Məktəblilərimizin hazırladığı riyazi məsələ beynəlxalq yarışın tapşırıqları sırasına daxil edilib
Azərbaycanda istedadlı məktəblilərin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsində mühüm rol oynayan “Sabahın alimləri” Respublika Layihə Müsabiqəsi gənclərə öz ideyalarını real elmi layihələrə çevirmək imkanı yaradır. Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) milli seçim mərhələsi olan müsabiqədə IX–XI sinif şagirdləri riyaziyyat, biologiya, tibb, kompüter elmləri, mühəndislik, süni intellekt və digər istiqamətlər üzrə tədqiqatlarını təqdim edirlər. Burada əsas məqsəd yalnız qalibləri müəyyənləşdirmək deyil, həm də gələcəyin alimlərini, tədqiqatçılarını və ixtiraçılarını üzə çıxarmaqdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı şəhəri 229 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehrin Mustafazadə və 283 nömrəli tam orta məktəbin IX sinif şagirdi Camal Qasımov da hazırda "Sabahın alimləri" XVI Respublika Layihə Müsabiqəsinə ciddi hazırlaşır. Müxtəlif beynəlxalq olimpiadalarda və elmi layihələrdə uğurlar qazanmış məktəblilər hazırlıq prosesini olimpiada rəhbərləri Rauf Rəhimovun dəstəyi ilə davam etdirirlər.
Onların uğur hekayəsini fərqləndirən əsas məqam isə elmi axtarışlarının artıq beynəlxalq səviyyədə nəticə verməsidir. Belə ki, şagirdlərin Rauf Rəhimovla birlikdə hazırladıqları riyazi məsələ dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu beynəlxalq yarışın tapşırıqları sırasına daxil edilib.
“Elmi araşdırma apararkən qarşımıza çıxan sual bizi tamamilə yeni istiqamətə yönəldir”
229 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehrin Mustafazadənin elmi maraqları biologiya, riyaziyyat və süni intellektin kəsişməsində formalaşıb.
O, hələ 2022–2023-cü tədris ilində Respublika fənn müsabiqələrində biologiya üzrə III yerə layiq görülüb. Sonrakı illərdə elmi biliklərini daha da inkişaf etdirən məktəbli Türkiyənin Koç Universitetində keçirilən “Molecular Biology and Genetics Camp” proqramını yüksək nəticə ilə başa vuraraq “Pass with Honors” sertifikatı qazanıb.
Lakin onun maraq dairəsi yalnız biologiya ilə məhdudlaşmır. Gənc tədqiqatçı müasir texnologiyaların insan sağlamlığının qorunmasında necə istifadə edilə biləcəyini araşdırır.
Tokioda keçirilən XI Beynəlxalq İnnovativ Tədqiqatlar və Müasir Elmi Araşdırmalar Konqresi çərçivəsində onun “Fizioloji siqnallar və mətnin emosional təhlili əsasında stresin proqnozlaşdırılması üçün multimodal süni intellekt modeli” mövzusunda elmi məqaləsi dərc olunub. Tədqiqatda süni intellektdən istifadə etməklə stresin erkən müəyyənləşdirilməsi imkanları araşdırılır.
Mehrin həmçinin Böyük Britaniyada təşkil olunan VI Beynəlxalq Fənlərarası Elmi Tədqiqatlar və Təcrübələr Konqresi çərçivəsində “Zülalların qarşılıqlı təsirinin proqnozlaşdırılması” mövzusunda elmi araşdırma aparıb.
Elmi fəaliyyəti incəsənətlə də tamamlayan məktəbli fortepiano ifaçılığı üzrə keçirilən “Etüd” müsabiqəsində II yerin sahibi olub.
