Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
“Sertifikatlaşdırma və MİQ imtahanları nəticəsində fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Real TV-nin "Orta gün" verilişində söyləyib.
V.Yaqublu bildirib ki, əsas problem müəllimin öz fənninin tədrisi metodikasını bilməsi ilə bağlıdır:
“Tədris metodikasını bilmək "uşaq öyrənmək istəmir" postulatından uzaqlaşmaq deməkdir. Metodika elmi “öyrənməyi bacarmayan şəxsi necə öyrətmək olar?” sualına cavab verən elmdir. Ona görə də biz çalışırıq ki, müəllimlər öz fənlərinin tədris metodikasını bilsinlər.
Dərs demək dərslikdə yazılanı uşaqlara söyləmək deyil. Öyrənməyi bacaran uşaq elə dərslikdə yazılanı özü də oxuyub öyrənə bilir. Müəllimin funksiyası dərslikdə yazılanı daha rahat, müxtəlif formalarda uşaqların səviyyəsinə uyğun şəkildə çatdırmaq və onu qiymətləndirməkdir".




