"Kiçik pəhləvanın böyük hədəfləri" – məktəbli idmançı ilə söhbət
"Azərbaycan müəllimi" təhsildə və idmanda fərqlənən məktəbliləri oxucularına tanıtmaq ənənəsini davam etdirir.
Budəfəki qonağımız Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) sərbəst güləş bölməsinin yetirməsi Həmzə Əzizovdur. 29 dekabr 2017-ci ildə Masallı şəhərində anadan olan Həmzə azyaşlı olmasına baxmayaraq qazandığı uğurlar, nizam-intizamı və qarşısına qoyduğu böyük hədəflərlə diqqət çəkir. O, gələcəyin ümidverici idmançılarından biri kimi qiymətləndirilir.
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərov adına Masallı şəhər 6 nömrəli tam orta məktəbin şagirdi olan Həmzə müxtəlif zona yarışlarında, açıq birinciliklərdə və turnirlərdə uğurla çıxış edərək dəfələrlə mükafatçılar sırasında yer alıb. Yarışlarda nümayiş etdirdiyi döyüş ruhu və əzmkarlıqla da məşqçilərinin rəğbətini qazanıb.
Altı yaşından Masallı UGİŞM-də sərbəst güləş idman növü ilə məşğul olan gənc idmançı hazırda məşqçi-müəllim Cavad Həsənovun rəhbərliyi altında məşqlərini davam etdirir. İdmanda olduğu kimi təhsildə də məsuliyyəti ilə seçilən Həmzə gələcəkdə Azərbaycan və dünya çempionu olmağı qarşısına məqsəd qoyub. Perspektivli pəhləvanla söhbətimizdə onun idmana gəlişindən, qazandığı uğurlardan və gələcək hədəflərindən danışdıq.
– Həmzə, sərbəst güləşə necə gəldin və bu idman növünü seçməyinə nə səbəb oldu?
– Masallıda altı ay ərzində müxtəlif idman növlərini izlədim. Sonra Cavad müəllimin məşqlərinə baxdım. Onun idmançılarla işləməsi, əzmkarlığı və güləşçilərə yanaşması mənim çox xoşuma gəldi. Elə buna görə də sərbəst güləşi seçdim və güləşçi olmaq qərarına gəldim.
– İndiyədək iştirak etdiyin yarışlar arasında ən yaddaqalanı hansı olub?
– Mənim üçün ən yaddaqalan yarış 21 dekabr 2025-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Gəncə şəhərində keçirilən sərbəst güləş turniri olub. Həmin yarışda ikinci yer tutdum. Bu uğur məni daha çox çalışmağa və yeni qələbələr qazanmağa həvəsləndirdi.
– Məşqlərdə ən çox hansı fənd üzərində işləməyi sevirsən?
– Ən çox “bedro” fəndini vurmağı sevirəm. Bu fənd mənim xoşuma gəlir və onu daha yaxşı yerinə yetirmək üçün daim çalışıram.
– Yarışlardan əvvəl həyəcan keçirirsənmi?
– Ümumiyyətlə, həyəcan olmur. Yarışa çıxanda yalnız qələbə qazanmağı düşünürəm və bütün diqqətimi görüşə yönəldirəm.
– Həm dərslərini, həm də məşqlərini necə çatdırırsan?
– Günümü planlı keçirirəm. Səhər saat 08:00-dan 12:00-dək məktəbdə oluram. Sonra yemək yeyib bir qədər dincəlirəm. Saat 15:00-dan 17:00-dək məşq edirəm. Axşam isə dərslərimi hazırlayıram və vaxtında yatıram. Həm təhsilimi, həm də idmanı vacib hesab edirəm.
– Gələcəkdə hansı nailiyyətləri qazanmaq istəyirsən?
– Ən böyük arzum əvvəl Azərbaycan çempionu olmaqdır. Sonra isə dünya çempionu olmaq istəyirəm.
– Uğurlarında ən böyük dəstəyi kimdən görürsən?
– Mənə ən çox müəllimim və atam dəstək olur. Uğurlarımda müəllimimin payını 50 faiz, atamın payını 30 faiz, öz payımı isə 20 faiz hesab edirəm.
– Yaşıdlarına nə tövsiyə edərdin?
– Hər kəs dərsinə yaxşı hazırlaşmalı və sağlamlığına diqqət etməlidir. Gələcəkdə ailələrinə və Vətənə layiqincə xidmət etmək üçün çalışmalıdırlar.
Kiçik yaşlarında qarşısına böyük məqsədlər qoyan Həmzə Əzizovun əzmkarlığı və zəhmətkeşliyi onun gələcək uğurlarına inam yaradır. İnanırıq ki, bu gün Masallı idmanının ümidverici yetirmələrindən olan Həmzənin adı gələcəkdə daha böyük yarışların qalibləri sırasında yer alacaq.