Mehrin Mustafazadə elmi araşdırmalara marağını belə ifadə edir: “Mənim üçün elm yalnız dərsliklərdə yazılanları öyrənmək deyil. Əsas marağım həmin biliklərdən istifadə edərək yeni bir ideya ortaya qoymaqdır. Biologiyaya marağım məni insan orqanizminin mürəkkəb mexanizmlərini araşdırmağa yönəltdi. Sonra anladım ki, süni intellektin imkanlarından istifadə etməklə bu sahədə daha fərqli nəticələr əldə etmək mümkündür. Elmi araşdırma apararkən bəzən qarşımıza çıxan bir sual bizi tamamilə yeni istiqamətə yönəldir. Hazırda "Sabahın alimləri" XVI Respublika Layihə Müsabiqəsinə hazırlıq da mənim üçün belə bir təcrübədir. İstəyirəm ki, hazırladığımız layihə sadəcə müsabiqə işi olmasın, gələcəkdə daha geniş tədqiqatların başlanğıcına çevrilsin”.
“Riyaziyyatı sevməyimin səbəbi hər məsələnin arxasında fərqli düşüncənin olmasıdır”
283 nömrəli tam orta məktəbin IX sinif şagirdi Camal Qasımov isə riyaziyyat, məntiq və proqramlaşdırma sahələrində qazandığı nəticələrlə diqqət çəkir.
IX Respublika fənn müsabiqəsində bürünc, X Respublika fənn müsabiqəsində isə gümüş medal əldə edən Camal beynəlxalq yarışlarda da uğurlu nəticələr göstərib.
Belə ki, o, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində qızıl medal qazanıb. Yaponiyanın “KenKen” Beynəlxalq Məntiq Olimpiadasında da qızıl medala layiq görülüb.
Camalın Beynəlxalq Kodlaşdırma Olimpiadasında (“Coding Olympiad”) kompüter elmləri kateqoriyası üzrə qızıl medal əldə etməsi isə onun proqramlaşdırma bacarıqlarını nümayiş etdirir.
Bununla yanaşı, “Hi-Lingua Language Competition” müsabiqəsində gümüş medal qazanan istedadlı şagirdimiz Beynəlxalq Alman Riyaziyyat Olimpiadasında iştirak edib.
İntellektual yarışlara maraq göstərən məktəbli “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika Kubokunda da iştirak edib.
Camal Qasımov həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvüdür.
Lakin gənc riyaziyyatçının ən maraqlı təcrübələrindən biri artıq hazır məsələləri həll etməkdən onların müəllifinə çevrilməsidir.
Camal bununla bağlı fikirlərini bizimlə bölüşür: “Riyaziyyatı sevməyimin əsas səbəbi hər məsələnin arxasında fərqli düşüncənin olmasıdır. Olimpiadalara hazırlaşanda çətin məsələlər üzərində saatlarla işlədiyimiz olur. Bəzən həll yolunu tapmaq üçün dəfələrlə yenidən düşünməli oluruq. Amma hazır məsələni həll etməklə özün yeni məsələ yaratmaq arasında böyük fərq var. Yeni məsələ hazırlamaq üçün həm mövzunu dərindən başa düşməli, həm də onun başqaları üçün maraqlı və düşündürücü olmasına çalışmalısan. Rauf müəllimin rəhbərliyi ilə qazandığımız təcrübə bizə fərqli yanaşmağı öyrədir. “Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə də yalnız iştirakçı kimi deyil, öz ideyalarımızı elmi əsaslarla təqdim etmək istəyən gənc tədqiqatçılar kimi hazırlaşırıq”.
Bakıda yaranan ideya dünya olimpiadasının tapşırığına çevrilib
İki məktəblinin elmi fəaliyyətində xüsusi yer tutan uğurlardan biri 2026-cı il oktyabrın 18-də keçirilən beynəlxalq “Şəhərlər turniri” (“Tournament of Towns”) riyaziyyat olimpiadası ilə bağlıdır.
Dünyanın müxtəlif ölkələrindən məktəbliləri birləşdirən bu olimpiada qeyri-standart, yaradıcı və dərin məntiqi təfəkkür tələb edən riyazi məsələləri ilə tanınır.
