Akademik güc regionlarda – alimlərin seçimi universitetlər üçün nəyi dəyişəcək?

18 May, 2026 - 10:38
Akademik güc regionlarda

Azərbaycanda ali təhsilin keyfiyyətcə yeni mərhələyə keçidi istiqamətində müzakirə olunan əsas məsələlərdən biri də elmi potensialın regionlara yönləndirilməsidir. Bu gün ali məktəblərin inkişafı təkcə yeni binalar, müasir auditoriyalar və texniki imkanlarla deyil, ilk növbədə, həmin mühitdə çalışan insan kapitalı ilə ölçülür. Xüsusilə region universitetlərinin inkişafında güclü akademik heyətin formalaşdırılması, xaricdə təhsil almış mütəxəssislərin və yüksək göstəricilərə malik gənc alimlərin bu ali təhsil müəssisələrinə cəlb edilməsi mühüm prioritet kimi dəyərləndirilir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib ki, region universitetlərinin gələcək inkişafı məhz elmi potensialın düzgün istiqamətləndirilməsindən keçir. Onun sözlərinə görə, universitetin gücü yalnız maddi-texniki baza ilə deyil, həm də burada formalaşan akademik mühit, elmi düşüncə və müəllim potensialı ilə müəyyən olunur.

Rektor vurğulayıb ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri yüksək akademik göstəricilərə malik, xüsusilə xaricdə təhsil almış gənc alim və professorların region universitetlərinə cəlb olunmasıdır: “Bəzən böyük dəyişikliklər böyük şəhərlərdən yox, düzgün qurulmuş nümunələrdən başlayır. Əgər biz regionlarda güclü akademik mühit qurmaq istəyiriksə, ilk növbədə həmin mühiti formalaşdıracaq alimləri ora dəvət etməliyik”.

Akademik gücün bölgələrə transferi

Anar Eminovun fikrincə, xaricdə ixtisaslaşmış, müasir akademik təcrübəyə malik alimlərin regionlarda fəaliyyət göstərməsi bir sıra mühüm nəticələr vəd edir. Bu, ilk növbədə, beynəlxalq təcrübənin yerli təhsil mühitinə inteqrasiyasına, elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə, tələbələrin qlobal düşüncə tərzinin və rəqabət qabiliyyətinin artmasına ciddi təsir göstərə bilər.
“Bu gün əsas məsələ universitetləri köçürmək yox, keyfiyyəti köçürməkdir. Keyfiyyət isə insan faktorundan başlayır. Güclü alim, güclü müəllim olan yerdə güclü universitet formalaşır”, – deyə rektor əlavə edib.

Gənc alimlər üçün yeni fəaliyyət mühiti

O qeyd edib ki, region universitetləri gənc alimlər üçün düşündüyümüzdən daha geniş və məhsuldar imkanlar təqdim edir. Belə ali məktəblərdə müəllim-tələbə münasibətləri daha sıx qurulur, təşəbbüslərə daha çevik yanaşılır, yeni ideyaların gerçəkləşməsi üçün daha əlverişli akademik mühit yaranır. Bu isə gənc tədqiqatçıların yalnız dərs deməsi deyil, həm də akademik məktəb formalaşdırması üçün real fürsətlər açır.

Anar Eminov hesab edir ki, artıq paytaxtdan kənarda fəaliyyət göstərmək kompromis kimi deyil, elmi liderlik və akademik missiya kimi qəbul olunmalıdır: “Regionda çalışan alim yalnız dərs demir, o, bütöv bir akademik mühit qurur, yeni nəsil formalaşdırır. Bu, həm məsuliyyət, həm də böyük missiyadır”.

Onun sözlərinə görə, regionlarda fəaliyyət göstərən güclü alimlər yalnız universitetin daxilində deyil, bütövlükdə ətraf mühitin intellektual inkişafında da mühüm rol oynayır. Çünki universitetin güclənməsi təkcə auditoriyalarla məhdudlaşmır, o, yerləşdiyi şəhərin sosial, mədəni və iqtisadi həyatına da müsbət təsir göstərir.

Regiona verilən töhfə – gələcəyə yatırılan sərmayə

Rektorun fikrincə, gənc və perspektivli alimlərin regionlara yönəlməsi ölkənin ümumi təhsil sisteminin balanslı inkişafına xidmət edən strateji addımdır. Bu proses bir tərəfdən regionların sosial-iqtisadi inkişafına təkan verir, digər tərəfdən elmin yalnız paytaxtda cəmlənməsinin qarşısını alaraq ölkə üzrə daha sağlam və dayanıqlı akademik şəbəkənin formalaşmasına səbəb olur.
“Əsas olan balansı qorumaqdır. Əgər biz bu balansı düzgün qura bilsək, region universitetləri təkcə təhsil müəssisəsi deyil, innovasiya və inkişaf mərkəzinə çevriləcək”, – deyə Anar Eminov bildirib.

