Bayrağımızı Avropa və Olimpiya çempionatlarında qaldırmaq istəyirəm – Ölkə çempionu
Böyük uğurlar adətən böyük zəhmətin nəticəsində hasil olur. Bu uğuru öz əzmi, iradəsi ilə qazananlardan biri də Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Sadiq Xəlilovdur. Hələ yeniyetmə yaşlarında olmasına baxmayaraq, o, artıq ölkə miqyasında öz sözünü deməyi bacarıb və boks üzrə Azərbaycan çempionu adına layiq görülüb.
“Azərbaycan müəllimi” idmançının uğur yolunu təqdim edir.
Məlumat üçün bildirək ki, Şamaxı Olimpiya Mərkəzində keçirilən kadetlər arasında ölkə birinciliyinin final mərhələsində yüzlərlə gənc idmançı mübarizə aparıb. Yarışda 57 komandadan 159 boksçu iştirak edib. Final mərhələsində Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbini baş məşqçi Elnur Kərimli və iki idmançı təmsil edib.
54 kiloqram çəki dərəcəsində mübarizə aparan Sadiq Xəlilov keçirdiyi üç görüşün hər birində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, öz adını ölkə çempionları sırasına yazdırıb.
Lakin bu uğurun arxasında uzun məşqlər, yorucu hazırlıq prosesi və böyük fədakarlıq dayanır. Sadiq artıq iki ildən çoxdur ki, boksla məşğul olur. Bu müddət ərzində qazandığı nəticələr onun potensialından xəbər verir. O, ikiqat Naxçıvan birincisi olub, Türkiyənin Ağrı şəhərində keçirilən beynəlxalq yarışda ikinci yeri tutub. Daha sonra Lənkəranda təşkil olunan zona birinciliyində qalib gələrək ölkə çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Gənc idmançı final mərhələsində üç rəqiblə qarşılaşıb. Hər üç döyüşdən qalib ayrılsa da, ikinci görüşün onun üçün daha çətin keçdiyini deyir: “Məhz həmin qarşılaşma mənim üçün çempionluğa gedən yolda ən ciddi sınaqlardan biri idi. Buna baxmayaraq, soyuqqanlılığımı qorudum və rəqibimi məğlub etdim”.
Sadiq Xəlilov qazandığı uğurun təsadüfi olmadığını deyir. Onun sözlərinə görə, yarışa ciddi hazırlaşıblar və məşqçisi Elnur Kərimli də onun çempion olacağına inanıb: “Bu inam mənə əlavə motivasiya verdi. Fikrimcə, uğura aparan yolda məşqçinin dəstəyi və düzgün istiqamətləndirməsi mühüm rol oynayır. O, təkcə məşqçi yox, həm də daim yanımda olan, güvəndiyim və hər addımımda dəstək göstərən bir müəllimdir”.
Məktəbli idmançı da əldə etdiyi nailiyyəti, ilk növbədə, üzərində böyük əməyi olan məşqçisinə həsr edir.
İdmanda uğur qazanmaqla yanaşı, dərslərinə də məsuliyyətlə yanaşan Sadiq məktəbdə də sevilən şagirdlərdən biridir. Onun çempionluq xəbəri müəllimləri və sinif yoldaşları tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Məktəb kollektivi bu uğuru həm Sadiqin, həm də təhsil aldığı məktəbin uğuru kimi qiymətləndirib.
Sadiq Xəlilov hesab edir ki, boks insanı həm fiziki, həm də mənəvi cəhətdən gücləndirən idman növüdür: “Bu idmanda uğur qazanmaq üçün səbir, intizam və davamlı çalışma vacibdir. Boksla məşğul olmaq istəyən yaşıdlarıma heç vaxt çətinliklərdən qorxmamağı, məqsədlərinə doğru inamla irəliləməyi tövsiyə edirəm”.
Bu gün Azərbaycan çempionu olan Sadiq Xəlilovun hədəfləri artıq daha böyükdür. O, gələcəkdə Avropa və dünya çempionatlarında iştirak etməyi, Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəltməyi və ölkəsini Olimpiya Oyunlarında təmsil etməyi arzulayır.
Hələ yolun başlanğıcında olan gənc idmançının qazandığı bu uğur göstərir ki, əzm, zəhmət və inam bir araya gəldikdə ən böyük zirvələri fəth etmək mümkündür. Azərbaycan çempion olmaq isə, onun gələcək qələbələrinin sadəcə ilk böyük addımıdır.



