Vüqar Bayramov: Süni intellekt və rəqəmsal həllər əmək bazarında yeni peşələr formalaşdırır

27 Noyabr, 2026 - 11:23
Vüqar Bayramov: Süni intellekt və rəqəmsal həllər əmək bazarında yeni peşələr formalaşdırır

"Rəqəmsal həllərin meydana gəlməsi, süni intellektin inkişafı əmək bazarında yeni dəyişikliklərə səbəb olur. Bu baxımdan, bu gün təşkil edilən sammit gələcəyin peşələrinin müəyyənləşdirilməsi, əmək bazarında baş verən dəyişikliklərin müzakirəsi baxımından vacibdir". 

"Azərbaycan müəllimi" xəbər verir, bu fikirləri Naxçıvan şəhərində keçirilən “Gələcəyin Peşələri Sammiti”ndə jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

O bildirib, bəzi peşələr süni intellektin və rəqəmsal həllərin inkişafı səbəbindən dövriyyədən çıxır, onlara tələbat azalır: "Eyni zamanda yeni peşələr yaranır. Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə görə, qlobal miqyasda sıradan çıxacaq və ləğv ediləcək peşələrlə müqayisədə yaranacaq yeni peşələrin sayı daha çox olacaq.Bu baxımdan, gələcəkdə yeni texnologiyalar və rəqəmsal həllərlə bağlı peşələrin yaranmasını müşahidə edəcəyik. Əmək bazarının, eyni zamanda bütün sektorların bu dəyişikliklərə və çağırışlara hazır olması, dayanıqlığının və məşğulluğun təmin edilməsi baxımından bu cür tədbirlər çox vacibdir.Çünki burada yalnız rəsmi mövqelər səsləndirilmir, eyni zamanda müzakirələrin nəticəsində gələcəyin peşələrinin seçilməsi və xüsusilə gənclər üçün vacib məqamların təqdimatı həyata keçirilir. Sözsüz ki, Naxçıvanda əmək bazarının təhlil edilməsi, burada baş verən dəyişikliklər fonunda yeni təkliflərin irəli sürülməsi də bugünkü tədbirin əsas məqsədlərindən biridir.

Bu gün ölkəmizdə əmək bazarının mövcud vəziyyəti, dəyişikliklər və çağırışlar müzakirə olunur. Eyni zamanda gələcəyin peşələri və bu istiqamətdə ekosistemin inkişafı baxımından yeni yanaşmalar təqdim edilir".