Gənc yaşda böyük qələbələrə imza atan boksçu 

24 Noyabr, 2026 - 09:19
Gənc yaşda böyük qələbələrə imza atan boksçu 

16 yaşlı Qardaş Rəhimovun idmanda qazandığı uğurlar onun əzmkarlığının, intizamının və böyük hədəflər uğrunda apardığı mübarizənin nəticəsidir. Hələ yeniyetmə yaşlarından beynəlxalq arenada Azərbaycan bayrağını yüksəldən gənc boksçu Avropa çempionu, MDB Oyunlarının qalibi, ikiqat Avropa üçüncüsü və Azərbaycan çempionudur. Qarşısına qoyduğu ən böyük məqsəd isə Olimpiya çempionu olmaq və ölkəsini dünya arenasında layiqincə təmsil etməkdir.

"Boks mənə intizamlı, səbirli və mübariz olmağı öyrədib" 

"Azərbaycan müəllimi"nin həmsöhbəti olan Qardaş Rəhimov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. 2018-ci ildən boksla məşğul olan idmançı bu illər ərzində həm fiziki, həm də mənəvi baxımdan böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, boksa marağı hələ uşaqlıqdan yaranıb:"Bu idman növünü seçməyimin əsas səbəbi özümü inkişaf etdirmək və böyük uğurlar qazanmaq istəyim idi. Boks mənə intizamlı, səbirli və mübariz olmağı öyrədib".

Qardaş ilk məşq gününü də yaxşı xatırlayır.İllər ərzində qazandığı təcrübənin və davamlı əməyin onu bugünkü nəticələrə gətirdiyini düşünür. Bu yolun başlanğıcından etibarən qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləyib. Boks onun yalnız idman bacarıqlarını deyil, xarakterini də formalaşdırıb, çətinliklər qarşısında geri çəkilməməyi öyrədib.

Bu inkişaf yolunda məşqçi-müəllimi Orxan Cəbiyevin xüsusi rolu var. Qardaş onun rəhbərliyi altında boks texnikasına yiyələnməklə yanaşı, intizamlı və əzmkar olmağın əhəmiyyətini də mənimsəyib. Qazandığı uğurlarda məşqçisinin əməyini xüsusi vurğulayan idmançı ona göstərdiyi dəstəyə görə minnətdarlığını bildirir. İdmançının fikrincə, əldə olunan nəticələrin arxasında təkcə fərdi zəhmət deyil, həm də düzgün məşq prosesi, təcrübə və məşqçinin inamı dayanır.

Uğurlu idmançı olmaq üçün təhsil də çox vacibdir

Qardaş üçün məktəb və idman bir-birini tamamlayan iki mühüm istiqamətdir. İntensiv məşqlərə baxmayaraq, təhsilinə də diqqət ayırmağa çalışır. Vaxtını düzgün bölüşdürərək həm dərslərinə, həm də məşqlərinə vaxt ayırdığını bildirir. Onun fikrincə uğurlu idmançı olmaq üçün təhsil də çox vacibdir. Bu yanaşma gənc boksçunun gələcəyini yalnız idman nailiyyətləri ilə məhdudlaşdırmadığını göstərir.

Qardaşın beynəlxalq arenadakı mühüm uğurlarından biri 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunlarında qazandığı qızıl medaldır. 46 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu finala gedən yolda Belarus və Tacikistan təmsilçilərinə, həlledici qarşılaşmada isə özbəkistanlı Utkirbek Norkosimova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

MDB Oyunlarında qazanılan qızıl medal gənc idmançı üçün həm böyük sevinc, həm də yeni hədəflərə doğru mühüm stimul olub. Final döyüşündə bütün gücünü və bacarığını ortaya qoymağa çalışdığını deyən Qardaş qələbə anını unudulmaz təcrübə kimi xatırlayır. Bu uğur ona daha böyük yarışlarda da qalib gələcəyinə inam verib.

Gənc boksçu üçün idman mövsümü bununla yekunlaşmayıb. MDB Oyunlarından sonra növbəti böyük sınaq – Almaniyada keçirilən U-17 Avropa çempionatı qarşıda idi. Qardaş bu yarışa hazırlaşmaq üçün uzunmüddətli istirahətə vaxt ayırmadan məşqlərini davam etdirib. Hazırlıq prosesində fiziki göstəricilərinin yüksəldilməsinə, texnikasının təkmilləşdirilməsinə və döyüş təcrübəsinin artırılmasına xüsusi diqqət yetirilib. Məqsəd Avropanın ən güclüsü olmaq idi.

2025-ci il dekabrın 10-dan 17-dək Almaniyada keçirilən U-17 Avropa çempionatında 46 kiloqram çəki dərəcəsində çıxış edən Qardaş istəyinə çataraq Avropa çempionu adını qazanıb. Bu qələbə onun idman karyerasında mühüm mərhələyə çevrilib. İllərlə çəkdiyi zəhmətin bəhrəsini görmək, Azərbaycan bayrağını beynəlxalq arenada yüksəltmək gənc boksçuya böyük qürur yaşadıb. O, Avropa çempionluğunu yalnız şəxsi nailiyyət deyil, həm də ölkəsini təmsil etməyin məsuliyyətini və fəxrini yaşadan uğur kimi dəyərləndirir.

Onun üçün ailəsinin dəstəyi xüsusi əhəmiyyət daşıyır

Belə nəticələrin əldə olunması isə gündəlik zəhmət, nizam-intizam və öz üzərində davamlı işləməyi tələb edir. Onun fikrincə, böyük nəticələrə nail olmaq üçün idmançı heç vaxt əldə etdikləri ilə kifayətlənməməli, daim özünü təkmilləşdirməlidir.Bu yolda ailəsinin dəstəyi də Qardaş üçün xüsusi əhəmiyyət daşıyır. Yaxınlarının ona olan inamı və mənəvi dəstəyi hər zaman əlavə motivasiya verir. Yeniyetmə idmançı qazandığı uğurlarda ailəsinin də böyük payı olduğunu vurğulayır. Onları sevindirmək onun üçün ən böyük xoşbəxtliklərdən biridir.

Qardaşın qarşıdakı illər üçün hədəfləri isə qazandığı titullardan daha böyükdür. O, Olimpiya çempionu olmağı, Azərbaycan bayrağını dünya arenasında yüksəltməyi və ölkəsinə yeni qələbələr qazandırmağı arzulayır. Bu məqsədə çatmaq üçün daha çox çalışmaq, təcrübə toplamaq və hər yarışda özünü inkişaf etdirmək niyyətindədir.

Özündən sonra gələn gənc idmançılara da tövsiyəsi var: ruhdan düşməmək, səbirli və intizamlı olmaq, məşqçilərin məsləhətlərinə əməl etmək və arzularından vaz keçməmək.Onun sözlərinə görə, uğur bir gündə əldə olunmur, hər qələbənin arxasında böyük zəhmət dayanır.

16 yaşında Avropa çempionluğu zirvəsinə yüksələn Qardaş Rəhimovun uğur hekayəsi hələ davam edir. Bu gün onun qazandığı medallar keçdiyi yolun göstəricisidirsə, Olimpiya çempionluğu arzusu qarşıdakı mübarizənin əsas istiqamətidir. 

Gənc yaşda böyük qələbələrə imza atan boksçu