Ali məktəblərin proqram akkreditasiyası ilə bağlı vəziyyət nə yerdədir? – AÇIQLAMA
Bu ildən ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində "İbtidai sinif müəllimliyi" təhsil proqramı üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesinə başlanılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, ölkə qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyan ekspertlərdən ibarət akkreditasiya komissiyası artıq işə başlayıb.
"Komissiya ali təhsil müəssisələrinin hazırladıqları özünütəhlil hesabatları, eyni zamanda sahə baxışları əsasında formalaşan yekun hesabatları Akkreditasiya Şurasının müzakirəsinə təqdim edəcək. Akkreditasiya qiymətləndirilməsi prosesi bitdikdən sonra Akkreditasiya Şurası nəticələrə dair yekun qərar qəbul edəcək”, - deyə məlumatda qeyd olunub.


