz birləşsin” məktəblilər arasında birinci xor festivalının qala-konsertindən gedir.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini-sektor müdiri Ayla Həsənova-Məmmədova açılış edərək deyib ki, qala-konsert bir layihənin final tədbiri deyil, böyük bir işin, bir neçə aylıq zəhmətin, əziyyətin nəticəsidir. Xorla ifanın yüzlərlə şagirdin yaradıcı düşüncə tərzində, yumşaq bacarıqlarının formalaşmasında dəyişikliklər edəcəyini vurğulayan sektor müdiri xorun bir çox bacarıqlara, hətta akademik bacarıqların inkişafına təsir edəcəyini qeyd edib: “Xor kollektiv məsuliyyətin nəticəsidir. Hər kəs öz səsini qorumaqla kollektiv harmoniyaya qoşulur. Burada həm məsuliyyətin bölünməsi var, həm yekun məqsədə, hədəfə birgə addımlamağa verilən stimul. Xor vasitəsilə qazanılan təcrübənin başqa həyati proseslərdə də tətbiqi imkanı var. Bu layihəni məktəblilərin, müəllimlərin həyatlarında iz buraxan hadisə kimi qiymətləndiririk”.
“Bu səhnədə kiçik Motsartları görəcəyik”
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru, “Mədəniyyət könüllüləri” İctimai Birliyinin rəhbəri Elm və Təhsil Nazirliyinə dəstəyinə görə təşəkkür edib: “Bu dəstək sayəsində, sadəcə səslərimiz deyil, güclərimiz birləşib”.
Layihə Azərbaycanda ilk dəfə olacaq bir işi əhatə etdiyi üçün icrasında çox həyəcanlı olublar: “Müəllimlərin necə hazırlaşdıqlarını görəndə çox təəccübləndik. Məktəblər fərqli geyimlər, çox maraqlı ifalarla iştirak etdilər, biz də hər birini qiymətləndirdik. Bu səhnədə olmayan kollektivlər də sertifikatla təltif olunurlar”.
O, xorların fəaliyyətinin davamlı olması arzusunu da dilə gətirərərk “Sizin iştirakınızla davamlı konsertlər təşkil etmək istəyirik”, - deyib: ““Hər uşaqda bir Motsart var deyirlər”. Onu tapmaq ananın, müəllimin üzərinə düşür. Bu gün bu səhnədə kiçik Motsartları görəcəyik”.
Xalq artisti Gülyaz Məmmədova onlarla birlikdə oxudu
Sonra balaca Motsartların çıxışları başladı. Seçilmiş şagirdlərdən ibarət 14 xor kollektivi müxtəlif musiqi nömrələri təqdim etdilər. İlk səhnəyə çıxan “Qələbə” sədaları altında 160 nömrəli Klassik Gimnaziyanın “Bahar” uşaq xor kollektivi oldu.
Sonra 201 nömrəli tam orta məktəbin “Şirin notlar” xor kollektivi “Xoşbəxt olsun uşaqlar”,- dedilər.
276 nömrəli tam ümumtəhsil müəssisəsinin “Göy qurşağı” uşaq xor kollektivi “Kəndimiz” mahnısını, 149 nömrəli tam orta məktəbin “Bir səs, bir ürək” xor kollektivi “İgidlər” mahnısını ifa etdi. İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın “Elitar” uşaq xor kollektivi “Uşaqlar sevinsin həmişə”, 283 nömrəli məktəbin “Birlik” uşaq xoru “Sevimli diyar”, 261 nömrəli məktəb-liseyin “Harmoniya” xor qrupu “Yollar” oxudu.
Festivala Qarabağ məktəblərindən də qoşulanlar olub. Füzuli məktəbi - Mirmehdi Xəzani adına internat tipli musiqi təmayüllü gimnaziyanın təşkil etdiyi “Təranələr” uşaq xoru “Cənnətim Qarabağ” mahnısını ifa etdi.
“Füzuli kantatası” 24 nömrəli onbirillik musiqi məktəbinin “Həmahəng” xor qrupundan gəldi. Kollektivi təltif etmək üçün səhnəyə dəvət edilən Xalq artisti Gülyaz Məmmədova uşaqların çıxışlarından çox təsirləndiyini dedi. Xor kollektivi ilə birlikdə özü də ifa etdi.
Elm və Təhsil Nazirliyi rəsmisi onlarla selfi çəkdi
10 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinin xor kollektivinin ifasında “Şən Azərbaycan” mahnısından sonra növbə 6 nömrəli məktəb-liseyə çatdı. Müəssisənin xor kollektivi öz şirin, əyləncəli ifası ilə tamaşaçıları ovsunladı. Bəstəkar Emin Sabitoğlunun “Görüş yerimiz dünya” mahnısı hər kəsin qəlbinə yol tapdı. İfadan sonra onları təltif etmək üçün səhnəyə dəvət edilən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Rzayev heyranlığını dilə gətirdi, uşaqlara onların ifasını çox bəyəndiyini dedi. Tədbir iştirakçılarına bildirdi ki, layihə məktəblilər arasında xor sənətinin inkişafı, milli musiqi dəyərlərinin təbliği, kollektiv yaradıcılıq və ifaçılıq bacarıqlarının təşviqi məqsədi ilə maliyyələşdirilib.
