"Ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar köhnəlib" – Emin Əmrullayev

11 Dekabr, 2024 - 12:57

“Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar köhnəlib və müasir dövrün tələblərinə cavab vermir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda təşkil olunan forumda deyib.

O bildirib ki, təhsil sistemindəki köhnəlmiş prosedurlar və mexanizmlər islahatlara mane olur:

"Daha effektiv, çevik və nəticəyönümlü yanaşmalar tətbiq olunmalıdır. İnnovativ yanaşmalar üçün iradə və qanunvericilik tənzimləmələri önəmlidir".

Nazir bildirib ki, beynəlxalq inteqrasiya proseslərinin sürətləndirilməsi, ali təhsil müəssisələrinin idarəetməsində çeviklik və innovasiyanın tətbiqi, xarici alim və tələbələrin Azərbaycan elmi və təhsil mühitinə daha çox cəlb olunması kimi məqamlar təhsil sisteminin inkişafını sürətləndirmək üçün mühüm addımlardır.  

Emin Əmrullayev islahatların həyata keçirilməsinin həm daxili potensialın artırılmasına, həm də beynəlxalq səviyyədə daha güclü təhsil mühitinin yaradılmasına şərait yaradacağını söyləyib:

“Ali təhsil müəssisələrində tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılsa da, bunlar pərakəndə şəkildədir”.

Nazir bildirib ki, universitetin reytinqini ölçə bilmək üçün tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi də artacaq. Bu gün universitetlərin sayı çox, aparılan tədqiqat sayı azdır. Buna görə də universitetlərin işini tədqiqat qurumları ilə birlikdə təşkil etmək lazımdır:

"Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst sıralarda olacaq".