Haqqında söz açdığımız Mehrin Mustafazadənin və Camal Qasımovun olimpiada rəhbərləri Rauf Rəhimovla birlikdə hazırladıqları riyazi məsələ bu beynəlxalq yarışın ən çətin mərhələsinin tapşırıqları sırasına daxil edilib.
Beləliklə, azərbaycanlı məktəblilər yalnız beynəlxalq riyaziyyat yarışlarında iştirak edən və medal qazanan şagirdlər kimi deyil, həm də dünyanın müxtəlif ölkələrindəki həmyaşıdlarının həll etməyə çalışdıqları riyazi məsələnin müəllifləri kimi fərqləniblər.
Bu nəticənin diqqətçəkən tərəfi isə həmin ideyanın məhz “Sabahın alimləri” müsabiqəsinə hazırlıq zamanı aparılan elmi müzakirələr və axtarışlar prosesində yaranmasıdır.
“Əsas məqsədimiz şagirdləri yeni suallar yaradan tədqiqatçılar kimi yetişdirməkdir”
Məktəblilərin olimpiadalara hazırlıq rəhbəri Rauf Rəhimov onların uğurlarının arxasında davamlı məşğələlərin, müstəqil araşdırmaların və yaradıcı yanaşmanın dayandığını vurğulayır.
Onun sözlərinə görə, istedadlı şagirdlərlə iş zamanı əsas məqsəd yalnız olimpiada nəticələri əldə etmək deyil, onlarda elmi düşüncə və tədqiqat mədəniyyətini formalaşdırmaqdır: “Mehrin və Camal fərqli maraq istiqamətlərinə malik olsalar da, onları birləşdirən mühüm xüsusiyyət var. Hər ikisi araşdırmağı, sual verməyi və yeni həll yolları axtarmağı sevir. Biz məşğələlərdə yalnız mövcud məsələlərin həllini öyrənmirik. Çalışırıq ki, şagirdlər özləri də yeni problemlər müəyyənləşdirsin, onları riyazi şəkildə əsaslandırsın və həll üsullarını araşdırsınlar.
“Sabahın alimləri” müsabiqəsinə hazırlıq zamanı da bu yanaşmanı əsas götürürük. Hazırlıq prosesində yaranan riyazi məsələnin beynəlxalq olimpiadada istifadə olunması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, şagirdlərin artıq yalnız biliklərini nümayiş etdirmədiklərini, həm də yeni elmi ideyalar irəli sürmək potensialına malik olduqlarını göstərir.
İstedadın üzə çıxarılması vacibdir, amma onu davamlı zəhmət, düzgün istiqamətləndirmə və elmi mühitlə inkişaf etdirmək daha böyük məsuliyyətdir. Məqsədimiz gənclərin öz potensiallarına inanması, gələcəkdə beynəlxalq elmi mühitdə Azərbaycanı uğurla təmsil etməsidir”.
Onların hekayələri bir daha göstərir ki…
Hazırda Mehrin Mustafazadə və Camal Qasımov qeyd etdiyimiz kimi "Sabahın alimləri" XVI Respublika Layihə Müsabiqəsinə hazırlaşırlar. Hər iki yeniyetmə elmi biliklərini və tədqiqat bacarıqlarını daha da təkmilləşdirməyə çalışır.
Onların hekayələri bir daha göstərir ki, elmi uğur üçün universitet auditoriyasını gözləmək lazım deyil. Düzgün istiqamətləndirilən maraq, davamlı zəhmət və araşdırma həvəsi məktəb yaşlarından da ciddi nəticələrə yol aça bilir.
Bu gün biri biologiya ilə süni intellekt arasında yeni əlaqələr axtaran, digəri riyaziyyat və proqramlaşdırma sahəsində fərqlənən hər iki şagirdi öyrəndikləri biliklərlə kifayətlənməmək, yeni ideyalar yaratmaq və elmə öz töhfələrini vermək kimi ortaq məqsəd birləşdirir.