O, ifaları dinlədikdən sonra layihənin bu məqsədə çatdığını da açıqladı və daha sonra uşaqlarla selfi etdi.
Səhnəyə öz mahnıları ilə çıxdılar
Bakı Avropa Liseyinin “BAL-LİSSİMO” uşaq xor kollektivinin “Azərbaycan” mahnısını ifasından sonra söz Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasına verilib. “Pişəvəri” uşaq xor kollektivi hamıdan fərqlənərək səhnəyə öz mahnıları ilə çıxıb. “Dünya bizim evimizdir” adlı mahnının müəllifi müəllim Lalə Şirindir.
Konsertə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı nöqtə qoyub. Mahnını Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin “Dəyanət sədası” uşaq xor kollektivi ifa edib.
Konsertdən sonra
Konsert bitdi.
Mahnı Teatrının qarşısında böyük qələbəlik yarandı. Uşaqlar həyatlarında bu tarixi günü müəllimləri və tədbir təşkilatçıları ilə birlikdə əbədiləşdirməyə çalşırdılar.
“Xorla ifa edəndə səsimiz daha güclü çıxır”
Müəllimlərin, şagirdlərin sevincləri hüdudsuzdur.
276 nömrəli tam orta məktəbin xor kollektivi şəkillər çəkdirir, sevinclə seçim prosesindən danışırlar. Müəllim Sevil Hüseynova “Azərbaycan müəllimi”nə dedi ki, 4 ay davam edən proses onlar üçün çox uğurlu olub. Bu müddətdə çoxlu maraqlı işlər görüblər: “Nəinki uşaqlarımız, elə biz müəllimlər üçün də maraqlı iş oldu. Səs yazıldı, aranjiman olundu. Bütün bu iş bizim üçün tamamilə yeni idi”.
Xor ifaçılarından biri Süleyman Babazadə VII sinif şagirdidir. Rus bölməsində təhsil alan məktəbli azərbaycanca mahnını çox səlis ifa edib və öz işindən olduqca razı qalıb: “Kəndimiz” mahnısını hazırlamışıq. Mənə çox maraqlı idi, çox xoşuma gəldi”.
Humay Həsənli “Göy qurşağı” uşaq xor kollektivində ifa etməkdən zövq alıb. V sinif şagirdi deyir ki. xorla ifa çox xoşuna gəlib: “Biz çox qəşəng oxuduq. Xorla oxumaq daha yaxşı idi. Tək oxumaq çətindir. Xorla ifa edəndə səsimiz daha güclü çıxır”.
“Xor qruplarının fəaliyyətinin davam edəcəyini düşünürəm”
“Mədəniyyət könüllüləri” İB-nin həmtəsisçisi Bəbir Bəbirli “Azərbaycan müəllimi”nə bildirib ki, məktəblərdə xor qruplarına çox böyük ehtiyac vardı: “Ehtiyacın bir qismini ödədik. Uşaqlar çox böyük sevgi, həvəslə iştirak etdilər, müəlimlərin çox böyük zəhməti oldu. Düşünürəm ki, bu işimiz, onun verdiyi töhfə görünəcək səviyyədədir”.
İş prosesindən də danışan həmtəsisçi bunun uşaqlar üçün maraqlı olduğunu vurğulayıb: “Uşaqların səsləri yazıldı, onlar üçün aranjiman olundu. Bu, həmin uşaqların həyatında tamamilə yeni bir şey oldu. Studiya görməyən uşaqların səsyazısı qeydə alındı, aranjiman prosesinin nəticəsini gördülər. Hər uşaq səhnədə, studiyada olmur. Onlar sevinir, biz də onların sevincindən həzz alaraq işimizi gördük”.
Bəbir Bəbirli bildirib ki, onlar məktəblilərlə say olaraq yanaşmayıb: “Şagirdlərə statistik yanaşmadıq. Qala konsertdə 14 məktəbin xor qrupu iştirak edir. Xor qruplarına uşaqların həvəsinə, seçilən musiqiyə uyğun sayda uşaqlar yığılıb”.
Ümumiyyətlə isə, layihədə daha çox məktəb iştirak edib: “Qala konserti cəmi 14 məktəbin ifasında təşkil olundu. Halbuki əvvəlcədən 10 qrupun ifasının daxil ediləcəyini elan etmişdik. Layihəyə qatılan kollektivlərin sayı 50-ni keçmişdi. Uşaqlar çox yaxşı iştirak etdilər. Ona görə də 10 yaxşı ifadan başqa 6 fərqlənən ifanı da konsert proqramına daxil etdik”.
Xor qruplarının fəaliyyəti davam edə bilər: “Biz prosesə start verdik və düşünürəm ki, uşaqların çox xoşuna gəldi. Ona görə xor qruplarının fəaliyyətinin davam edəcəyini düşünürəm”.
Qeyd edək ki, layihəyə Bakı şəhəri, Abşeron rayonu, Şirvan, Quba, Astara və Füzuli rayonlarını təmsil edən 51 məktəb kollektivi, 1022 məktəbli və müəllim qoşulub.




