Ali və peşə təhsilində əlçatanlıq və keyfiyyət artırılır – Səbuhi Rzayev

25 Dekabr, 2025 - 11:39
Ali və peşə təhsilində əlçatanlıq və keyfiyyət artırılır

“Ali təhsilin əlçatanlığının artırılması Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biridir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, məhz bu tədris ilində 2026-cı il üçün qarşıya qoyulan hədəfə artıq nail olunub və ali təhsilin bütün səviyyələrində təhsilalanların sayı 76 minə çatıb:

“Bu, kəmiyyət göstəricisidir. Lakin əminliklə deyə bilərəm ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından ali təhsildə ciddi irəliləyişlər var. 2027–2030-cu illər üçün əsas strateji hədəfimiz ali təhsilin keyfiyyətinin artırılmasıdır”.

Səbuhi Rzayev qeyd edib ki, ali təhsil müəssisələri daha keyfiyyətli məzunlar təqdim etdikcə, Fondun imkanlarından yararlanan tələbələrin sayı da artacaq. O əlavə edib ki, artıq bu tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə müasir tələblərə uyğun yeni tədris proqramları hazırlanıb.

Nazirlik rəsmisi peşə və orta ixtisas təhsili sahəsində aparılan islahatlara da toxunaraq bildirib ki, son dövrlərdə bu sahədə həyata keçirilən dəyişikliklər yeni inkişaf mərhələsinin başlandığını göstərir:

“Kolleclərimiz də artıq daha keyfiyyətli təhsil verməyə hədəflənib. Peşə təhsili sahəsində əsas problemlərdən biri infrastruktur idi. Ölkə başçısının imzaladığı tarixi sərəncamla 2030-cu ilə qədər 21 peşə təhsil müəssisəsi yenidən qurulacaq, 2 müəssisə isə əsaslı təmir olunacaq.”

Onun sözlərinə görə, bu qərarlar peşə təhsili ilə bağlı gələcəyə dair ümidləri artırır və kreditdən yararlanan tələbələrin sayının artmasına müsbət təsir göstərəcək.

S.Rzayev, həmçinin yeni ali təhsil müəssisələrinin yaradılmasının ali təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. O, Qarabağ Universitetinin, Türkiyə–Azərbaycan Universitetinin və İtaliya–Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu istiqamətdə mühüm addımlar olduğunu qeyd edib:
“Bu tip keyfiyyətli ali təhsil müəssisələrinin yaradılması ali təhsillə bağlı ümidlərimizi və gələcək uğurlarımızı daha da artıracaq”.