Sonda rektor xaricdə təhsil almış, akademik göstəriciləri yüksək olan alim və mütəxəssislərə açıq çağırış edib. O, Mingəçevir Dövlət Universitetinin belə mütəxəssislərlə əməkdaşlığa hazır olduğunu bildirərək qeyd edib ki, regionda qurulan hər bir güclü akademik mühit Azərbaycanın gələcəyinə qoyulan sərmayədir: “Bu gün ölkəmizin hər bir bölgəsinin güclü alimə ehtiyacı var. Biz Mingəçevir Dövlət Universiteti olaraq belə mütəxəssisləri əməkdaşlığa dəvət edirik. Regionda qurulan hər bir güclü akademik mühit Azərbaycanın gələcəyinə qoyulan sərmayədir”.

"Region universitetlərinin inkişafı sağlam rəqabət yaradacaq"

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə fikirlərini bölüşən ali təhsil və tədqiqat üzrə ekspert, Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov da region universitetlərinin inkişafının son illərdə nəzərəçarpacaq dərəcədə sürətləndiyini bildirib. Onun sözlərinə görə, bu proses yaxın gələcəkdə ölkənin ali təhsil sistemində daha sağlam rəqabət mühiti formalaşdıracaq.

Ekspert vurğulayıb ki, beynəlxalq ali təhsil təcrübəsində “paytaxt universiteti” və “region universiteti” anlayışları arasında sərt fərqləndirmə yoxdur. Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə nəzər saldıqda da görmək olur ki, universitetin coğrafi yerləşməsi deyil, onun elmi nəticələri, akademik heyəti, tədqiqat imkanları və tələbə keyfiyyəti əsas ölçü vahididir.

Elçin Süleymanov qeyd edib ki, Harvard, Oksford kimi dünyanın ən nüfuzlu universitetləri region universitetləridir. Onların nüfuzu paytaxtda yerləşməsi ilə deyil, güclü elmi ənənələri, tədqiqatları, nəşrləri, professor-müəllim heyəti və yetişdirdiyi məzunlarla bağlıdır. Onun sözlərinə görə, reytinq qurumları da məhz bu göstəriciləri əsas götürür: universitetin nə qədər elmi nəşri var, hansı tədqiqatlara imza atıb, hansı kəşfləri ortaya qoyub və akademik heyətin keyfiyyəti hansı səviyyədədir.

Ekspertin fikrincə, region universitetlərində həm tələbə qəbulunun keyfiyyətinin, həm də professor-müəllim heyətinin akademik göstəricilərinin yüksəldilməsi əsas prioritetə çevrilməlidir. Bu istiqamətdə xüsusi stimullaşdırıcı mexanizmlərin yaradılması da vacibdir. O hesab edir ki, akademik göstəricisi yüksək olan alimlər region universitetlərində daha yüksək əməkhaqqı və əlavə dəstək imkanları ilə təşviq oluna bilərlər. Bu isə öz növbəsində elmi potensialın bölgələrə axınını sürətləndirə bilər.

Elçin Süleymanov bildirib ki, güclü tədqiqatçılar yalnız dərs prosesi ilə kifayətlənmir, həm də kommersiyalaşdırıla bilən ixtiralar, innovativ araşdırmalar və tətbiqi layihələrlə universitet üçün əlavə gəlir mənbələri yarada bilirlər. Beləliklə, həm tədqiqatçının özü, həm də təhsil müəssisəsi yeni iqtisadi imkanlar əldə etmiş olur.

Onun sözlərinə görə, universitet anlayışı bütövlükdə cəmiyyətin inkişafı ilə bağlıdır. Avropa təcrübəsi də göstərir ki, bir çox hallarda əvvəlcə universitet qurulub, daha sonra isə onun ətrafında infrastruktur, sosial həyat və iqtisadi aktivlik formalaşıb. 

Ekspert ümid etdiyini bildirib ki, region universitetləri mövcud rəqabət mühitindən düzgün yararlanaraq gələcəkdə dünyanın sayılıb-seçilən ali təhsil müəssisələri sırasında yer ala bilərlər. Bunun üçün isə, onun fikrincə, düzgün idarəetmə modelinin qurulması, maliyyə resurslarının səmərəli idarə edilməsi, professor-müəllim heyətinin daha effektiv və məhsuldar elmi prosesə cəlb olunması əsas şərtlərdən biridir.

Yeni keyfiyyət mərhələsinin başlanğıcı

Müasir dövrdə ali təhsilin inkişafı artıq yalnız maddi-texniki baza ilə məhdudlaşmır. Əsas məsələ yüksək ixtisaslı kadrların düzgün istiqamətləndirilməsi, elmi potensialın ölkə üzrə balanslı bölgüsü və regionlarda güclü akademik mühitin yaradılmasıdır. Bu baxımdan Mingəçevir Dövlət Universitetinin irəli sürdüyü çağırış, əslində, bütövlükdə ölkənin ali təhsil gələcəyinə yönəlmiş strateji yanaşma kimi qiymətləndirilə bilər.

Region universitetlərinə yönələn elmi potensial, yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə Azərbaycanın təhsil xəritəsində yeni keyfiyyət mərhələsinin başlanğıcı ola bilər. Bu mərhələnin uğuru isə həm idarəetmədə çeviklikdən, həm də elmi potensialın düzgün dəyərləndirilməsindən asılı olacaq.