Ana dili milli sərvətimizdir
“Öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
Heydər ƏLİYEV, Ümummilli Lider
Hər bir millətin milli-mənəvi irsini, maddi-mədəni sərvətlərini qoruyan, inkişaf etdirən və dünyada tanıdan ən mühüm və ən güclü vasitələrdən biri ana dilidir. Ana dili hər bir fərdin mənəvi zənginləşməsində, dünyagörüşünün genişlənməsində, yüksək səviyyədə təhsil almasında və cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Məhz ana dili hər bir millətin başqa xalqların mədəni irsi ilə tanış olmağa və zənginləşməsinə geniş imkan yaradır. Hər bir dil özündə tarix yaşadır. Dilin dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tarixinin parlaq səhifəsi, xalqın öz taleyinə sahib çıxmasının, dövlət qurmaq və onu qorumaq əzminin, eyni zamanda dilin zənginliyinin sübutudur.
Xalqımız xoşbəxtdir ki, doğma Azərbaycan dili keçmişimizi, bu günümüzü və sabahımızı özündə yaşadır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşdirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün dilimiz ən yüksək siyasi, iqtisadi və mədəni tribunalardan səslənir.
Azərbaycan dili milli varlığımızın əsas sütunudur. Dilimizin qorunması və inkişafı dövlət qayğısı ilə əhatə olunub. Dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyi illərində ana dilinin qorunması və dövlət dili kimi tanınması istiqamətində misilsiz xidmətlər göstərib.
Bu gün böyük fəxarət hissi ilə qeyd edə bilərik ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi məhz Ulu Öndərin məqsədyönlü və düşünülmüş dil siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub. Həmin ildə Heydər Əliyev Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universitetinin) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bu çıxış böyük rezonans doğurub, ana dilinə münasibətdə yeni mərhələnin başlanğıcı olub.
Sonralar Ulu Öndər bu barədə bildirirdi: “Xatirimdədir, Universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”.
Dahi şəxsiyyətin uzaqgörən və prinsipial mövqeyi nəticəsində ana dilinin inkişafı sahəsində mühüm qərarlar qəbul edildi. 1978-ci il aprelin 27-də Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması Ulu Öndərin xalq qarşısında müstəsna xidmətlərindən biri idi. Sovet totalitar rejimi şəraitində belə bir addım olduqca cəsarətli qərar sayılırdı. Bu dövrdə ittifaqa daxil olan respublikaların müstəqil iradəsi məhdud idi və milli dillərin sıxışdırılması prosesi güclənirdi. Bu məsələnin gündəmə gətirilməsi ciddi risk tələb edirdi. Lakin böyük siyasi xadim ana dili ilə bağlı qətiyyətli mövqe nümayiş etdirərək “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının Konstitusiyada əksini tapmasına nail oldu.
Beləliklə, ardıcıl və prinsipial fəaliyyət nəticəsində Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi, gələcək müstəqil dövlətçiliyin mühüm rəmzlərindən biri qorundu və möhkəmləndirildi.
Ana dilinin fəal təbliğatçısı kimi çıxış edən Heydər Əliyev ölkəyə rəhbərliyinin ikinci mərhələsində də milli dil məsələsinə xüsusi həssaslıqla yanaşdı. 1994-cü ilin noyabrında Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında ana dilinin qorunmasını nəsillər qarşısında mühüm vəzifə kimi müəyyənləşdirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq, əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqınm ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ulu Öndərin qətiyyətli iradəsi sayəsində 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da bu mövqe öz əksini tapdı. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi: “Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Ulu Öndər 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu sənədlər dilimizin qorunması, tətbiqi və inkişafı istiqamətində mühüm mərhələ oldu. Bu ardıcıl addımlar müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı.
Ümummilli Lider Azərbaycan dilinin qorunması ilə bağlı siyasətini sonralar imzaladığı digər fərmanlarla, qanunlarla daha da möhkəmlətdi. Bu təşəbbüslər ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman ana dilinə sevginin bariz ifadəsi oldu. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Heydər Əliyevin tövsiyələri əsasında belə bir qanunun hazırlanması, onun dövlət dili səviyyəsində inkişaf təminatının yaradılması ana dili haqqında ardıcıl siyasətin davam etdirilməsidir.
Bu sənədlər Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik” söyləyən Prezident İlham Əliyevin fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunub və onun inkişafı yüksək səviyyədə təmin edilib.
Dövlət başçımızın ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bu sənədlər ana dilimizin müasir dövrün tələbləri şəraitində qorunması, saflaşdırılması kimi vacib, konseptual məsələləri qarşıya vəzifə qoyub. Bütün bunlar onu bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin ana dilinə qayğı siyasəti bu gün də uğurla davam və inkişaf etdirilir.
Azərbaycançılıq milli ideologiyamızın əsaslarının ümumi təhsil müəssisələrinin aşağı siniflərindən başlayraq şagirdlərə təlqin olunmasının vacibliyini bildirən Ümummilli Lider bu konsepsiyanın əsasında dövlət dilinə xüsusi diqqətin dayanmalı olduğunu qeyd edirdi: “Məktəblərdə Azərbaycan dilinin tədrisinə mühüm diqqət yetirilməlidir. Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini - ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin”.
Ümummilli Lider xarici ölkələrdə təhsil alan azərbaycanlı gəncləri getdikləri ölkələrin dilini öyrənərkən ana dilini unutmamağa çağırırdi: “Öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şey ola bilməz”. Ulu Öndər tövsiyə edirdi ki, “hər bir Azərbaycan gənci birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin”.
Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə edirdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin milli dilin təbliği və qorunması sahəsində zəngin və çoxşaxəli fəaliyyəti bu gün də aktual və həyati əhəmiyyət daşıyır: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dovləl dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.
Ulu Öndərin bu fikirləri isə hər birimiz üçün bir vətəndaşlıq borcudur: “Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
Beləliklə də Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi işlək istifadəsi, saflaşması və zənginləşməsi üçün ciddi strateji xəttin təməlini qoyub. Ümummilli Liderin ana dilinin yaşaması üçün ortaya qoyduğu cəsarət, bu yolda verilən qərarlar, imzalanan sənədlər, dilimizin gözəlliyi barədə səsləndirdiyi müdrik fikirlər, misilsiz xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq.



